Tovuzda iki idarənin bir hoqqası... - GİLEY

Gündəm / Bölgə

29

Tovuzda iki idarənin bir hoqqası... - GİLEYTovuz rayonunun Hunanlar kənd sakini, Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlil Vahid Ələkbərov bir aya yaxındır işıqsız qalması barədə Sputnik Azərbaycan-a müraciət edib. Şikayətlə bağlı saytımızın bölgə müxbiri sözügedən kənddə olub və vəziyyətlə maraqlanıb.

Ələkbərovlar ailəsi 5 il öncəyədək Hunanlar kəndində daimi yaşayıblar. Sonradan övladlarının təhsili ilə bağlı Bakıya köçüblər. Hər il 3 ay yayı doğma kəndlərində keçirən ailə bu yay kəndə gələrkən "sürprizlə" qarşılaşıb.

Evin xanımı Xalidə Quliyevanın bildirdiyinə görə, bir neçə ay bundan əvvəl kənddə aparılan kabelləşmə zamanı onların öz vəsaitləri hesabına çəkdikləri elektrik naqilləri və indiyədək istifadə etdikləri sayğac sökülüb: "Bu evi 90-cı illərdə tikmişik. O vaxt öz vəsaitimiz hesabına elektrik xətti də çəkmişik. Kabelləşmə gedəndə həmin xətti söküblər, sayğacı isə aparıblar. Həyətdə bir işıq dirəyi üçün yer qazılsa da, basdırılmayıb. Yeni sayğacı aparıb qonşunun divarına bərkidiblər. Evə isə işıq çəkməyiblər".

"Bir aya yaxındır gəlsəm də, evdə şam yandırıram. Yemək bişirə bilmirəm, aldığım ərzaqları aparıb qonşuların soyuducusuna qoyuram. İşıq yoxdur, mən necə yaşayım burda? Gah qaynımın, gah qardaşımın evində qalıram. Nə qədər başqasının evində yaşayım?" – deyə evin xanımı gileylənib.

Ev sahibi Vahid Ələkbərov bildirib ki, məsələ ilə bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət edib, lakin müxtəlif bəhanələr gətirərək problemi həll etməyiblər: "Bilmirəm, burda nə var. Bizi niyə incidirlər? Bir dayaq basdırıb, 30 metr kabel çəkilməsi nə böyük problemdir ki, biz qaranlıqda yaşayaq?"

"Ev istəmirəm, maşın istəmirəm, pul istəmirəm, öz haqqımı istəyirəm. Prezident deyib ki, ilk növbədə Qarabağ müharibəsi veteranlarının, əlillərinin problemləri həll olunmalıdır. Amma rayon işıq idarəsi bizi heç nədən incidir" — V.Ələkbərov vurğulayıb.

Ailə başçısı, həmçinin qeyd edib ki, problemləri tək işıqla bağlı deyil. Belə ki, yaşadıqları kəndə hələ təbii qaz verilməsə də, artıq qaz xətti çəkilib. Kənddəki evlər, tamamilə sayğaclaşdırılıb. Ələkbərovlar ailəsi isə bu sayğaclaşmadan da kənarda qalıb. İşi görən şirkət rəsmiləri ilə əlaqə saxladığını deyən V.Ələkbərov boruların və sayğacın bitdiyi cavabını alıb.

Ailənin qarşılaşdığı problemlərlə bağlı ilk növbədə "Azərişıq" ASC-nin Tovuz Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Kəmalə Abdullayeva ilə əlaqə saxladıq. Rəis vətəndaşın sayğac problemindən agah olduğunu bildirdi. Qeyd etdi ki, məsələ ilə bağlı göstəriş verib, tezliklə Ələkbərovlar ailəsinin problemi həll olunacaq.

Həmçinin, qaz sayğacı ilə bağlı da sayğaclaşmanı həyata keçirən şirkətin icraçısı Müşviq Heydərovun da münasibətini öyrəndik. İş icraçısı qeyd etdi ki, ev sahibləri evdə olmadığı təqdirdə həyətlərə daxil olmağa icazələri yoxdur: "Ələkbərovlar ailəsinin heç bir üzvünün evdə olmadığına görə onlarda sayğaclaşma işi aparılmayıb".

M.Heydərov hazırda ailənin evi üçün sayğac və boru sifariş verildiyini deyib, lazım olan ləvazimatlar göndərildikdən sonra kənd sakininin bu probleminin də öz həllini tapacağını bildirib.

REDAKSİYADAN:
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az