“GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

Gündəm

77

“GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüatBank rəsmiləri Emin Zeynalovun ölkədən qaçması ilə bağlı xəbərləri təkzib edir, amma…

Azərbaycanda növbəti bank fırıldağının üstü açılıb. Belə ki, “GünayBank” ASC İdarə Heyəti sədrinin müavini Emin Zeynalovun bankdan 100 milyon manat götürərək ölkəni tərk etdiyi bildirilir. Belə məlum olur ki, E.Zeynalov “GünayBank”da rəsmi bankçılıq fəaliyyəti ilə yanaşı qeyri-leqal pul dövriyyəsi sxemi də təşkil edib.

Virtualaz.org-un yazdığına görə, bu sxem üzərindən on milyonlarla dollar dövr elətdirib və üstəlik həmin pulları “Forex” beynəlxalq online valyuta mübadiləsi birjasında “fırladıb”, amma bu əməliyyatlarda böyük pullar itirib: “Bankir Emin Zeynalovun 100 milyon manata yaxın pulla ölkədən qaçdığı barədə xəbərimizdən sonra ”GünayBank” ASC-nin Müşahidə Şurasının sədri, xanımı Yeganə Şirinova ilə birlikdə bankın səhmlərinin 90 faizə yaxın hissəsinə nəzarət edən Mahmud Məmmədov saytlardan birində təkzib xarakterli bəyanatla çıxış edib. Bildirib ki, Emin Zeynalovun bankın pullarını götürüb qaçması yalandır, amma onun “xaricdəki biznes tərəfdaşları” qarşısında borcları olub və həmin borclar barədə eşidən kimi Zeynalovu vəzifədən uzaqlaşdırıb”.

“GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat
“GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat
Hadisə barədə məlumat verən mənbə sayta bildirib ki, E.Zeynalov “GünayBank” ASC-də vəzifəyə keçəndən sonra Bakıda müxtəlif imkanlı şəxslərdən milyonlarla manat yığaraq hesaba alınmamış vəsaitlər qismində bankda dövriyyəyə buraxıb: “Bu qanunsuz pul dövriyyəsinin bankın Müşahidə Şurasının rəhbərinin xəbəri olmadan təşkil edildiyi ağlabatan hesab edilmir. Mənbə bildirir ki, bankda uçota alınmamış pulların dövriyyəsindən böyük gəlirlər əldə etmək mümkün olur”.

Mənbənin bildirdiyinə görə, E.Zeynalovun Mahmud Məmmədova 15 milyon dollar borcu yaranıb. Həmin pulun 8 milyon dollarını onun atası ödəyib. Zeynalovun borclarının ümumi məbləği isə 60 milyon dollar, yəni 100 milyon manata yaxındır. Mahmud Məmmədovun pullarının bir hissəsini geri alandan sonra Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına məlumat verdiyi bildirilir.

Eyni zamanda E.Zeynalova pul verən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər.

Baş verənlər göstərir ki, Azərbaycanda banklara nəzarət kifayət qədər zəifdir. Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, belə hadisələr bank sektoru üçün adiləşib artıq: “Belə hadisə yeni deyil. O mənada ki, zaman-zaman banklarda qeydiyyatsız dövriyyənin olmasına dair məlumatlar yayılıb. Hətta məndə olan məlumata görə, bəzi banklarda əmanətlər saxta sənədlərlə rəsmiləşdirilir, amma reallıqda qeydiyyata alınmır, heç əmanətçinin bundan xəbəri də olmur. Bu kimi hadisələrlə bağlı bir neçə dəfə cinayət işi də qaldırılıb, həbslər də olub”.

Ə.Həsənovun sözlərinə görə, qeyri-rəsmi dövriyyədən zərərçəkənlər bir çox hallarda rəsmi şikayət etmirlər: “Pulunu qeyri-rəsmi dövriyyəyə etibar edən insanlar problem yarananda hüquq-mühafizə orqanlarına müraciət etməyərək başqa yollarla işi həll etməyə çalışırlar. Buna görə də biz digər banklarda da olan bu kimi hadisələr zamanı itirilən pulların miqdarı barədə məlumata malik olmuruq”.

Mütəxəssis hesab edir ki, bu hadisə Azərbaycanda bank nəzarətinin zəifliyini ortaya qoyur: “Vaxtilə Mərkəzi Bankın, indi də Maliyyə Bazarlarına Nəzarət Palatasının demək olar ki, heç bir bank nəzarəti yoxdur. Bank nəzarətinin nə üçün lazım olduğunu bilmək lazımdır. Məsələ burasındadır ki, digər biznes fəaliyyətlərinə bu cür nəzarət olmur. Banklara ona görə olmalıdır ki, öz vəsaitlərini deyil, əmanətçilərin, on minlərlə, yüz minlərlə insanın pulu ilə işləyirlər. Müflis bankların fəaliyyətinin təhlili göstərir ki, Azərbaycanda bank nəzarəti formaldır, böyük ehtimalla, korrupsiya var”.

Hüquqşünasın dediyinə görə, Mərkəzi Bankın dövründə işlə peşəkarlar məşğul olurdular, indi isə qeyri-peşəkarlar:“Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri İbrahim Abışovun bank sahəsində ciddi bir peşəkar, təcrübəli mütəxəssis olduğunu söyləmək qeyri-mümkündür. Ona görə də bankların fəaliyyətinə nəzarət zəifləyib. Belə hallar banklara olan inama ciddi zərbə vurur, əmanətlərin geri çəkilməsinə səbəb olur. Bütövlükdə bank sektoru üçün ciddi zərbədir”.

Ə.Həsənovun fikrincə, E.Zeynalov cinayət əməlini təkbaşına törədə bilməzdi: “Bu adam o işi təkbaşına edə bilməzdi. Mütləq bankın başqa rəhbər şəxsləri də dindirilməlidir. ”StandarBank”da bütün günahları atırlar hazırda ölkədə olmayan Səlim Krimanın üzərinə, halbuki onun 1 milyard manatı təkbaşına dağıtması mümkün deyildi. Nə halətdirsə, belə bank fırıldaqlarında suçlanan şəxslərin hamısı ölkədən qaçmış olur, geri qaytarılması mümkün olmur. Yalnız Cahangir Hacıyev törətdiyi əmələ görə həbs edilə bilib…”

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az