Azərişıq əhalinin cibinə girir? » Conflict.az

Azərişıq əhalinin cibinə girir?

Gündəm / Cəmiyyət

55

Azərişıq əhalinin cibinə girir?Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun "şişirdilməsi" iddiaları ətrafında müzakirələr kütləvi hal almağa başlayıb.

BBC News Azərbaycanca bu məsələlərə aydınlıq gətirməyə çalışıb.

Bakının Qaradağ rayonunda yaşayan Vaqif Hüseynov BBC News Azərbaycancaya deyib ki, elektrik enerjisi istifadəsinə görə hər ay 15-16 manatlıq qəbzlər gəlsə də də, iyul ayı üçün bu göstərici 88 manat olub.

"May ayı üçün 15.12 manat, iyun ayı üçün 16.38 manat işıqpulu gəlib. İyul ayı üçün isə 88.43 manat işıqpulu göndəriblər. Bu, 5 dəfə fərq deməkdir", - o deyib.

Vaqif Hüseynov əlavə edir ki, iyul ayının yarısını ölkədən kənarda keçirib.

"Kondisioner yay gələndən işləyir, amma iş intensivliyi dəyişməyib".

Azərişıq ASC-dən BBC News Azərbaycancaya bildirib ki, onlar bütün vətəndaşların şikayətlərinə baxmağa və sayğacları yoxlamağa hazırdırlar.

Abşeron rayonunda yaşayan Gülər Mehdizadə deyir ki, ötən ay 27 manat elektrik enerjisi haqqının ödənilməsi barədə qəbz gəlməsinə baxmayaraq bu ay borc 44 manat olub. Onun sözlərinə görə, evdə ancaq LED lampalardan istifadə olunur və "ağıllı kondisioner" sistemi işləyir:

"1 həftə də evdə olmamışıq. Yəni, 3 həftəyə 44 manat göstərici olması mənə qəribə gəldi ki, bu qədər nə yazıb?".

Qaz və işıq limitləri Bakı sakinlərinin büdcəsinə təsir edibmi?
Qaz-işıq: nə qədər ödəyəcəksiniz?

Azərişıq nə deyir?
Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BBC News Azərbaycancaya bildirib ki, sayğaclarda heç bir problem yoxdur:

"Bizə müraciət edən vətəndaşların sayğaclarının yoxlanması ilə aydın olub ki, cihazlarda heç bir problem yoxdur. Sayğacların göstəriciləri düzgün götürülüb və düzgün təqdim olunub".

"40 mindən artıq kondisioner satılıb"
Tanrıverdi Mustafayev deyir ki, kondisioner satışlarının artması da bu məsələlərin ortaya çıxmasına təsirlərdən biridir:

"Bir mağaza haqqında yazılmışdı ki, 40 mindən artıq kondisioner satıb. Bəs vətəndaşlar bu kondisioneri alanda baxırlarmı ki, qənaətlidirmi, evin sahəsinə görədirmi?"

"... sayğacını laboratoriyada pulsuz yoxlatdıra bilər"
Cənab Mustafayev söyləyib ki, istənilən vətəndaş Azərişıq ASC-ə müraciət edərək sayğacını özünün iştirakı ilə laboratoriyada pulsuz yoxlatdıra bilər.

O, qurumun 21 min əməkdaşı olduğunu və şikayətçilərin problemlərini araşdırmağa hazır olduqlarını vurğulayıb.

Tanrıverdi Mustafayev deyir ki, bəzi hallarda abonentlər şikayet edir, lakin ətraflı məlumat verməkdən boyun qaçırırlar:

"İnternetdə şikayət edirlər, abonent kodlarını soruşuruq ki, yoxlayaq, göndərmirlər".

"... şişirdilmiş göstəricilərdir"
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, yaşadığı evə və işlədiyi ofisə normadan artıq işıqpulu gəlib.

O hesab edir ki, çeklərdə göstərilmiş borc "şişirdilmiş göstəricilərdir".

"İyul ayı üçün evə 100 manat, ofisə 22 manat işıqpulu gəlib. İyulun 7-dən 20-ə kimi işıqlar hər gün 4-5 saat kəsilirdi. İşıq olanda da o qədər zəif olurdu ki, nə kondisioner, nə də paltaryuyan maşın işlədə bilmirdik".

"... əhalinin cibinə girirlər"
Xanım Qəhrəmanlı iddia edir ki, "işıqpulunun şişirdilmiş qiymətləri bir müddət əvvəl Azəriqazın oxşar prosesi ilə eynidir":

"Bu ilin yanvar ayında Azəriqaz tərəfindən oxşar proses getmişdi ... O vaxt qurum mənə izah etmişdi ki, mexaniki sayğaclarda qaz sərfiyyatını ölçən cihazın beynində dəyişiklik olub. Yanvar ayının birinci on gününün göstəricisi dekabr ayı üçün yazılacaq".

Xanım Qəhrəmanlı bu il havaların isti keçməsinin səbəb kimi göstərilməsini qəbul etmir:

"Ötən il bəyəm sərin idi? Niyə iyul ayına kimi belə şikayətlər gəlməyib?"

"Azəriqaz" İstehsalat Birliyinin ötən ilin dekabrında yaydığı məlumatda deyilirdi ki, "Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq".

Conflict.az