Problemləri ilə baş-başa qalan, yalnız Tanrının unutmadığı məkan - AĞDAM

Gündəm / Bölgə / yazar

803

Problemləri ilə baş-başa qalan, yalnız Tanrının unutmadığı məkan - AĞDAM Düşünürəm ki, Ağdam düşmənlə yalnız insanı ilə deyil, daşı, torpağı ilə də döyüşüb. Düşünürəm ki, Ağdamda yalnız qəhrəmanlar doğulur. Düşünürəm ki, Tanrı bu məmləkətə məhz Ağdam üzərindən nəzər yetirir.
Altı mindən çox şəhidin qanı tokülmüş torpaq mütləqdir ki, müqəddəs olmalıdır. Əksini belə düşünmək qəbahətdir. Lakin...
Lakin görək müqəddəs hesab etdiyimiz, qeyrət qalası adlandırdığımız məkana layiqincə diqqət yetirilirmi? Sözsüz ki, diqqətin mənbəyi hökumətdir və ya hökumətdədir. Sadə insanlar zatən onlar üçün yaradılmış minimum imkanlardan istifadəni artıq həyat tərzlərinə çeviriblər. Bəs sadə, məcburi köçkün ağdamlının bu gün öz hökumətindən istəyi nədir?
Əslində ağdamlı düşüncəsində kimlərdənsə mərhəmət ummaq anlayışı yoxdur. Ağdamlı yalnız vicdanlı münasibət, ədalətli idarəçilik istəyir. Bu araşdırma bir şəxsin xəyalının və ya hər hansı vasitələrlə əldə edilən məlumatlar nəticəsində dərc edilən məqalə deyil. Ağdamda olduq. Sənin, mənim, hamımızın vətəni olan Ağdamda.

"Texniki su içirik"

Bu iddia deyil. Həqiqətdir. Ağdam ağdamlılarda olanda ağalığı, bəyliyi özünün həyat tərzinə çevirən bu torpağın insanı hətta hər bulağın suyunu belə bəyənməzdi. Bu günün reallığı isə başqadır. Adamlar içmək üçün sularını 5-10 litrlik qablarda uzaq məsafədən daşıyırlar. Azərbaycan məmuru ağdamlı ilə afrikanın, ərəb ölkələrinin avropaya sığınmış miqrantı kimi davranır. Durun cənablar. Dayanın. Düşünün. Axı Ağdamlılar nəinki sizin, hətta dədənizin də kinolarda şahidi olmadıqları qədər vüqarlı, qəhrəman insanlardır. Nə üçün öz məmləkətində məcburi köçkünlüyə məhkum edilmiş bir əyalətin insanları hansısa küçə uşağı təfəkkürlü məmurun mədəsindən baxan gözlərinin doyması üçün qurbana çevrilməlidir? Nədən rüşvət qoxulu idarəçiliyinizin qurbanı olmalıdır ağdamlı? Nə böyük problemdir mütəmadi öyündüyünüz alimlərinizin yerin təkindən su arayıb tapması? Heç bunun üçün sizin alimlərinizdə lazım deyil. Sıradan bir ağdamlının ərazi ilə bağlı bilgisi yetər ki, insanlar atınıza belə rəva görmədiyiniz texniki suyu işməkdən qurtulsun. Və ya kiçik bir məsrəflə, işğala məruz qalmamış ərazilərdəki çaylardan faydalanmaq olmazmı? Tutaq ki, bu təkliflərin heç biri sümüksüz başlarınıza batmadı. O zaman etdiklərinizi doğru düzgün edin. Mərdlik xarakterdir, fəsillərlə və ya illərlə bağlılığı yoxdur. Qorxun cənablar. Öncə Allahdan. sonra isə ağdamlılardan.

"Regional idarələrin yaradılması bizim üçün əlavə problemdir"

"Hal-hazırkı sistem — hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın." Bu bir millət vəkilinin yanaşmasıdır. Lakin kökündən səhv olan yanaşmadır. Əvvəla ona görə ki, bu yanaşmada hökumətin çıxarları nəzərə alınıb, vətəndaşınkı yox. Əvvəlki sistemdə adamlar əlavə məsrəfə girmədən, böyük məsafə qət etmədən yaşadıqları rayonun mərkəzinə gələrək, problemi ilə bağlı aidiyyatı struktura məlumat verirdilər. Və həmin strukturun özü belə problem olan sahəni mütəmadi nəzarətdə saxlamaq imkanına malik idi İndi zatən bəzi dövlət qurumları problem yaradıcısı kimi fəaliyyət göstərirlər. Deməli bu zaman zərər görən sadə Azərbaycan vətəndaşı, o cümlədən ağdamlıdır. Görəsən bu qərarı verənlər məcburi köçkünün ayda bir neçə dəfə bir rayondan, başqa rayona getmək üçün nə qədər vəsait xərcləməyə məhkum olduğunu hesablayıblarmı? Və ya fərqindədirlərmi ki, Ağdamın hansısa, neçə nömrəlisə qəsəbəsindən, tutaq ki, Ağcabədiyə qanuni sənədini almaq üçün gedən bir xəstə hansı məşəqqətlərlə üzləşir? Əgər idarəçilikdə reforma budursa, o halda düşüncənizdə inqilab edin cənablar. Nədən həmin regional idarələr məhz Ağdamda fəaliyyət göstərməsin? Bəyəm ağdamlının itkiləri azmı olub, indi də yerdə qalanının əlindən çıxması üçün yeni tryuklar edirsiniz? Bəlkə daha Ağdamdan əlinizi üzmüsünüz? Ağıllı olun, bunu sizə yedirməzlər. Bilirsiniz kim? Bu məmləkətdə özünü Ağdamlı hesab edən hər kəs.

"Qadınlar məcburiyyət qarşısında gündəlik ağır işlərdə çalışırlar"

Bunu deyən ağdamlının o an gözlərində çaxan ildırımı görmək üçün ya ağdamlı, ya da adam olmaq lazımdır cənablar. Lənətə gəlisin o zehniyyət ki, dünyaya yalnız qəhrəman gətirən bir qadını məcburiyyət qarşısında kölə kimi çalışmağa məhkum edir. Bu həmin qəhrəman anasının nə həyat yoldaşının, nə də oğlunun günahı deyil. Bu o qəhərman dünyaya gətirən ananın yaşadığı məmləkətin, düşünərkən başından istifadə etməyən məmurunun, vəzifəyə, kabinetə vəhşi ehtirasla bağlı olan, var dövləti, var yoxundan çox istəyən səlahiyyət sahiblərinin günahıdır. Səhər 6.00-dan, axşam 20.00-a qədər hətta öz xanımlarının xidmətindən yararlana bilməyən zatlar, qəhrəman anasını bu qədər zaman fərqi ilə gündəlik ehtiyacını belə ödəməyəcək məbləğdə pula möhtac ediblər.
Halbuki böyük istehsal müəssisəsi bir yana, kiçik bir tikiş sexinin yaradılması üçün maneçiliklər törədilməsə, ticarətin qanunlarını əla bilən ağdamlı, özü-özünü işlə təmin edə biləcək imkanlara malikdir. "Bizə istifadə olunmayan boş binalardan birini versələr, yerdə qalanını özümüz təşkil edəcəyik" - deyəcək qədər iddialıdır bu insanlar. Bəs onsuzda istifadə edilməyən, bəzi hallarda isə yolçunun bioloji ehtiyacını ödəmək üçün "istifadə" etdiyi tikilini verməmək iddiası haradan qayqlanır?

"800 təsərrüfatı olan Yeni İmanqulubəyli qəsəbəsində bankomat yoxdur"

Bu ən azından mindən çox insanın saatlarla, bəlkə də günlərlə əziyyət çəkməsi deməkdir. Görəsən lider ölkə iddiası ilə öyünənlər nədən bu qədər insanın təqüdlərinin, yardımlarının, əmək haqlarının rahat, əziyyətsiz almaları üçün bir əraziyə bankomat qoymurlar? Bu sadis düşüncəsinin səbəbi nədir? Əslində əhali yaşayan ən kiçik qəsəbələrin belə bankomatlarla, poçt, tibb məntəqələri, məktəblərlə təmin edilməsi, eyni zamanda vətəndaşın rahatlığının təminidir. İnsana qoyulan kapitalın əyani göstəricisi budur. Bunun əksi isə yalnız sözdür. Boşboğazların valeh olduqları boş və mənasız söz.

"Ağdamda ciddi şəbəkə problemi var"

İmanqulubəyli bələdiyyəsini əhatə edən əksər ərazilərdə "Azərsell" demək olar ki, işləmir". Bu bir nəfərin, bir xidmət sahəsi ilə bağlı iradıdır. Lakin rayonun ayrı-ayrı qəsəbələrini, o cümləən bu gün mərkəz funksiyasını yerinə yetirən Quzanlını gəzərkən eyni iradlarla qarşılaşırsan. "Ağdamda ciddi şəbəkə problemi var." Əcəba bəs mütəmadi olaraq öz yeniliklərini gözə soxan bir mobil operatorun xidmət sahəsi nədən məhz Ağdamda bu qədər yarıtmaz fəaliyyət göstərir? Nə üçün Azərbaycan hökuməti düşmənlə üz-üzə, göz-gözə duran bir bölgədə mobil xidmətlərin yarıtmaz fəaliyyətinə diqqət yetirmir? Daim müharibə rejimində yaşayan bir bölgədə hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə ağdamlı mobil telefonunu götürüb şəbəkə axtarmaq üçün hara qaçmalıdır? Düşmən ağdamılı şəbəkə tapana qədər gözləyəcəkmi? Axı onun da adı üstündədir - DÜŞMƏN. Düşünün, zaman yoxdur. Amma yenə də düşünün.

"Su problemi əksər problemlərin törədicisidir."

İllərdir ki, bu əyalətin insanı əkdiklərinin xeyrini görmək üçün çalışır. Lakin su probleminin mövcudluğu digər problemlərin törədicisi olaraq qalır. Belə ki, kəndli min bir əziyyətlə əkdiyi məhsulunu normal qaydada suvara bilmədiyi üçün məhsul ondan aslı olmayan zəbəblərə görə məhv olur. Bu isə ərzaq təhlükəsizliyi, məhsul bolluğu üçün SOS siqnalıdır. Təssüflər olsun bu sahəyə cavabdeh olan qurumlar fəliyyəti vəddən o yana keçmir. Məsələnin ən təhlükəli tərəfi isə bu qurumların birgə fəaliyyətinin nəticəsi olaraq, izolə edilməmiş su borularını eyni formalı qaz boruları ilə üst-üstə, bir çuxurda basdırmalarıdır. Xatırladaq ki, izolə ediləmiş metal borular tez bir zamanda korroziyaya uğrayır. Nəzərə alsaq ki, bu hl üst-sütə olan qaz və su borularında baş verir, o halda fəlakətin miqyasını təsəvvür etmək o qədər də çətin deyil. Qazın suya qarışması və s. Ərazidə 18 qəsəbə var. Bu qədər qəsəbənin su ilə təminatı ərazinin təbii ehtiyatlarından istifadə ediləcəyi təqdirdə nəinki ciddi, hətta xırda problem belə deyil. Bəs elə isə nəyi gözləyirsiniz?

"Zibil vaxtlı vaxtında daşınmır, üfunət iyi ətrafa yayılır"

Bir neçə gün öncə biz Ağdamda olarkən nəinki buğda, hətta arpa sahələrinin böyük bir hissəsi belə biçilməmişdi. Sözsüz ki, bu bütün ölkə fermerlərinin hər il təkrarlanan problemləridir. Düzdür hamı, hər kəs vicdanlı münasibəti bölgəsindən aslı olmayaraq haqq edir. Lakin hər kəs öz evindədir. Ağdamın işğal altında olan 77% ərazisində doğulan ağdamlının üstündə isə bir məcburi köçkün ətaləti var. Dərdi azmış kimi nədən bu insanlara əlavə, özünüzün yaratdığınız problemləri dərd olaraq sırıyırsınız? Nədən məcburi köçkünü zibil qalıqlarının arasından keçib sığındığı komasına getmyə məcbur edirsiniz? Nədən cənablar. Zatən münasibətiniz, idarəçilik formatınız, həyata, insana baxışınız üfunət qoxuyur. Yetməzmi?
Problemləri ilə baş-başa qalan, yalnız Tanrının unutmadığı məkan - AĞDAM
Hacı Bakir Həsənbəyli
Conflict.az