İcra başçıları prezidenti niyə eşitmirlər və ya Yasamalda Əziz Əzizov biganəliyi.....

Gündəm

61

İcra başçıları prezidenti niyə eşitmirlər və ya Yasamalda Əziz Əzizov biganəliyi.....Azərbaycan prezidenti İlham Əliyev son illər bütün iclaslarda haqlı olaraq icra başçılarını daima eyni sözlərlə xəbərdar edir: “Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. Onlara bu barədə göstəriş verilib. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər”. Prezident onu da deyir ki, ictimai nəzarət daha da güclü olmalıdır.

Dövlət başçısı bunu hər dəfə ona görə təkrar-təkrar deyir ki, icra başçılarının bir çoxunun fəaliyyətində müsbətə doğru dəyişən bir şey yoxdur. Məsələn prezidentin yanaşmasından və sonuncu cümləsindən çıxış edərək bir neçə ay əvvəl həyətimizi uzaqdan seyr edən Yasamal rayonunun icra başçısı Əziz Əzizova yaxınlaşdım. Ətrafında ən azı 10-15 kostyumlu şəxs var idi, onların çərgəsini yarıb icra hakiminə yaxınlaşıb həyətimizin ətrafındakı qanunsuz tikililərdən danışdım, ağacların gecə ikən kəslidiyini və bunu edən mafia ilə mübarizəmizi nəql etdim. İcra hakimi bu məsələ ilə məşğul olacağını vəd etdi.

… Üstündən aylar keçib, qanunsuz olan tikilini bitirməyə çalışmaları bir yana həyətimiz bir az daha mühasirəyə alınıb, hasar tikib küləyin qarşısını alıblar, üstəgəl həyətdən özləri üçün yol açıblar ki, indi maşınlar həyətimizdən keçərək baş yola çıxırlar. İcra başçıları beləmi yerinə yetirirlər prezidentin təlimatlarını? Ötən dəfə ağbirçək qonşumuz mənə yaxınlaşaraq deyir ki, gedək icra başçısının qəbuluna. Dedim ki, yalandan vəd verəcək, heç bir nəticə də olmayacaq. İcra başçıları yeni təyin olunanda bir neçə gün gözə kül üfürmək üçün həyətləri gəzirlər, daha sonra həmişəki kabinet fəaliyyətinə keçirlər.(Teref.az)


Conflict.az