Azərbaycanda əməliyyatlar getdikcə təhlükəşir

Səhiyyə

3 764

Azərbaycanda əməliyyatlar getdikcə təhlükəşir Azərbaycanda estetik əməliyyat etdirmək istəyənlərin sayında ilbəil artım müşahidə olunur. Estetik əməliyyata marağın çoxalması isə müəyyən problemlər doğurmaqdadır. Məsələn, estetik əməliyyat üçün müraciət edən xanımların yaşı 12-yə enib, uğursuz əməliyyatların sayı çoxalıb və s.
Mövzumuzla bağlı suallarımızı cavablandıran plastik, estetik və rekonstruktiv cərrah Araz Salmanov bildirdi ki, estetik əməliyyatlara maraq ilbəil artmaqdadır: “Ümumiyyətlə, cəmiyyət inkişaf etdikcə, estetik əməliyyat üçün müraciət edənlərin sayı çoxalır. Təbii ki, ölkədəki iqtisadi böhran estetik əməliyyat etdirmək istəyənlərin sayına mənfi təsir edir. İnsanların maddi vəziyyəti yaxşılaşdıqca estetik əməliyyatlara maraq da artır”. Onun sözlərinə görə, estetik əməliyyat üçün müraciət edənlər arasında 12-35 yaşlı insanlar çoxluq təşkil edirlər: “Amma hər estetik əməliyyatın özünün yaş həddi var. Ona görə 17 yaşdan aşağı olanları estetik əməliyyat etmirik”. A. Salmanov onu da əlavə etdi ki, ona müraciət edənlərin 25-30%-i uğursuz estetik əməliyyatın qurbanıdır: “Hətta xarici ölkələrdə belə estetik əməliyyatı uğursuz keçən və ikinci əməliyyat üçün bizə müraciət edən xəstələrimiz var”. A. Salmanovdan öyrəndik ki, estetik əməliyyat üçün müraciət edənlərin 30%-ni kişilər təşkil edirlər: “Kişilər də, qadınlar da ən çox burun əməliyyatları üçün müraciət edirlər. Hazırda Azərbaycanda ən çox burun estetik əməliyyatı həyata keçirilir”.
“İkinci estetik əməliyyat üçün müraciət edənlərin 99%-i qeyri-ixtisas həkimlərin qurbanlarıdır”
Conflict.az milli.az-a istinadən xəbər verir ki, Azərbaycanda həyata keçirilən uğursuz estetik əməliyyatlar barəsində də danışan müsahibimiz bunları dedi: “Bu sahədə müşahidə olunan problemlərin böyük əksəriyyəti həkimdən qaynaqlanır. Belə ki, bir çox qeyri-ixtisas həkimləri estetik əməliyyatlara cəhd edirlər. Onlar hesab edirlər ki, bu əməliyyat növü çox asandır və gəlirlidir. Qeyri-ixtisas həkimlərinin etdikləri estetik əməliyyatların fəsadı ağır olur. Bizə ikinci estetik əməliyyat üçün müraciət edənlərin 99%-i qeyri-ixtisas həkimlərinin qurbanıdır”.
“10-15% estetik əməliyyatlarda cərrahın peşəkarlığından asılı olmayaraq, ikinci əməliyyata ehtiyac yaranır”
Estetik əməliyyat zamanı ən çox müşahidə olunan problemlərdən danışan A. Salmanov söylədi ki, bəzi hallarda estetik əməliyyat nəticəsi ilə xəstənin istəyi üst-üstə düşmür: “Sözsüz ki, burada həkimin peşəkarlığının böyük əhəmiyyəti vardır. Bununla yanaşı, estetik cərrah gərək psixoloji problemi olan xəstələri qəbul etməsin. 10-15% estetik əməliyyatlarda cərrahın peşəkarlığından asılı olmayaraq, ikinci əməliyyata ehtiyac yaranır”. Müsahibimiz sonda onu da qeyd etdi ki, xəstə ehtiyacı olduğu qədər estetik əməliyyat olunmalıdır.
“Estetik cərrahlar çox vaxt xəstələrinə psixoloji dəstəyin göstərilməsində maraqlı olmurlar”
Psixoloq Elnur Rüstəmov isə mövzumuzla bağlı bunları dedi: “Estetik əməliyyatlara marağın çoxalmasına birtərəfli yanaşmaq doğru deyildir. Çünki bir qrup insanlara estetik əməliyyat, həqiqətən də, lazımdır. Belə ki, üz-gözündə müəyyən qüsuru olan adamlarda ciddi kompleks olur. Estetik əməliyyat etdirmək istəyi hər bir insanın şəxsi işidir və ona müdaxilə etmək də düzgün deyil”. E. Rüstəmov onu da əlavə etdi ki, estetik əməliyyatın dəbə çevrilməsi müəyyən problemlər doğurur: “Estetik əməliyyatlara marağın çoxalması bu işi gəlirli biznesə çevirməkdədir. Belə olan halda da, estetik əməliyyatla məşğul olan saxta həkimlərin də sayı çoxalır. Məhz bu səbəbdən də estetik əməliyyat etdirmək istəyən kəslər həkimlərini ciddi şəkildə araşdırmalıdırlar. İndiki dövrdə bunu etmək o qədər də çətin deyil”. Bir qisim insanın heç nədən estetik əməliyyat etdirdiyinə də diqqət çəkən müsahibimiz sözlərini belə davam etdirdi: “Belə insanlar, adətən, psixoloji problemləri olan insanlardır. Onlar hesab edirlər ki, estetik əməliyyat ilə üzləşdikləri problemləri - ərə getmək, yoldaşının onu sevməməsi və s. yoluna qoya biləcəklər. Elə insan var, 10 dəfə estetik əməliyyat etdirir. Belə məqamlarda məsuliyyət həkimin üzərinə düşür”. Estetik əməliyyat keçirilən klinikalarda psixoloji dəstək göstərilməlidir: “Təəssüflər olsun ki, estetik cərrahlar çox vaxt xəstələrinə psixoloji dəstəyin göstərilməsində maraqlı olmurlar. Çünki onlar hesab edirlər ki, xəstənin estetik əməliyyat olunmaqdan imtina etməsi gəlirlərinin azalmasına səbəb olur”.
“Müalicə məqsədi ilə edilən estetik əməliyyatlara dinimizdə icazə verilir”
“Meneviyyat.az” saytının baş redaktoru Rövşən Məmmədov isə bildirdi ki, müalicə məqsədi ilə edilən estetik əməliyyatlara dinimizdə icazə verilir: “Belə ki, xəstəlik səbəbi ilə saçı tökülənlərin, qəza nəticəsində burun, qulaq, göz kimi orqanlarını itirənlərin və ya bədənində anadangəlmə, yaxud da sonradan əmələ gələn qüsurları olanların estetik əməliyyata girməsi bir növ müalicədir və fitrəti pozmur. Belə hallarda da insanların öz fikirlərindən çox, həkimlərin və mütəxəssislərin məsləhətinə müraciət etməsi daha məqsədəuyğundur. Əks halda, insan nəfsani arzulara uyub, müəyyən çərçivədə icazə verilən bu əməliyyatlarda həddi aşar ki, bu da son dərəcə təhlükəlidir”.