276 SAYLI MƏKTƏBDƏ RÜSVAYÇILIQ

Gündəm / Cəmiyyət

35

276 SAYLI MƏKTƏBDƏ RÜSVAYÇILIQTəhsil Nazirliyinin sözçüsü isə medianın sorğularını senzuradan keçməsi üçün Mətbuat Şurasına ünvanladığını etiraf etdi

Həmişə təlim və tərbiyə təhsilin qoşa qanadları sayılıblar. Bir çox hallarda pedaqoji düşüncə tərbiyəni hətta təlimdən də önəmli sayıb. Bu qanadların biri qırılarsa, ikincinin də əhəmiyyəti sual altında qalır.
Bir həftə əvvəl «Dəryaz» qəzetinin redaksiyasına paytaxtın Binəqədi rayonundakı 276 saylı məktəbində baş vermiş xoşagəlməz olayla bağlı ilginc məlumat daxil olmuşdur. Nə qədər acı olsa da, doğruluğuna dəlalət edən əlamətlər çox olduğu üçün xəbəri oxucularımızla bölüşmək qərarına gəldik. Çünki həmin xəbərin ehtiva etdiyi faktlara görə vaxtında məsuliyyət sorulmasa, günahkarlar barədə sərt tədbirlər görülməzsə, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Etibarlı mənbədən aldığımız məlumata görə, sözügedən məktəbin fizika müəllimi Əlağa Əlif oğlu Xudiyev


ƏLİAĞA XUDİYEV ƏLİF
Vəzifə: Müəllim
Fənn: Astronomiya, Fizika, Həndəsə, Riyaziyyat
Bitirdiyi təhsil müəssisəsi: M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu
Təvəllüd: 08.01.1961
İlk fəaliyyət ili: 10.01.1992
E-mail: maktab276@mail.ru
əks cinsdən olan şagirdinə qarşı əxlaqsız hərəkətlər törətməyə cəhddə bulunmuşdur. Təşvişə düşmüş şagird sarsılmış halda ağlaya-ağlaya məruz qaldığı seksual xarakterli hərəkətlər barədə həmin vaxt məktəbdə olan Təhsil Nazirliyinin nümayəndələrinə şikayət etmişdir. Şübhələrin əsaslı görünməsinə dəlalət edən bir məqam da artıq həmin müəllimin deyilənə görə məhz TN -nin müdaxiləsi ilə işdən qovulmasıdır.

Məlumatı araşdırmaq üçün məktəbin direktoru Bəhram Şiriyevə zəng vurub hadisə barədə hansı ölçü götürdüyünü öyrənməyə çalışdıq. Direktor isə eşitdiyi ilk cümlələrdən sonra dəstəyin o başından «alo-alo…» deyərək, guya telefon bağlantısında xəta olması görüntüsü yaratmağa çalışdı və əlaqəni kəsdi. Sonrakı iki gündə onunla əlaqə yaratmaq üçün daha bir neçə cəhdimiz uğursuz alındıqdan sonra nəhayət ki, dəstəyi dediyinə görə direktorun katibəsi olan xanım əməkdaş qaldırdı. Bildirdi ki, direktor məktəbdə yoxdur: «Nə sözünüz var mənə deyin, gələndə çatdıraram». Bizi dinləyəndən sonra bircə onu bildirdi ki, bizdə olan məlumatda yanlışlıq var. Yanlışlıq isə nədən ibarət olsa yaxşıdır: Demə, haqqında şikayət edilən müəllim bizim bildiyimiz kimi riyaziyyat deyil, fizika fənnini tədris edirmiş.

Katibəyə koordinatlarımızı, əlaqə nömrələrimizi bildirsək də, direktor görünür bizi aramağa lüzum bilmədi.

Növbəti addımda Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədovla əlaqə qurmağa çalışdıqsa da, nail ola bilmədik. Onun votsapp nömrəsinə sualllarımızı yazıb cavab gözlədik. Yenə alınmadı. Nəhayət, mobil telefonuna zənglərimizdən birini açdı. Suallarımızı cavablandırmaq əvəzinə, onlardan yayınaraq əksinə bizim özümüzü ittiham etdi. Bakı məktəblərində baş verən neqativ hallarla bağlı əvvəlki araşdırmalarımızdakı xoşuna gəlməyən məqamları xatırlatdı: «Siz niyə həmişə bizim verdiyimiz səmimi cavabları olduğu kimi dərc edirsiniz ki?» Əsassız iradlarını üstümüzə yağdırandan sonra nəhayət ki, suallarımızı İdarənin imeyl poçtuna yazmağı bizə tövsiyə elədi. Dediyi kimi etdik. Amma sonrakı günlərdə cavabı gəlmədi.
Nəhayət bu günlərdə Bakı şəhər Təhsil İdarəsi suallarımıza cavab vermək əvəzinə aşağıdakı məzmunda yayındırıcı məktub yazdılar. Həmin mətni nöqtə vergülünə toxunmadan olduğu kimi dərc etməyi qərara aldıq. İrəliləyən sətirlərdə həmin məktubu siz oxucularla birgə nəzərdən keçirəcəyik.
Ən nəhayət, Təhsil Nazirliyinin KİV-lə əlaqələrinə məsul olan Cəsarət müəllimlə bağlantı qurduq. Danışmaq fürsətini bulmuşkən, əvvəlki məktublarımıza da cavab verilmədiyini yada saldıq. Olduqca təəccüblənməyimizə səbəb olan cavab aldıq: «Biz sizin suallarınızı Mətbuat Şurasına göndəririk, nə məsləhət bilsələr, o cür hərəkət edirik». Cəsarət müəllim TN-nin MŞ ilə hansısa əməkdaşlıq platformasının mövcudluğundan da danışdı və bildirdi ki, həmin platformanın razılaşdırılmış şərtlərinə görə, Nazirliyin media ilə əlaqələri məhz Şura üzərindən qurulur.(Həmin səs yazısını olduğu kimi təqdim edirik)
Cəsarət müəllimin sözlərinə inansaq belə çıxır ki, Mətbuat Şurası Azərbaycanda Ümummilli lider Heydər Əliyevin azad söz üzərində senzuranın ləğv edilməsi barədə qərarına tüpürüb, özü senzor kimi çıxış edir. Hökumət qurumu olan Təhsil Nazirliyi isə öz nöqsanlarını ört-basdır etmək əvəzinə senzora dəstək verir.
Kaş eşitdiklərimiz həqiqət deyil, Cəsarət müəllimin özünün fantaziyaları olaydı! Axı qanuna görə MŞ hətta heç «reket» siyahısına saldığı KİV-in belə suallarını cavablandırmağı heç bir idarə, müəssisə, təşkilata qadağan edə bilməz.

(Qeyd edək ki, nə «Dəryaz» qəzetinin nə də ki, «deryaz.az» saytının adı Mətbuat Şurasının qara siyahısında yoxdur)

Görünür, Fövqəladə Hallar Nazirliyinin polkovnikinin mexanika barədə tədris vəsaitini sekslə əlaqələndirməsi yoluxucu xəstəlik kimi ölkəmizdə başqa fizika müəllimlərinə də sirayət edib.

İndi isə BŞTİ-dən aldığımız məktubun «özəllikləri barədə:

«Salam.

Qeyd etdiyiniz məlumatın heç bir əsası yoxdur.

Onu da nəzərə çatdıraq ki, daxil olmuş sorğular dəfələrlə müvafiq müddət ərzində cavablandırılsa da, saytınızda təhsil müəssisələri, məktəb direktorları, təhsil sahəsində çalışan şəxslər barədə heç bir əsası olmayan məlumatlar yaymaqda, dövlətin təhsil siyasətinin uğurlarına kölgə salmaqda, insanların şəxsi həyat toxunulmazlığını pozan informasiyalara yer verməkdə davam edirsiniz. Saytınızda verdiyiniz yazılarda ehtimal üzərindən qurulmuş ittihamlarınızı yazaraq yalnış mənzərə formalaşdırmağa çalışır və sonda isə açıqlamanı kiçik bir qeyd kimi verirsiniz. Bir çox halda isə silsilə “ittiham yazılar”dan sonra sorğu göndərilir ki, bu da qarşı tərəfin mövqeyinin əvvəlcədən öyrənilməməsi kimi dəyərləndirilir.

Dəryaz.az-ın rəhbəri Habil Tağıyevə telefon danışıqları və yazışmalar zamanı da bu halların peşəkar media prinsipləri ilə daban-dabana ziddiyət təşkil etdiyi, Azərbaycanda təşəkkül tapan ənənəvi media fəaliyyətinə uyğun gəlmədiyi bildirilib.

Təəssüflər olsun ki, Habil Tağiyev bütün bunlara məhəl qoymayaraq, “öz üslubu” ilə davam etməkdə, təhsil işçilərinə qarşı təhdid və təhqirlərini davam etdirməkdədir.
Təsadüfi deyil ki, rəhbərlik etdiyiniz Dəryaz.az saytı Azərbaycan Mətbuat Şurasının “Qara siyahısı”na salınmışdır. Saytınızda əsasən, “KİV haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə riayət olunmadığı, qarşı tərəfin mövqeyi öyrənilmədən yazılar dərc edildiyi, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulması, yanlış və qərəzli məlumatların yayımlanması, yazılarda adları qeyd olunan şəxslərin şərəf və ləyaqətinin qorunmaması, şəxsi həyatın toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verildiyi müşahidə olunmaqdadır.
Bir daha nəzərinizə çatdırırıq ki, hər zaman KİV-lə səmərəli, peşəkar və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə sadiq qalır, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsini prioritet istiqamətlərindən biri kimi qəbul edirik.
Yəqin müşahidəli oxucular başa düşdülər ki, BŞTİ-nin redaksiyamızın imeylinə göndərdiyi məktub birbaşa təhsilimizin üz qarası olan «direktor» və «müəllim»ləri ictimai qınağa tuş gəlməkdən qorumağa hesablanıb. Göründüyü kimi, məktub idarəyə ünvanladığımız bircə suala belə cavab vermir. Əgər İdarə mənsublarının gözünə ittiham kimi görünən tənqidi yazılarımız əsassızdırsa, nəyə görə «günahsız» fizika müəllimi işdən çıxarılırdı? Nəyə görə məktəb direrktoru susur?
Bundan başqa, «Dəryaz» qəzeti hazırda Mətbuat Şurasının «reket» nəşrlər siyahısında deyil. Belə olan halda BŞTİ-nin bizi qaralamağa çalışmasına nə ad vermək olar? Böhtançının, yalançının, ikiüzlünün yekəsi onlar deyilmi? Deyillərsə, əksini sübut etsinlər: Mətbuat Şurasından bizim dərginin hal-hazırki tarixə»qara siyahı»da olduğunu təsdiqləyən arayış alıb bizə göstərsinlər.


REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az