Dostunun xalasına görə bıçağa əl atdı – “Gedək çayın qırağına...”

Kriminal

124

Dostunun xalasına görə bıçağa əl atdı – “Gedək çayın qırağına...”Quba rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Rəşad Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki “Damba” adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

“Elvinin xalası əxlaqsızdır”

Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısasçılıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu, kişilərlə gəzdiyini deyib.

Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki “Panorama” çay evinə gəliblər.

Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.

İstintaq orqanı Rəşad Hacıyev barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edib.

“Aramızda sözlə mübahisə düşsə də...”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Hacıyev özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.

O bildirib ki, Orxan Süleymanovla əvvəllər yaxın dostluq münasibəti olub: “Təxminən iki-üç il əvvəl bir dəfə Orxanla söhbət zamanı mənə dostu Elvin Əkbərovun xalası haqqında “gəzəyəndi” sözünü demişdi.

Həmin vaxt Orxanın Elvinin xalası haqqında nalayiq ifadələrə görə aramızda sözlə mübahisə düşsə də, söhbət bununla yekunlaşdı”.

Rəşad Hacıyev qeyd edib ki, fevralın 17-də, axşam saat 23 radələrində Elvinlə onun işlətdiyi “NZS” çay evində söhbət edərkən Orxan barədə söhbət düşüb: “Elvinə Orxanın heç də yaxşı oğlan olmadığını dedim. Elvin nə problem olduğunu soruşdu. Orxanın onun xalası haqqında xoşagəlməz ifadə işlətdiyini bildirdim.

Elvin Orxanla söhbət edəcəyini dedi. Mən Orxanla təklikdə deyil, mənimlə bir yerdə söhbət eləməsini xahiş etdim”.

“Yadına gəlir, Samirin çayçısında elədiyin söhbət?”

Rəşad Hacıyevin sözlərinə görə, səhəri gün Elvinlə birlikdə Orxanla söhbət edəcəklərini planlaşdırıblar: “Həmin gün o, saat 14 radələrində Orxanla təklikdə söhbət etdi və mənə zəng vuraraq görüşmək istədiyini söylədi. Elvinin Orxanla görüş təyin etməsindən məlumatsız olmuşam. Bu səbəbdən Elvinlə görüşüb, Orxanla söhbət edəcəklərini fikirləşdim. Lakin Elvinin avtomobilinə oturan zaman Orxanla artıq danışdığını, lakin Orxanın dediyi sözü boynuna almadığını söylədi.

Əvvəlcə biz Elvinin işlətdiyi çay evinə gəldik. 5-10 dəqiqə orada çay içdikdən sonra birlikdə Orxanın işlədiyi “Panorama” çay evinə getdik. Çay evinə daxil olarkən orada 3-4 nəfər müştəri, həmçinin Orxanın dostu Murad var idi.

Orxan bizə yaxınlaşdı və küncdə yerləşən axırıncı otağa keçdik. Mən Elvinlə yanaşı, Orxan isə qarşımızda əyləşdik. Orxan oturan kimi sol qolunu stolun üzərinə qoydu, sinəsini və başını özündən razı şəkildə mənə yaxınlaşdırıb, yüksək səs tonu ilə “nə olub, nə söhbətdi?!” deyə soruşdu.

Mən isə “yadına gəlir, Samirin çayçısında elədiyin söhbət?” deyə bildirdim. Orxan yenə yüksək səs tonu ilə özündən razı şəkildə “hə-ə, bayırdakı söhbət?” soruşduqda, mən də Orxana “hə bayırdakı söhbət, özü də mənimlə bir az yavaş danış” dedim.

Bu zaman Orxan gözləmədiyim halda ayağa qalxaraq nalayiq söyüşlə ifadələr işlətdi, sağ gözümə yumruq atdı. Həm Elvin, həm də ətrafdakılar bizi ayırdılar”.

“Sən mənim peysərliyimi görmüsən?”

Rəşad Hacıyevin ifadəsinə görə, bundan sonra o, çay evindən çıxaraq Orxanı çölə çağırıb və Elvindən avtomobilinin açarlarını istəyib: “Elvin məndən hara gedəcəyimizi soruşdu. Ona “heç kəs gəlməsin, Orxanla söhbət eləyib, gəlirik” deyə bildirdim.

Sonra Orxan avtomobilə oturdu və maşını Qudyalçayın sahilinə “Damba” adlanan yerə sürdüm. Orada Orxana “sən mənim peysərliyimi görmüsən? İndi sənə bu sözünü yedizdirəcəm” dedim və sonra onun sinəsindən vurdum.

Zərbədən Orxan arxaya tərəf büdrədi. İşdə limon doğramaq məqsədilə axşamdan cibimə qoyduğum bıçağı çıxardım, Orxana yaxınlaşaraq yaxasından tutdum. Orxan əlimdəki bıçağı gördü və mənə “bıçaqla dava etmək olmaz” dedi. Mən də söyüş söymək olmaz dedim və bıçaqla ardıcıl olaraq üç dəfə Orxanın qarın nahiyəsindən vurdum”.

“Bir də söyüş söymə”

Rəşad Hacıyev deyib ki, həmin vaxt Orxan zərbələrin təsirindən yıxılıb və yerdə ona müqavimət göstərib: “Sonra Orxan qalxaraq Mirzəmməd kəndi istiqamətində qaçdı. Bu zaman dostum Elvinlə Muradın və tanımadığım bir nəfərin qaça-qaça bizə tərəf gəldiyini gördüm.

Orxanın arxasınca “Nalayiq ifadələr qışqıraraq qaçma” dedim. Elvin yanıma çatanda nə etdiyimi soruşdu, mən də Orxanı bıçaqla vurduğumu bildirdim. Elvin Orxanın yanına getdi. Murad və yanındakı tanımadığım şəxs də onların dalınca getdilər. Orxanı maşına tərəf gətirdilər, mən ona tərəf yaxınlaşmaq istədim. Lakin Elvin Orxanı vuracağımdan ehtiyat etdi, əli ilə məni itələdi. Bundan sonra Orxan avtomobilə mindi. Mən də avtomobilə yaxınlaşaraq qapını açdım və Orxana “bir də söyüş söymə”- deyə bildirdim.

Muradla yanındakı oğlan Orxanı xəstəxanaya apardılar. Hadisədən sonra Elvinlə birlikdə işlədiyim “NZS” çayxanasına gəldik. Orada çay içib, siqaret çəkdikdən sonra Elvindən məni polis şöbəsinə aparmağı xahiş etdim. Şöbədə törətdiyim cinayəti etiraf etdim”.

O, ifadəsində Orxanı söyüş söydüyü üçün vurduğunu, hər dəfə zərbə vuran da “söyüşə görə adamı belə vururlar” sözlərini dediyini söyləyib.

Cəza

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Rəşad Hacıyevin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Hökmdən narazı qalan Rəşad Hacıyev apelyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsüf edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edib.

Rəşad Hacıyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Apelyasiya şikayəti təmin olunmayıb.