4 avtomobil qəzası: 3 ölü, 5 yaralı

Hadisə

307

4 avtomobil qəzası: 3 ölü, 5 yaralı Yüksək sürət, sükan arxasına sərxoş vəziyyətdə əyləşmək və sair. Bunlar faciəvi yol qəzalarının baş verməsində üstünlük təşkil edən amillərdəndir. Şimal regionunda baş verən 4 avtomobil qəzasında 3 nəfər dünasını dəyişib, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xaçmaz-Qımılqışlaq-Mollaburhan kənd avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 28 yaşlı, Xaçmaz rayon Qımılqışlaq kənd sakini Vüsal Səfərovun idarə etdiyi 27 BA 251 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Şabran rayonu ərazisində də ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Şabran - Ərəblər yolunda qeydə alınıb. 46 yaşlı Xaçmaz rayon sakini Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşını aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri Eynulla Ağadadaşov və 23 yaşlıİnşallah Ağadadaşovdur. Müxtəlif bədən xəsarətləri alan və ata-oğul olan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İnşallah Ağadadaşovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Ölümlə nəticələnən digər avtomobil qəzası Bakı-Quba yolunda baş verib. Hadisə magistralın 112-ci km-liyində qeydə alınıb. 90 BS 097 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
Digər avtomobil qəzası Qusar rayonunda qeydə alınıb. Hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində baş verib. "VAZ 2107" markalı minik maşını ilə "VAZ 21011" markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, "VAZ 2107" markalı avtomobilin sürücüsü, 50 yaşlı Qusar rayon sakini Murad Hüseynov və "VAZ 21011" markalı avtomobilin sürücüsü, 29 yaşlı, Bakı şəhər sakini, Eduard Hacıyevin müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. Baş verən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Conflict.az