Bu ailənin bütün üzvləri əlildir! - Kirayə qalan ağır xəstələr, eşidilməyən fəryad...

Gündəm / Cəmiyyət

76

Bu ailənin bütün üzvləri əlildir! - Kirayə qalan ağır xəstələr, eşidilməyən fəryad...Özü, həyat yoldaşı və iki oğlu ikinci qrup əlil olan Yusif Zeynalov iki ildən çoxdur güzəştli mənzil-uçot siyahısına daxil edilsə də, hələ də arzusuna çata, kirayədən can qurtara bilmir.

Y. Zeynalov BakuPost-a bildirib ki, 2008-ci ilə kimi Bakıda mənzili olub.

Ancaq övladlarının müalicəsi üçün pula ehtiyacı olub, dövlətdən müalicə üçün vəsait almaq cəhdləri nəticə vermədiyi üçün 2008-ci ildə evini satmaq məcburiyyətində qalıb. Pul da övladlarının müalicəsinə, onların ölümdən qurtarılmasına xərclənib. Kirayələrdə yaşamaq məcburiyyətində qalan ailə üzvləri 2013-cü ildən Yasamal rayon Polis İdarəsində qeydiyyatdadır.

Y. Zeynalov və ailəli olan böyük oğlu 2016-cı ildə Yasamal rayon İcra Hakimiyyətinə müraciət edirlər. Həmin dövrdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı olan İbrahim Mehdiyevin 17 may 2016-cı il tarixli sərəncamı ilə ikinci qrup əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilirlər. Mənzil növbəsi siyahısına görə, onlar 318 və 319-cu sıralardadır. Ancaq hələ də ev növbəsi onlara çatmayıb.



Y. Zeynalov deyir ki, ikinci qrup əlil kimi 4 ailə üzvü 600 manat təqaüd alır. Həmin pulun 300 manatı hər ay Xırdalanda kirayəyə, qalan hissəsi də dava-dərman və ərzağa xərclənir. Ailəli olan böyük oğlu Etibar Zeynalov da hazırda onlarla yaşayır. Çünki iki azyaşlı övladı olan E. Zeynalova şizopatik pozuntu diaqnozu qoyulub, ruhi xəstədir. Buna görə də həyat yoldaşı və iki övladı hazırda İsmayıllıda kirayədə, özü isə ata, ana və qardaşı ilə birgə Xırdalanda kirayədə qalmaqda, həkim nəzarətində davamlı müalicə almaqdadır.

Ağır durumda olan Y. Zeynalov müxtəlif dövrlərdə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Yasamal rayonundan deputat seçilmiş Aytən Mustafayevaya, parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciətlər edib, mənzil probleminin həllinə köməklik göstərilməsini xahiş edib. Dövlət Sosial Müdafiə Fondunun cavabı belə olub ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərə mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulub. Ona görə də bu sərəncamla əhatə olunmayan şəxslərin nazirlik tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdılrılması nəzərdə tutulmur. Buna görə də Y. Zeynalovun mənzillə bağlı xahişinin həyata keçirilməsinin nazirliyin imkanı xaricində olduğu nəzərə çatdırılıb.



Digər qurumlara ünvanlanan müraciətlər isə baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilib. Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil məsələləri üzrə komissiyanın isə bütün müraciətlərə standart cavabı var. Məsələn, Yasamal rayon İcra Hakimiyyəti nəzdində Mənzil məsələləri üzrə komissiyanın sədri Elçin Rzayev 7 iyun 2018-ci il tarixdə Y. Zeynalovun müraciətinə cavab olaraq yazıb ki, rayon İcra Hakimiyyətinin sərəncamında baş mənzil fondu olmadığından mənzil növbəsində dayanmış ailələrin və eləcə də Y. Zeynalovun yaşayış sahəsi ilə təmin edilməsi hazırda mümkün deyil. Eyni zamanda bildirilib ki, gələcəkdə Yasamal rayon İcra Hakimiyyətinə baş mənzil fondu ayrılarsa, müraciətə yenidən baxıla bilər. Analoji məzmunda fikir Yasamal rayon İcra Hakimiyyəti tərəfindən dövlət qurumlarından, millət vəkillərindən ünvanlanan məktublara cavabda da yer alıb. İcra Hakimiyyətindən həmin qurumlara, millət vəkillərinə göndərilmiş cavablar də Y. Zeynalova təqdim edilib.



Y. Zeynalov BakuPost-a açıqlamasında bildirib ki, bütün üzvləri ikinci qrup olan ailənin müalicə və digər xərcləri artmaqdadır, artıq dözülməz şəraitlə üzləşiblər. Buna görə də redaksiya vasitəsi ilə bir daha ölkə Prezidentinə, Birinci vitse-prezidentə müraciət edir, mənzil probleminin həllinə köməklik edilməsinin xahiş edir. İnanır ki, bu müraciəti cavabsız qalmayacaq...
Qarşı tərəfi dinləməyə hazırıq.

Conflict.az