Sizin reklam burada
Sizin reklam burada

GİLEY: “Hər gün ölüb dirilirəm” - Saatlı Rayon İcra Hakimiyyəti isə deyir ki...

 GİLEY: “Hər gün ölüb dirilirəm” - Saatlı Rayon İcra Hakimiyyəti isə deyir ki...Bir ailədə hər üç uşağın əlilliyi var. Saatlının Qara Nuru kəndində yaşayan Şükürovlar ailəsində övladlardan heç biri yeriyə bilmir, yalnız sürünürlər…

“Hər gün ölüb dirilirəm”

Ailənin öz evi yoxdur. Uşaqların atası Xanhüseyn Şükürovun valideynlərinin kiçik, köhnə evinə sığınıblar. Pünhanə, Aygün və Xanım qohum evliliyindən doğulub. Uşaqlar paraplegiyadan – hər iki aşağı və yuxarı ətrafların iflicindən əziyyət çəkir.

Ana Məlahət Şükürova danışır:

“Sağlam doğulmuşdular. Heç özümüz də bilmədik, necə oldu ki, əlləri, ayaqları əyildi. Dörd-beş yaşına çatan kimi belə olur. Ayaqlar, əllər tədricən əyilməyə başlayır, hərəkət qabiliyyətini itirir”.
Pünhanənin 16, Aygünün 14, Xanımın 13 yaşı var. Ana deyir ki, uşaqlara baxmaq çox çətinləşib:

“Onları qoyub çıxa bilmirəm. Böyük uşaqlardır, bunların yeməyi, geyindirməyi, təbii ehtiyacları var. Ayaqlarına əl vuranda onları çox ağrıdır. Ürəyim parçalanır. Hər gün ölüb dirilirəm”.

Uşaqların nənəsi Safura Şükürovanın hər iki gözü tutulub. Nəvələrin bu vəziyyətə düşməsi onu çox sarsıdıb:

“İndi gözüm görmür ki, harasa aparım onları, gedib müraciət eləyim. Gözüm görəndə İrana da apardım, Bakıya da. Dedilər, qan xəstəliyidi. Son illərdə imkansızlıqdan heç bir həkimə apara bilməmişik. Pünhanəni Bakıda Zöhrə xanımın xəstəxanasına – Uşaq Bərpa Mərkəzinə aparmışdım. Sağ olsun, imkan yaratdılar, özüm də uşağın yanında bir həftə qaldım. Əlac olmadı, götürüb gəldim. O biri uşaqları da yoxlatdırdım, eyni sözü dedilər. Zöhrə xanım gətirib ayaqqabı verdi, heç pulunu da almadı. Dedi ki, bu uşağa geyindir, gəzə bilsə, o birilərinə də verərik. Gəzə bilmədi”.

Kənd məktəbinin müəllimləri uşaqları unutmur, evə gəlib dərs keçirlər. Məktəb rəhbərliyi onlara kompüter verib, evə internet də çəkdiriblər.
“Bizə sosial yardım düşmürsə, bəs kimə düşür?”

Uşaqların hər birinə 82 manat təqaüd verilir. Ailə müalicəyə böyük vəsait xərcləyib. Məlahət Şükürova deyir ki, çox yorulublar: “Müalicəni dayandırmışıq. Daha gücümüz çatmır. Buna dolanışıq demək olmaz. Nəyimiz varsa, satmışıq. Üç əlilə baxmaq asan deyil”.

İmkansızlıqdan Safura Şükürovanın gözlərini əməliyyat etdirə bilmirlər. Ailə bir müddət sosial yardım alıb. İndi onu da görmürlər.

“170 manat alırdıq, 2015-ci ildən kəsdilər. Bəs biz bu üç əlil uşağı necə saxlayaq? Sosial yardım üçün yenə müraciət eləyirik, deyirlər, düşmür. Həyat yoldaşımın adına köhnə maşın olduğuna görə kəsmişdilər. Ondan sonra daha vermədilər. Böyük uşaqlardılar. Əlləri-ayaqları işləməyən uşaqlara baxmaq çox çətindi. Bizə sosial yardım düşmürsə, bəs kimə düşür?”, – Məlahət Şükürova belə deyir.

“Heç olmasa, evi başa çatdırmağa dövlət yardım eləsin”
 GİLEY: “Hər gün ölüb dirilirəm” - Saatlı Rayon İcra Hakimiyyəti isə deyir ki...
Ailə çox yerə müraciət edib. Dövlət başçısına, onu xanımına məktublar yazıblar. Bundan sonra Saatlı Rayon İcra Hakimiyyətindən gəlib 1000 manat veriblər, yeni evin bünövrəsi qoyulub. Ailə evin yarımçıq qalmasından narahatdır: “İcra hakimiyyəti söz vermişdi ki, evi tikməyə kömək eləyəcək. 1000 manata da material aldıq. Divarlar hörüldü, vəssalam. Qumun pulunu indi də borclu qalmışıq. Biz o evi onların verdiyi sözə inanıb başlamışdıq. Bir evdə ki, üç əlil qız uşağı ola, orada vəziyyəti təsəvvür edirsiz də. Heç olmasa, o evi başa çatdırmağa dövlət yardım eləsin ki, sürünməyə yerləri olsun. Beş ildir yarımçıq qalır, hər dəfə gedirik, deyirlər, səbrli olun, vəsait yoxdur. İmkanımız olsaydı, onlara heç ağız açmazdıq. Hər dəfə deyirlər, pul yoxdu. Bu boyda Saatlı rayonuna dövlət bir ev üçün vəsait ayırmayıb?”.

“Aztəminatlı ailələr üçün büdcədə vəsait nəzərdə tutulmayıb”

Saatlı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, rayonun baş memar Yusifəli İsgəndərov isə deyir ki, belə aztəminatlı ailələr üçün ayrıca yardım büdcədə nəzərdə tutulmayıb. Amma icra hakimiyyəti öz vəsaiti hesabına ailəyə müəyyən yardım göstərib: “Axırıncı dəfə 1000 manat verilib. Ondan daş, qum, sement vermişdik. İcra Hakimiyyətində belə aztəminatlı ailələrə evlərin tikintisi ilə bağlı heç vaxt vəsait nəzərdə tutulmayıb. 36 ildir yaşayış binaları üçün vəsait ayrılmır. İndi biri tikilir, şəhid ailələri, Qarabağ əlilləri üçün. Onu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. İcra Hakimiyyəti aztəminatlı, evdə əlili olan ailələrə daxili imkanları hesabına kömək eləyir. Bu ailəyə də bütün vəsaitləri saysaq, 2500 manatdan çox kömək olunub. Bilmirəm, daha əlavə nə kömək istəyirlər? Biz evin üstünün bağlanmasına qədər tam ödəmişik. Ola bilər ki, pullar təyinatı üzrə xərclənməyib. Mən yenə ora baxış keçirəcəm”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş