Gələn il bankların azı 10-15-i mütləq bağlanacaq

İqtisadiyyat

242

   Gələn il bankların azı 10-15-i mütləq bağlanacaq

Ölkədə problemli kreditlərin həcmi artır. Bank sistemi ciddi təhlükə qarşısındadır. Beynəlxalq qiymətləndirmə agentliyi olan “Standard & Poor’s” Azərbaycan bank sisteminin risk dərəcəsini “ən yüksək” kimi qiymətləndirib. Ekspertlər tezliklə ölkədə bankların bağlanacağının anonsunu verirlər.


Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirdi ki, problemli kreditlərə görə birinci yerdə Beynəlxalq Bank gəlir: “Söhbət bir neçə milyarddan gedir. Yəqin ki, yaxın aylarda dəqiq rəqəmi elan edərlər. İkinci yerdə ”Paşa Bank"dır - 139 milyon. Üçüncü “Bank of Baku”dur - 83 milyon. Dördüncü VTB-dir (Azərbaycan) - 54 milyon. Beşinci “Bank Respublika”dır ki, 33 milyon problemli krediti var. Digərlərində bu rəqəm 30 milyondan azdır. Amma ümumən aktivləri də azdır. Buna görə də problemli kreditlərinin həcmi onlar üçün də dəhşətli səviyyədədir.

Bəs problemli kreditlərin həcmi niyə artır? Əvvəla, ona görə ki, əhalinin gəlirləri azalır, sahibkarlar müflis olur. Yəni ümumi iqtisadi durum pisləşdikcə əhali və biznes kreditləri qaytara bilmir. Digər tərəfdən, devalvasiya da həlledici rol oynayır. Onun nəticəsində kredit qalıqları artıb və borclular sadəcə, ödəniş qabiliyyətini itirib. Banklar bunun təsirini azalda bilərdi əgər güzəştə getsəydilər. Amma getmədilər və nəticədə vəziyyətlərini ağırlaşdırdılar. Təbii, vacib amillərdən biri də bankların özlərində korrupsiya, qeyri-peşəkarlığın hökm sürməsidir. Normal idarəetmə yoxdur. Kimə gəldi, necə gəldi kredit veriblər. Problemli kreditlərin həcmi artdıqca banklara etibar da azalır. Axı banklar öz pullarını deyil, əmanətçilərin pulunu kredit verir və nəticədə batırır. Buna görə də əmanətçilər əmanətlərini geri çəkir".

Ekspertin sözlərinə görə, böyük ehtimalla, yaxında bu vəziyyət bir neçə digər bankda da müşahidə olunacaq: “Buna görə də əhali əmanətlərini daha da sürətlə çıxarmağa başlayacaq. Yəni problemli kreditlərin artması əmanətlərin çıxarılmasını sürətləndirir və bankları müflis edir. Statistikanı gizlətdikləri üçün demək çətindir, istənilən halda, gələn il bankların azı 10-15-i mütləq bağlanacaq”.

Ekspert qeyd edib ki, bəzi banklar artıq xeyli müddətdir ki, əmanətləri qaytarmır və Mərkəzi Bank buna göz yumur: “Digər tərəfdən, Mərkəzi Bank artıq 4 aydır ki, bank sektoru üzrə statistikanı gizlədir. Xatırladıram ki, mart-may ayları ərzində banklardan 331 milyon manatdan çox əmanət çıxarılıb. Məhz bundan sonra Mərkəzi Bank statistikanı gizlətməyə başladı. Allah bilir, son 4 ayda banklar nə qədər əmanət itirib. ”Standard & Poor’s"-dan gələn xəbər əmanətlərin banklardan çıxarılması prosesini daha da sürətləndirə bilər".

Ekspert Natiq Cəfərli isə bildirib ki, problemli kreditlər ölkədə hər ay artır: “2015-ci ilin yanvar ayının 1-ə 900 milyondan bir az çox olan problemli kredit vardı. İndi artıq 1,5 milyard manatı keçib. Burada fevral devalvasiyası da önəmli rol oynadı”. Onun sözlərinə görə, bank sistemində olan qeyri-müəyyənlik, yayılan xəbərlər, informasiya fonu insanlarda banklara olan güvəni xeyli zədələyib: “Məhz buna görə də vətəndaşlar banklardan depozitləri çəkməyə başlayıblar. Bankların əsas dövriyyə mənbəyi məhz depozitlərdir, onların azalması təbii ki, bankların ümumi dövriyyəsinə, kredit gücünə təsir göstərir. Ümumiyyətlə, yaxın gələcəkdə bank sektorunda stressli vəziyyət davam edəcək, hətta artacaq, bəzi bankların bağlanması, ya da birləşdirilməsi prosesləri olacaq”.müsavat.com
Conflict.az