Ərini kürəyindən bıçaqlayıb öldürən qadın: "İşgəncə verirdi"

Hadisə

58

Ərini kürəyindən bıçaqlayıb öldürən qadın: "İşgəncə verirdi""Bədənimi yandırırdı...” ərini öldürən qadın

Ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V.Orucova özünü qismən təqsirli bilib. O məhkəmədə deyib ki, əri tərəfindən işgəncəyə məruz qalıb: "Məni dəfərlə döyüb, işgəncə verib. Bədənimi yandırırdı. Hadisə günü mübahisə elədik. Rövşən əlində bıçaqla üstümə gəldi. Bir anlıq bıçaq əlindən düşdü. Həmin vaxt bıçağı götürüb onu vurdum”.

Mərhumun atası məhkəmədə deyib ki, gəlininin adını bilmədiyi diş həkimi və taksi sürücüsü ilə münasibətinin olduğunu eşidib.

Vəfa Orucova bu ittihamı qəbul etməyib və bildirib ki, həmin diş həkimini ərinə görə tanıyıb: "Rövşən mənə dedi ki, yaxşı həkimdir, sən də dişlərini elə ona düzəltdirərsən. Sonra Rövşən onu bir dəfə də bizim evə gətirdi. Hətta baldızımın da dişlərini müayinə etdi. Onunla heç bir münasibətim olmayıb".

V. Orucova deyib ki, taksi sürücüsünü məhəllədə yaşayan şəxs kimi tanıyıb: "Mən təcili yardıma zəng elədim. Fikirləşdim ki, gec gələcək. Ona görə də taksiyə zəng elədim ki, gəlsin və Rövşən xəstəxanaya tez çatdıraq. Ona zəng etmək məqsədim bu idi".

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabrın 24-də baş verib.

Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun arvadı Vəfa Orucova saxlanılıb.

İttihama görə, Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevlə qısqanclıq zəminində mübahisə edib. Məlumata görə, Musayev həyat yoldaşının başqa şəxslərlə münasibətinin olmasından şübhələnib. Bu səbəbdən onlar arasında mübahisə başlayıb. Musayev həyat yoldaşını döyməyə başlayıb. Vəfa Orucova mətbəxdən götürdüyü bıçaqla Rövşən Musayevin kürək nahiyəsindən vurub. Musayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.