“Şəkli Feysbukda idi, qardaşına, dədəsinə dedim ki...” – Namus üstündə qətl

Hadisə

117

“Şəkli Feysbukda idi, qardaşına, dədəsinə dedim ki...” – Namus üstündə qətlSumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Rəfail Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il mayın 16-da Sumqayıt şəhəri 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakini Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Rəfail Feyziyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə sərbəst ifadə verən Rəfail Feyziyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, həyat yoldaşını qeyrət-namus üstündə öldürüb: “Arvadım pis yola düşmüşdü, əxlaqsızlıq edirdi. Onun qardaşına, valideyninə bu barədə məlumat verdim. Dedim ki, Rafət pis yoldadır. Amma ailə üzvləri tərəfindən onun barəsində tədbir görülmədi”.

Rəfail Feyziyev qeyd edib ki, Rafətin şəkilləri sosial şəbəkələrdə olub: “Yoldaşım sonradan deyirdi ki, kimsə onu narahat edir, ünsiyyət qurmağa vadar edirdi. Mən bunu araşdırdım, bu barədə polisə də məlumat verdim. Ancaq yenə bir iş görülmədi. Şəkilləri sosial şəbəkədən götürüb, yoldaşıma göstərdim. O da qayıtdı ki, əcəb eləmişəm, yaxşı eləmişəm. Bundan sonra cib bıçağımla onu qətlə yetirdim”.

Rəfail Feyziyev qeyd edib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.