Miri Yusifin xanımı: "Anam deyirdi ki, elə beləsinə də gedəcəksən"

Mədəniyyət

295

Miri Yusifin xanımı: "Anam deyirdi ki, elə beləsinə də gedəcəksən"Həyatın 6 ili uzun müddət kimi görünməyə bilər. Ancaq Nərgiz Mirbabayeva üçün bu illər əhəmiyyətli olub. Axı həmin müddət ərzində o emosional, çılğın bir qız uşağından mühakimə etməyi bacaran, anlayışlı həyat yoldaşı və qayğıkeş ana olmağa doğru uzun bir yol gedib.

Lady Day.Az-ın budəfəki qonağı populyar müğənni Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayevadır.

Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Nərgiz, sizin Miri Yusiflə tanışlığınız qeyri-adi əhvalatdır. Bizimlə də bölüşün.

- Tanışlıqdan bir gün əvvəl bir-birimizi Röyanın konsertində görmüşük. Bununla da hər şey başa çata bilərdi, ancaq elə olmadı. Səhəri gün qardaşım təklif etdi ki, onunla birlikdə dostugilə qonaq gedək. Həmin ailə qızlarının ali məktəbə daxil olmağını qeyd edirdi. Getməyə razılaşdım. Ancaq mənim qardaşımın dostu ötən gün konsertdə gördüyüm oğlan idi. Donub qalaraq, üzümüzdə səfeh təbəssümlə bir-birimizə baxdıq. Sən demə, konsertdən sonra hər ikimiz bir-birimiz haqda düşünürdük.

- Siz Miri Yusifi tanımamışdız?

- Məsələ burasındadır ki, mən bir neçə il Türkiyədə oxumuşam. Ona görə də bizim şou-biznesdə baş verənləri bilmirdim. Bir zamanlar Miri Yusifin də olduğu "Dəyirman" qrupuna qulaq asırdım, ancaq ağlıma gəlmədi ki, bu odur.

Mən heç vaxt fanat olmamışam, bütün gənclər kimi mən də "Dəyirman"ı dinləyirdim. Elə vaxt olurdu ki, bütün günü onların "Avara" mahnılarını dinləyirdim. Bu mahnını oxuyanda anam deyirdi ki, elə beləsinə də gedəcəksən. Kimin ağlına gələrdi ki, onun sözləri həqiqət olacaq (gülür). Onun səsi həmişə mənə doğma gəlirdi. Mənə elə gəlirdi ki, bu səsdə qəlbin harayı var.

Həmin axşam bir-birimizə nömrələrimizi verdik, səhəri gün yenidən qonaqlıqda görüşdük, bir həftədən sonra evlənmək qərarına gəldik.

- Bir həftə sonra?! Hadisələr belə sürətlə inkişaf etdi?

- Bəli, anladım ki, öz adamımı tapmışam. Həmin vaxt biz artıq uşaqlar haqqında danışırdıq.

- Bu gözlənilməz qərar haqda valideynlərinə necə dedin? Onların reaksiyası necə oldu?

- Anam bilirdi ki, biz ünsiyyət qurmağa başlamışıq, ancaq bu onun xoşuna gəlmirdi. Çünki mən artıq Türkiyəyə getməkdən, təhsilimi davam etdirməkdən imtina edirdim. Tanışlığımızın dördüncü günündə görüşdük, çox şey haqda danışdıq. Belə qərara gəldik ki, hər birimizin öz həyatımız var. Bizdə heç nə alınmayacaq. Mən də təhsilimi davam etdirmək üçün Türkiyəyə qayıtmalıyam. Ancaq razılaşdıq ki, bizi bir-birimizə çəkən nəsə olsa, etiraf edəcəyik. Səhəri gün qərara gəldik ki, birlikdə olmaq istəyirik və anama demək qərarına gəldik. Bir neçə gün sonra Yusifi qardaşım qızının bağda keçirilən ad gününə çağırdım. Yusif hədiyyə və güllərlə gəlmişdi. Atam ilk dəfə məndən Yusif haqqında soruşanda demişdim ki, o, repçidir. Atam da dedi ki, "Get işinlə məşğul ol" (gülür). Ancaq həmin axşam atam, dostları, qardaşları və digərləri Yusiflə ünsiyyətdə olmuşdular, əlbəttə ki, onun barəsində rəyləri də dəyişmişdi. Yusifin valideynləri isə həmin vaxt istirahətdə idilər. Tez qayıtmalı oldular ki, nişanımız baş tutsun. Çünki Yusif toya tələsirdi.

- Necə və nə vaxt sizə evlilik təklif etdi?

- Təklif tanışlığın 4-cü günündə telefonla edilmişdi. Həmin vaxt uşaqlarımıza nə ad verəcəyimizi düşünürdük. Yusif hələ də deyir ki, mən imkan verməmişəm ona evlilik təklif etsin, mən özüm eləmişəm (gülür). Bir aydan sonra isə toy oldu.