ARB-dən sərt bəyanat: Qovulmuş işçilərin əməlləri...

Hadisə

176

ARB-dən sərt bəyanat: Qovulmuş işçilərin əməlləri...Qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı ARB-24 hər ötən gün daha çox tamaşaçı kütləsi toplamağı bacarır. 24 saat ərzində ölkə və dünya gündəmini, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edən telekanal həm də rəsmi Yutub, Feysbuk və İnstaqram sosial hesabları ilə də izləyicilərini daima məlumatlandırır.

Kult.az xəbər verir ki, bu sözlər ARB-24-ün keçmiş əməkdaşlarının telekanal adından sui-istifadə etməsi ilə bağlı yaydığı açıqlamasında qeyd olunub.

“Ancaq ARB-24 telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz saxta səhifələr yaradan, ünvan kimi kanalın faktiki ünvanını qeyd edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Araşdırmalar nəticəsində bu hesabları ARB-24-dən qovulmuş əməkdaşların idarə etdiyi müəyyən edilib”, – məlumatda bildirilib.

Məsələ ilə bağlı ARB-24-ün mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlamasında qeyd edib:

"Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, telekanala aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı qara piar xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər.

İzləyicilər ARB-24-ün rəsmi www.24.arbtv.az saytından Feysbuk, İnstaqram və Yutub hesablarına keçid işarə düymələrindən istifadə ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər".