Tarix : 11-09-2017, 11:09 | Bölmə: Iqtisadiyyat |
70 dövlət əmlakı hərraca çıxarılır –384 manata avtomobil təklif olunurƏmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 10-da növbəti hərrac keçirəcək.

Komitədən verilən məlumata görə, hərraca 70 dövlət əmlakı çıxarılacaq. Bunlardan 20-i səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Cəlilabad, Balakən, Şəmkir, İmişli, Göyçay, Samux və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə olan Əmlak Kompleksi, paytaxtın Xəzər rayonunda yerləşən 7 saylı Stomatoloji poliklinika, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Balakəndə olan Əmlak Kompleksidir. 715 min manata təklif olunan müəssisənin torpaq sahəsi 38 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 11 min kv.m-dən çoxdur. Bundan başqa, Sumqayıtda yerləşən Əmlak Kompleksi 487 min 500 manata, Bakının Xəzər rayonunda olan “Mərdəkan” kafesi isə 300 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında paytaxtın Sabunçu rayonunda yerləşən 7 saylı kafeni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 7-i paytaxtda, qalanları isə Gəncə şəhərində, Kürdəmir və Ağstafa rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Bu əmlak 187 min 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 600 kv.m arasında dəyişir.

Hərraca daha az investisiya tələb edən əmlaklar da çıxarılıb. Bunlardan Gəncə şəhərində yerləşən, sahəsi 210 kv.m-ə yaxın olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 15 min manat təşkil edir. Həmçinin, Ağstafada yerləşən sahəsi 125 kv.m, ilkin start qiyməti 10 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Müxtəlif növ nəqliyyat vasitələri də hərracda özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin əksəriyyəti kənd təsərrüfatında istifadə edilən traktorlar, kombaynlardır. Buraxılış tarixi isə 2005-2006-cı illəri əhatə edir. Avtomobillərin ilkin start qiyməti 384 manatla 30 min 230 manat arasında dəyişir. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Zaqatala Fındıq”, “Sabirabad Mexanikləşdirmə”, “Ağsu Sənaye İnşaat”, “Lənkəran Taxıl”, “Beyləqan Buzxana ”, “Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var.

dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla