Bu kəndin 120 hektar torpağı icarə verilib - Şikayət var

Gündəm / Cəmiyyət

58

 Bu kəndin 120 hektar torpağı icarə verilib - Şikayət var“Bütöv bir kəndin gələcəyi qəsdən əlindən alınıb, kənddə kənd təsərrüfatı məhsullarının istehsalının, heyvandarlığın inkişafı üçün perspektiv yoxdur, çünki lazım olan əkin və örüş sahələri kimlərinsə inhisarındadır. Kəndin cavanlarına ev tikmək üçün torpaq sahəsi verilmir, çünki torpaqlar əkin üçün uzun müddətli icarəyə verilib”

Bu sözləri müraciətində Neftçala rayon Kürqarabucaq kənd sakini Seyidnur Ağayev deyib. O qeyd edib ki, Kürqarabucaq kənd bələdiyyəsinə məxsus olmuş 120 hektar torpaq sahəsi 1999-cu ildən rayonun keçmiş Yol polis idarəsinin rəisi Mustafayev Ağamirzə tərəfindən 99 il müddətinə icarəyə götürülüb: “Həmin torpaqlar bələdiyyələrin ehtiyat və perspektiv inkişaf fondu üçün nəzərdə tutulub. Bu torpaqların 2-ci kateqoriyaya aid olmağına baxmayaraq, dövlətə ödənilməli vergilərdən yayınmaq məqsədi ilə onu 4-cü kateqoriyaya aid ediblər, bu da cinayət məsuliyyəti yaradır. Hazırda həmin torpaqlar Ağamirzə Mustafayevin bacanağı Ərşalı adlı birisinin adına sənədləşdirilib. Ancaq onların bizim kəndimizə heç bir aidiyyatı yoxdur və başqa yaşayış məntəqəsinin sakinləridirlər.

Torpaqların kateqoriyasının saxtalaşdırılmasından bələdiyyə üzvlərinin və rayon İcra Hakimiyyətinin aidiyyati üzrə məsul işçilərinin də məlumatları var. Hər dəfə ərizəm araşdırılarkən bütün günahları bələdiyyədə görüblər, lakin heç bir şikayət ərizəm sona qədər araşdırılmayıb. Hansısa gözəgörünməz qüvvənin səyi nəticəsində Mustafayevin müdafiəsi təmin olunub”.
 Bu kəndin 120 hektar torpağı icarə verilib - Şikayət var
 Bu kəndin 120 hektar torpağı icarə verilib - Şikayət var
Şikayətçi bildirib ki, həmin torpaq sahələri kənd sakinləri üçün qadağan olmuş ərazi sayılır, hətta heyvanların da kanal üstü otlaq sahələrinə yolu zəbt olunaraq həmin sahələrə qatılıb: “Torpaq islahatları zamanı bölgü ədalətli aparılmayıb, heyvanlar üçün isə heç bir örüş-otlaq sahəsi ayrılmayıb. Kəndlilərin torpaqlardan istifadə hüquqları bərpa olunmalıdır. Onlar bütün əraziləri öz inhisarında saxlamaqda israrlıdırlar. Taxıl və yoncanın biçin qiyməti məqsədli şəkildə qaldırılıb. Kəndimizin torpaqları hesabına Mustafayev milyonçuya çevrilmiş, lakin kənd cavanları çörək pulu qazanmaqdan ötrü buralardan qaçaq düşüblər.

O torpaq sahəsini bələdiyyə əhalinin dəstəyi ilə əkib becərsəydi, işsizlik problemi qismən həll olunar, gəlirlər hesabına bizim kənd və bələdiyyəyə aid digər kəndlərin də abadlaşması mümkün olardı. Lakin bələdiyyənin bu işləri görmək fikri olmayıb və Kürqarabucaq kəndi bu gün cəngəllikləri xatırladir”.

S. Ağayev sonda vurğulayıb ki, bu müraciətdən sonra ona qarşı təzyiq və hədə- qorxular olacaq. Ona görə də aidiyyatı qurumlardan onun təhlükəsizliyini qorumağı tələb edir.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən bələdiyyənin sədri İbrahim Səfərovla əlaqə saxlayıb. O, qeyd edib ki, torpaqların icarəyə verilməsi onun vaxtında baş verməyib: “Mən iki ildir ki bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar 99 illiyinə müqavilə əsasında icarəyə verilib. O müqaviləni necə pozmaq olar? Həmin torpağın 25 hektarında pambıq, qalan hissəsində isə yonca, taxıl əkilib. Bu məsələdə ancaq kənd əhalisi bir yerə yığışıb mübarizə apara bilər”.

İ. Səfərov torpaqların kateqoriyasının saxtalaşdırılması məsələsindən isə xəbərdar olmadığını vurğulayıb.


Qarşı tərəfi dinləməyə hazırıq...

Conflict.az