Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır: - BİR SÖVDƏLƏŞMƏNİN İZİ

Gündəm

46

Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır: - BİR SÖVDƏLƏŞMƏNİN İZİ“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəyəri milyonlarla ölçülən razılaşmaya imza atıb.

Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı–Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib. Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.

Bu haqda məlumatı "Azərbaycan Dəmir Yolları” QSC (ADY) özü yayıb. Məlumata görə, bu məqsədlə adı çəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.

Maraqlıdır, belə bir layihə üçün 10 milyon dollarlıq məsləhət Cavid Qurbanova nə üçün lazımdır? Qısa bir xatırlatma kifayətdir ki, məbləğin reallığa uyğun olmadığı açıq şəkildə görünsün. Belə ki, 2 il əvvəl Azərbaycan hökuməti ölkənin bütün iqtisadi modelinin tətbiqi üçün dünyanın məşhur konsaltinq şirkəti ilə cəmi 1.2 milyon dollar məbləğində razılaşmışdı. Cavid Qurbanov isə kiçik bir layihə üçün məsləhət almağa 10 milyon dollar xərcləyəcək. Bu da əslində məsələdə qaranlıq məqamların olduğunu göstərir. Cavid Qurbanovun tenderin qalibi etdiyi şirkətin hansı özəllikləri var ki, belə bir müqavilə imzalansın? Hər halda bu müqavilənin ən maraqlı nüansı da budur. Nəzərə alaq ki, bu pullar dövlət büdcəsindən xərclənir, adi bir layihə ilə dövlət büdcəsinə vurulan zərərin həcmi 10 milyonlarla dollardır.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, 10 milyon dollar məsləhət almaq üçün ödənilə bilməz.

O, Cebhe.info-ya deyib ki, 10 milyon dollarlıq müqavilə suallar və şübhələr doğurur:

“Əvvəlcə araşdırılmalıdır ki, bu konsaltinq şirkətinin səviyyəsi necədir. Çünki beynəlxalq, tanınmış bir neçə konsaltinq şirkəti var ki, Azərbaycanla da işləyir. Bu şirkət isə tanınmır. Yüz faiz bu şirkətin arxasından bir azərbaycanlı çıxacaq. Çünki tanınmış bir şirkət deyil. Hətta hökumətin bütövlükdə iqtisadi proqramının məsləhəti üçün çox nüfuzlu beynəlxalq şirkətlə cəmi 1.2 milyon avro müqabilində müqavilə bağlanmışdısa, belə kiçik bir layihə üçün 10 milyon dollarlıq müqavilə bağlamaq təbii ki, suallar və şübhələr doğurur. Dünyanın indiki konsaltinq bazarındakı qiymətlərə də uyğun deyil. Çox güman ki, tanınmamış ispan şirkəti ilə əlaqə qurulub və danışıqlar aparılıb ki, “atkat” (ödənilən pulların qeyri-rəsmi qaydada razılaşdırılmış şəxsə qaytarılması-müəl.) edilsin. Bununla da korrupsiya sxemləri ilə pulun geri dönüşü həyata keçiriləcək. Ümumiyyətlə, bu şirkətin fəaliyyətini araşdırmaq lazımdır. Ola bilər ki, hansısa adi bir ispanın adına açılmış şirkətdir. Bu şirkət sadəcə Azərbaycanla müqavilə bağlayıb pul alıb. Bu da ölkədən qanunsuz pul çıxarılmasına nümunədir, korrupsiya sxemidir. Bu cür kiçik layihələrin konsaltinqi maksimum 100 min dollarla ölçülə bilər, milyonlarla yox”.

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 10 milyon dollarlıq məsləhət alacağı "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, şirkət nəinki beynəlxalq miqyasda tanınmır, bugünə qədər cəmi bir beynəlxalq layihəyə imza atıb. Həmin layihə isə Səudiyyə Ərəbistanına məxsus olub.

Şirkət 1992-ci ildə yaradılıb, kiçik müəssisədir. Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə, şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var. Bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Arribastorres Antonio. Likvid aktivləri 31 min 614, Qısa müddətli borcu 36 min 728 avrodur.
Digər tərəfdən, sözügedən layihə, yəni Bakı-Böyük Kəsik dəmir yol xətti müxtəlif vaxtlarda təmir olunub. Hər dəfə də müxtəlif şirkətlərlə milyon dollarlıq razılaşmalar həyata keçirilib.

Məsələn, Dünya Bankı 2008-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin reallaşdırılması üçün Azərbaycana 450 milyon dollar məbləğində kredit ayırmağa razılıq verib. Layihənin həyata keçirilməsi üçün əlavə kredit vəsaitləri də daxil olmaqla, bankın ayırdığı vəsaitlərin ümimi həcmi 670 milyon dollar təşkil edib. Bundan başqa, Çexiyanın “Eximbank”ı 215 milyon dollar, Azərbaycan hökuməti isə bu layihənin reallaşması üçün 137 milyon dollar ayırıb. Layihəni icrasını isə “Bombardier-TransSignalRabitə” şirkəti (İsveçrə-Rusya-Azərbaycan birgə müəssisəsi) həyata keçirib.

Daha sonra “Azərbaycan Dəmir Yolları” 2013-cü ilin sentyabr ayında Kanadanın “Bombardier Inc.” şirkəti ilə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnalizasiya sisteminin müasirləşdirilməsi haqqında müqavilə bağlayıb. Müqavilə çərçivəsində “Bombardier Transportation” INTERFLO 200 magistral siqnalizasiya sistemini tədarük edib. Bu razılaşmanın dəyəri isə 288 milyon dollar təşkil edib.

Qeyd edək ki, “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə geriyə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. Bununla bağlı İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs etmişdi. “Bombardier” şirkəti ilə əməkdaşlıq zamanı “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Görünən odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik Ziya Məmmədovdan Cavid Qurbanova keçsə də, sistem dəyişilməyib. Müəmmalı sövdələşmələr, büdcə vəsaitlərinin mənimsənilməsi faktları, razılaşdırılmış tender layihələri və sair kimi neqativ hallar hələ də var və indi bu mexanizmə nəzarət Cavid Qurbanov keçib. Hər halda Cavid Qurbanovun 10 milyon dollarlıq “məsləhətə” ehtiyac duyması bundan xəbər verir.

Conflict.az