Hacı Bakir Həsənbəyli - BİZ QUL DEYİLİK QUL...DARLAR

Gündəm / yazar

2 383

Hacı Bakir Həsənbəyli - BİZ QUL DEYİLİK QUL...DARLAR Əhatə etdiyi coğrafiyadan aslı olmayaraq bütün rejimlər autizm xəstələri kimi bir-birlərinə çox bənzəyirlər. Mən bilərəkdən siam əkizləri yazmadım. Çünki bir rejimin digərinə bağlılığı olmaya da bilər. Amma bütün autizm xəstələri isə əkiz kimidirlər. Rejimlər də belədir. Eyni mimikalı baxış, eyni ağızla danışıq. İraqda Tarik Əziz, Suriyada Valid Muallim milli dirəniş öncəsi rejim tutuquşuları idilər.
Beynəlxalq insan haqları təşkilatları illərdir ki, Azərbaycanda da rejimin olduğunu yazırlar. Kiminə mükafat, kiminə paket verilməyindən aslı olmayaraq bu ölkədə rejimin olduğu söylənilir. Bir barmağ ya sağa olsun, ya da sola. Fərq etməz. Rejimlər bütün ömürləri boyu ya sağa çəkirlər, ya da sola. Sadəcə piar xarakterli, ömrü uzatmağa hesablanmış müxtəlif variantlarla. Məsələn Novruz Məmmədovun ritorikası kimi. Adamın ərəbcə danışmasına ehtiyac qalmır ki. Biz hardayıqsa və ya nə ediriksə düz odur prinsipli ritorika. Dünya bizi tənqid edirsə, deməli düz yoldayıq. AŞPA haqqımızda qətnamə qəbul edirsə, deməli oranı tərk etmənin zamanıdır. Bilirsiniz bu nəyə bənzəyir, əgər cənab səhər işinə gələrkən pencəyini geyib, ikisi bir yerdə kostyum adlanan vahid formanın tərkib hissəsi olan digər hissəni geyməyi unudubsa və üzünü çevirib gedirsə, mən də hadisəyə abstrakt yönümdən yanaşıb: “müəllim gözünüz görsənir, eynəyinizi geyinməyi unutmusunuz” deyirəmsə, həmin an mən düşmənmi oluram? Gözüm onun gözünü görməməliydimi?
Bir müddət əvvəl Freedom House-un sabiq prezidenti, hazırda Vaşinqtondakı McCain institutunun baş direktoru Devid Kramer "Quldur rejimi ABŞ-a meydan oxuyur" yazmışdı? Nədən başqa bir peşə, ixtisas yox, məhz quldur yazmışdı Kramer? Bəlkə bildiyi bir şey var Devidin? Qəribədir, eyni ifadəni bir hakimiyyət haqqında ikinci dəfədir eşidirəm. Birinci dəfə mövcud hakimiyyətin qurulmasında fövqəladə fəaliyyəti olan rəhmətlik Sirus Təbrizli deyərkən, bir də Devid Kramer yazarkən. Rəhmətlik Sirus Təbrizli məlumatlı adam idi. Amma Kramer... Bəlkə Kramer də PA rəsmisinin fəxrlə “mənim xanımım böyük iş adamıdır” sözlərini eşidib? Və düşünür ki, sıradan bir məmurun xanımı hansı vəsaitlə böyük iş adamına çevrilib? Əgər o məmur oğurlamayıbsa? Və ya Kramer hansısa nazirin, hansısa balasının Allahın haram buyurduğunu bir ətək pul verib özünə halal qərar verərək yediyini bilir? Axı mövcud hakimiyyətin bəzi məmurları da Müaviyyət əbu Süfyan “Siffeyn müharibəsində” suyu Əli (ə) tərəfdarlarına haram etdiyi kimi, Allahın halalını haram qərar verir, haramını halal bilib yeyirlər. Məsələn dəniz Allahındır, amma məmur onu hasara alıb, kimsəni buraxmır. Bəlkə dənizə getmək haram, rüşvət alıb bala saxlamaq isə halaldır? Yoxsa Kramer başqa bir nazirin çıçəyi burnunda oğlunun aylıq dövriyyəsi milyonlarla dollar olan 200-dən çox şirkəti holdinq adı ilə yönəltdiyini duyub. Əcəba Kramer bu məmləkətdə MM-də deputatları olmayan nazirə, Söylügilin kəndində arvadı ildə doğmayan kişiyə baxdıqları kimi baxıldığınımı bilir? Yoxsa Kramer dəqiq bilir ki, nə vaxta qədər fürsətçillər bu məmlkətdə görəvdə olacaqlar, muzdur oğlu muzdur, nazir oğlu nazir olacaq. İcra başçısının oğlu kortejlə gəzəcək. Deputatın oğlu adam döydürəcək. Yol polisinin anası əsəbi general oğlu üçün daimi söyüş yeri olacaq. Rüşvət almayana 9, alana 3 il verəcəklər. Düz danışan zona “narkoman”, “xuliqan” və ya “polisə tabe olmayan” “cinayətkar” kimi daxil olacaq. Məmurlar prezidentə yalançı statistika ilə bir milyondan çox iş yeri açdıqları məlumatını verəcəklər. Bu rəqəmi efirdə dedizdirəcəklər. Əslində isə ölkədə cəmi bir milyon nəfərin belə güvəndiyi işi olmayacaq. Acların yox, ancaq siyasi məhbusların sayı Rusiya və Belarusdakı siyasi məhbusların birgə sayından çox olacaq. Həzrəti Əli (ə) deyirdi ki, “nadan danışmasa ixtilaf olmaz”. Türklərdə də maraqlı bir söz var: filankəs iynə dəliyindən Hindistanı seyr edir. Bu gün dövlət başçısına məlumatı öz bildikləri kimi, məqsədli şəkildə ötürənlər, fasiləsiz yalan danışanlar, ölkəni doğmalara və yadlara bölənlər, Azərbaycan siyasətini və mətbuatını aylıq paketlə idarə edənlər, siyasətin vəhhabiləri nəinki Hindistana, hətta bütün dünyaya belə iynə dəliyindən baxırlar. Unudurlar ki, taxtlar sabitdir, dəyişən yalnız üstündə oturanlardır. Elə isə nədən barış yolunu dinamitləyirsiniz? Bir zamanlar petrolda tükənəcək, onda sizlərində ölkə siyasətindəki vəhhabiliyiniz də bitəcək. Bu gün büründüyünüz dövlət zirehi bir o qədər də güvənli olmayacaq. Bu zirehin sizi Allahdandamı qoruyacağını sanırsınız? Nədən millət baqqala, manafa borcum olsun, amma... deyir. Düşünürsünüz həmişə paralılar, açıqgözlülər sırtda gəzəcək? Zeytun yağı kimi hep üstəmi olcaqsınız? Nə vaxta qədər əbu Cəhl kimi əlinizdəki bütü gözümüzə soxub – de ki, Tanrım Hubaldır – deyəcəksiniz?
Qədim Afinada quldarlar qulları “insan ayaqlı” adlandırırdılar. Bütün rejimlər sıravi vətəndaşı yalnız sözlə öyürlər, halbuki normalda kimsəyə Afina qullarından fərqli münasibət olmur. Rejimlər öz balalarına belə rəhm etmirlər. Hüseyn Abdullayev, Amay Abdulla, Əli İnsanov və s. rejimin yediyi özbə-öz balaları idi. Hələ də yeyəcəklər. Bütün rejimlərin öz balaları olduğu kimi, hacıbalaları da var. Bir neçə gün öncə dəyəri milyonlarla ölçülən onlarca villa yerlə yeksan edildi. Hətta Bakı şəhər icra hakimiyyətinin başçısı söküntü yerini sünnət mağarına döndərmişdi. Duymadıq deməyin. Bir kişi belə çıxıb o villa mənimdir demədi. Halbuki zamanında hansısa yetimin itinə atdığı daş, o villalardan birinin damına düşsəydi sahibi yetimin nəslini kəsərdi. Amma ali iradənin bir göstərişi onlarla villanın sökülməsi ilə nəticələndi. Mən həmin ali iradəni təqdir edirəm. Millətə kostyumlu xacələri görməyə imkan verdiyi üçün.
Rejimlərin manısları olur, mədhiyyəçiləri olur, açıq və ya gizli agentləri olur. Hətta millət vəkili Fazil Mustafa bir müddət öncə “... dövlət vəzifələrində çalışan bəzi şəxslər homoseksuallığa meyillidirlər. Vəzifələrə təyin olunan adamların mənəvi keyfiyyətləri ciddi yoxlanılmalıdır. O cür üzdəniraq şəxsləri dövlət vəziflərinə təyin etmək olmaz. Çünki bundan sonra hər kəs elə ola bilər. Belə şəxslərin vəzifə tutmaları ilə bağlı cəmiyyətdə kifayət qədər söz-söhbətlər dolaşır. Bu məlumatların müəyyən bir qismi qərəzli ola bilər. Amma müəyyən bir qismi də həqiqətdir” - demişdi. Və bunu bir məmur belə təkzib etmədi. Əgər təkzib edən olmadısa deməli...
Rejimlərin qulları da olur. Könüllü, paket almaqla, görəvə gətirilməklə və ya zorən xidmət edən qullar. Bu gün ölkənin 20 milyard büdcəsinin bir qəpiyi belə mənim deyil. 50-yə qədər sökülən və bu gün də içində yaşanılan minlərlə villanın biri belə mənim deyil. Bahalı və ya ucuz milyondan çox avtomobilin biri belə mənim deyil. Ölkənin 80 rayonunda 6 kv.m-dən, 1006 kv.m-ə qədər olan bir ticarət obyekti və ya mərkəzi belə mənim deyil. Minlərlə məmurdan biri belə mənim doğmam və ya dostum deyil. Məni təbrik edin, görün bu məmləkətdə nə qədər mənim olmayan var. Bilirsiniz mənim kimi bu məmləkətdə nə qədər insan yaşayır? Unutmayın, biz qul deyilik, qul...darlar.