Nazir və MTRŞ “Maşın şou”da küçə rəzalətinə niyə “göz yumur” ? - Skandal

Mədəniyyət

221

Nazir və MTRŞ “Maşın şou”da küçə rəzalətinə niyə “göz yumur” ? - SkandalXalq artisti adı almış Murad Dadaşovun layihəsi olan “Maşın şou”-da hər gün iştirakçılar arasında qalmaqal yaşanır, canlı yayımda küçə jarqonunda, söyüş leksikonunda danışırlar

FİA.Az-ın verdiyi xəbərə görə, 4 iyunda canlı efir zamanı qalmaqal baş verib. Bu dəfə müğənni Roza Zərgərli ilə aparıcı İlhamə arasında söz davası baş verib.

Roza İlhamənin səhiyyə işçilərindən səs istəməsinə qəzəblənib və onun ağır vəziyyətdə olan işçisini işdən çıxardığını bildirib.

Bu sözləri eşidən İlhamə Rozaya düz danışmadığını söyləyib. Bu söz-söhbətlər fonunda qəfil veriliş dayanıb və bir neçə saniyəlik fasilə yaranıb.

Daha sonra efir yenidən başlayıb və nəticələr açıqlanıb. Yəni, canlı efirdə nə qədər biabırçılıq yaşanır ki, yayımı müvəqqəti dayandırmalı olurlar.

Amma nə Milli Teleradio Şurası (MTRŞ), nə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ATV rəhbərliyi, M.Dadaşova xəbərdarlıq edilir, tövsiyyələr verilir.

MTRŞ hər gün canlı yayımda baş verən bu rəzalətə, müğənnilərin, aparıcılar, sənətçi adlanan şəxslərin danışıq tərzi ilə bağlı monitorinq aparmır.

Eyni zamanda nazirlik müdaxilə imkanı olmasa belə, yenicə xalq artisti adını almış M.Dadaşova və ATV rəhbərliyinə tövsiyyə xarakterli ismarıclar verə bilər.

N.Məhərrəmli tez-tez şou proqramlardan, bayağılıqdan danışır. Amma “Maşın şou” bayağılıq əndazəsini aşmaqdadır.

Müğənnilər və aparıcılar cəmiyyətə nümunə olmaq yerinə, canlı efirdə xalqın qarşısında ağzına gələni danışır, vağzal, bazar səviyyəsində replikalardan istifadə edirlər.

FİA.Az xəbər verir ki, M.Dadaşov xalq artistidirsə, şou layihəsini çərçivəyə salmalı, cəmiyyətdə çəkisi, nüfuzu olan sənət adamlarından yarışa dəvət etməlidir.

Bu da olmursa və əsasən gündəmdə qeyri-sənəti ilə qalanları dəvət edirsə, ən azı onlara danışığına diqqət yetirməyi məsləhət etsin.

“Maşın” realiti şousunda da çox təəssüf ki, aparıcı olan şəxslər efirdən vulqar ifadələr səsləndirirlər.

Amma problemlər yalnız bu deyil. Televiziyalarda çox veriliş var ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrini, xüsusən də ziyalıları, yaradıcı kəsimi qane etmir.

Müxtəlif dövrlərdə bunun səbəblərini araşdırmışıq. Əsas səbəb odur ki, televiziyalar reytinq arxasınca qaçır. Bəzi hallarda isə onlar yalançı reytinq göstəricilərinin köləsinə çevrilir.

Milli-mənəvi dəyərlərə, Azərbaycan mentalitetinə, əhalinin tələbatına, ayrı-ayrı zümrələrin ehtiyaclarına söykənərək yaxşı verilişlər yaratmaq, ən yaxşı nümunələri ekrana çıxarmaq əvəzinə daha çox sensasiya, bayağı şou arxasınca qaçırlar.

Bu da cəmiyyətin haqlı olaraq televiziyalardan narazı qalmasına gətirib çıxarır və bunu nümayiş etdirir.

Cəmiyyət, dövlət, bütün əhali, idarəçiliyi həyata keçirən hakimiyyət televiziyaların ideoloji işinə, onun tərbiyə, mənəviyyatın qorunması, yaşadılması, təbliğ olunması funksiyalarına daha çox ehtiyac duysa da, televiziyalar bir kommersiya strukturu kimi yaranıb.

Özəl televiziyalar fəaliyyətlərini əsasən reytinqli, pul, reklam gətirən verilişlərə yönəldir. Ona görə də dövlətin bunlara müdaxiləsi lazımdır.

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az