Şahdağ Milli Parkında yanğın - Yeniləndi » Conflict.az

Şahdağ Milli Parkında yanğın - Yeniləndi

Hadisə

151

Şahdağ Milli Parkında yanğın - Yeniləndi Şahdağ Milli Parkında yanğın başlayıb.

Conflict.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.

Hal-hazırda əməliyyat davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğın 16 avqust 2015-ci il tarixdə saat 18:00 radələrində Şahdağ Milli Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində yerləşən meşə sahəsində baş verib.

Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.

Qeyd edək ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.

İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

***

İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb.

Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib.

Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və meşə zolağında ağaclar yanıb. FHN-in İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.
Conflict.az