“MB müdaxilə etməsə, BOKT-lar bağlanacaq”

İqtisadiyyat

177

“MB müdaxilə etməsə, BOKT-lar bağlanacaq” Mərkəzi Bank prosesə müdaxilə etməsə, bir qisim bank olmayan kredit təşkilatları bağalana bilər.

Bu sözləri açıqlamasında bank olmayan kredit təşkilatlarının (BOKT) güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciətinə münasibət bildirərkən iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu müraciət BOKT-ların MB-dən kredit cəlbinə ehtiyacının olduğunu gündəmə gətirir:

“Bank olmayan kredit təşkilatları mikro kreditlərin verilməsi ilə məşğuldur və əmanət cəlb etmir. Əmanət cəlb etmədən müxtəlif daxili və xarici mənbələrdən vəsaitlər cəlb edərək onu mikro-kreditlər formasında vətəndaşlara təqdim edirlər. MB tərəfindən istehlak və mikro-kreditlərin faiz dərəcələrinin məhdudlaşdırılması BOKT-lara yüksək faizlə, istehlak kreditləri üzrə 29, mikro-kreditlər üzrə 25 faizdən yüksək olmamaq üzrə kreditlər təklif etməyə imkan vermir. Bank olmayan kredit təşkilatların cəlb etdiyi vəsaitlərin bir qismi bahalı olduğundan, nisbətən aşağı faizlə təklif yüksək gəlir əldə etməyə imkan vermir. Buna görə də BOKT-lar MB-yə mərkəzləşdirilmiş kredit resursları ilə bağlı müraciət edib. MB isə BOKT-lara bu kreditləri vermir. Mərkəzləşdirilmiş kreditlər məhz banklara təqdim olunur. Bu da bir məsələni gündəmə gətirir ki, BOKT-ların MB-dən kredit cəlbinə ehtiyac var. Çünki MB-nin ucuz kreditləri bu təşkilatlara nisbətən daha ucuz vəsaitlər cəlb etməyə və faiz dərəcələrinin məhdudlaşdığı indiki halda mənfəətlərini qoruyub saxlamağa imkan verəcək. Əgər MB prosesə müdaxilə etməsə, BOKT-ların bir qismi bağlanacaq”.

İqtisadçının sözlərinə görə, bank olmayan kredit təşkilatlarının bağlanması mikro-kredit bazarında təkliflərin azalmasına gətirib çıxara bilər:

“Çünki belə təşkilatlar coğrafi baxımdan kifayət qədər geniş miqyasda fəaliyyət göstərir. Bu baxımdan da BOKT-ların bazardan çıxarılması arzu olunan deyil. Bu, mikro-kredit bazarında təklifin azalmasına gətirib çıxara bilər. 2014-cü ildə belə təşkilatların sayı 160 idi. Hazırda isə 157-dir. Bu azalmaların davam edəcəyi istisna deyil. Çünki mövcud şəraitdə onların təklif etdiyi kreditlərin geri qaytarılması ilə bağlı problemlər, problemli kreditlərin həcmindəki artımlar və indiki faizlərin tənzimlənməsi bu təşkilatlara birbaşa təsir göstərir”.

Qeyd edək ki, bankların ardınca bank olmayan kredit təşkilatları (BOKT) güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
Conflict.az