Tarix : 26-03-2017, 15:01 | Bölmə: Gundem, yazar |
Elman ABBASOV – İTİRƏ – İTİRƏ YAŞAYIRIQ FB-dəki bəzi statuslarla əlaqədar nə isə yazmaq, hətta məsələlərə münasibət bildirmək istəmirdim. Amma elə münasibətlər olur ki, onu ötüşdürmək olmur. Əvvəla, sosial şəbəkə artıq bir zamanların təndir ətrafına bənzəyir. Bütün FB-də olan dedi-qodular - qeybətlər təndir ətrafında dövrə vurub dayanan xanımların söhbətinə bənzəyir.
İctimai çəkisi olanların belə yazdıqları statuslar məhz həmin anları xatırladır. Söz urvatdan salındı. Sözün dəyəri qalmadı. Bu alan kimlərinsə özlərini reklam məkanına çevrildi. Olsun, amma vicdanla. Kimsə, haradasa, yediyinin, içdiyinin, hətta... şəkillərini çəkib paylaşır FB-də. Axı bunun mənə və yaxud kimlərəsə nə dəxli var? Kimisi hansısa məmurdan, hətta onunla eyni fikirdə olmayandan acıqlıdırsa, təhqir edir. Avropada olan dostlar isə əsasən xalqı ittiham edirlər. Halbuki onlar bu ölkəni kefdən deyil, məhz işgəncə gördükdən sonra tərk etdilər. Ora, yəni bu gün söz deməyin asan olduğu ölkəyə getdikdən sonra isə buradakıları, yəni səni, məni, onu qınamaqla məşğuldurlar. Bu vəziyyət bir el məsləni xatırladır: kasıb evdən çıxdı, elə bildi ki, evi varlandı. Adama deməzlərmi mövcud şəraitdə mübarizə aparmaq sənə bu qədər asan idisə, nədən ölkəni tərk edirdin? Susursan.
Dünyada qlobal proseslər baş verir. Qlobal güclər dünyanın xəritəsini dəyişməyə çalışırlar. Öz acımızdan yanaşmayaq. İqtidara münasibətimizin necə olması bizə əsas vermir ki, Azərbaycanın ərazisinin dəyişməsinə imkan verək. Əgər sənin, mənim, bizim olan məmləkətin ərazisi XX əsrin əvvəlində 114 min kv/km idisə, indi 86 min kv/km-dir. Halbuki bu rəqəm XVI əsrdə 540 min kv/km idi. İndi heç nəyimiz, o cümlədən də ərazimiz tam deyil. Artıq XX əsrin sonlarından həmin rəqəmin 20%-i də işğal altındadır. Ərazilərimizi itirə-itirə yaşayırıq. Budəfə də düyməyə basılıb. Separatizm körüklənir. Bəzi qüvvələr müstəqil Azərbaycan adlı dövlətin olmasını belə həzm edə bilmirlər. Azərbaycanda yaşayan hər bir vətəndaşın, o cümlədən də etnik xalqa mənsub olan şəxsin hər hansı media təsis etməsi qanuna zidd deyil. Lakin orada dövlət əleyhinə təbliğat aparılması, artıq bu suçdur. Həm də dövlətə xəyanət hesab ediləcək qədər. Hakimiyyətin isə bu məsələni hələ də görməzdən gəlməsi isə sadəcə təəccüblüdür.
Facebook sosial şəbəkəsində, habelə Azərbaycandan kənardan yayımlanan “Talışstan TV” adlı internet televiziyasında açıq şəkildə separatizm təbliğ edilir. Bu təbliğat dövlətimizi, dövlətçiliyimizi, Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə təhdid edir. Azərbaycanın parçalanması və dövlətin məhv edilməsi ilə bağlı açıq şəkildə digər azsaylı xalqlara çağırışlar edilir. Azərbaycanda yaşayan etniklər - talışlar,tatlar, ləzgilər və başqaları əzilən, diskriminasiyaya məruz qalan xalqlar kimi göstərilir. Onların sayları, məskunlaşdıqları ərazilər süni şəkildə şişirdilir, mövcud coğrafiyada “müstəqil dövlətlərin” yaranmasına təşviq edilirlər.
Azərbaycanı sevməyən qonuşu Rusiya və İranın şovinist qüvvələri tərəfindən təşkil olunan bu prosesdə təəssüflər olsun ki, daxildə də adı çəkilən dövlətlərin nökərləri, 5-ci kalon adlanan kəsim də cani dildən iştirak edirlər. Ən dəhşətlisi və təhlükəlisi isə Azərbaycanda yüksək vəzifələrdə təmsil olunan bir sıra şəxslərin, qruplarında Rusiyanın bu bölücü maraqlarına xidmət etməsidir. Rusiya və İran separatizmi alovlandırmaqla Azərbaycana təzyiq etmək istəyirlər. Bu cür təzyiq rıçaqından həmin dövlətlər zaman – zaman istifadə ediblər. Media bu mövzunu diqqətə çatdırır, kampaniya xarakterli həyəcan siqnalı çalır. Cənub və şimal bölgəsində separatizmi alovlandırmaqda Rusiya və İran həmişə maraqlı olub. Etnik münaqişə yaratmaq meylləri artıb və bu gün baş verənlər artıq pik nöqtədədir.
XX əsrin əvvəllərindən ermənilərin Azərbaycan torpaqlarına iddiaları və baş verən soyqırımlar, zaman-zaman azərbaycanlıların Qərbi Azərbaycandan - öz dədə - baba torpaqlarından tamamilə deportasiya edilməsi, nəhayət əsrin sonunda Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi Qarabağın işğalı ilə nəticələndi.
Baş verən hadisələr fonunda hakimiyyət bu günə kimi ruslar və farsların Azərbaycan xalqına, dövlətçiliyinə “Gülüstan” müqaviləsindən bu günə kimi vurduğu zərbələrlə bağlı hər hansı r ciddi təbliğat, izahat işi aparmayıb. Bu gün “5-ci kalon”a qoşulma riski olan azsaylı xalqların düzgün vətəndaş mövqeyi tutmaları üçün tarixi yaddaş oyandırılmayıb. Xalqda tarixi düşüncə, tarixi hiss formalaşdırılmayıb. Bu gün Azərbaycan xalqının böyük əksəriyyəti, o cümlədən də etnik hesab edilən vətəndaşlarımız bilmir ki, istər çar, istərsə də sovet Rusiyası dövründə Azərbaycanda rus əsarətinə qarşı onlarla xalq üsyanı olub. Bu üsyanların ən böyüklərini məhz Azərbaycanın etnik azlıqları – talışlar, avarlar, ləzgilər qaldırıblar. Lənkaran, Car-Balakən və Quba xalq üsyanları buna ən gözəl nümunədir. Azərbaycanda yerli türklərlə yalnız dil fərqliliyi olan etnik azlıqlar, ruslarla dil, mədəniyyət və din fərqini nəzərə alaraq, həmişə rus imperiyasına qarşı Azərbaycan uğrunda, türklərlə çiyin-çiyinə mübarizə aparıblar. Əsrin əvvələrində, Rusiyanın hərbi – siyasi dəstəyi ilə baş verən erməni genosidinin tarixin qalıcı səhifəsinə yazılması da məhz bu aspektdən olub. Genosid qurbanları sırasında Azərbaycan türkləri ilə yanaşı kürdlər, talışlar, ləzgilər, avarlar və s. kiçik xalqların da nümayəndələri olub.
Rusların Azərbaycanı işağal etməsini, yalnız dövləti deyil, o cümlədən xalqı parçalamasını, Şimali Azərbaycan ərazisində erməni dövlətinin yaradılmasını, Qarabağda separatizmə təkan verməsini, ərazilərimizin qərbdən böyük bir hissəsinin Gürcüstana “hədiyyə edilməsi”ni xalqın yaddaşından silinməyə qoymayaq.
Son zamanlar parlamentdə təmsil olunan bəzi şəxslərin də məsuliyyətsiz çıxışları separatizmə meyilli mübahisələrin gündəmə gəlməsinə şərait yaradır. Təəssüflər olsun ki, seperatizmin təbliğinə qarşı Azərbaycan Respublikasının Konstitusiyasında ciddi mübarizə aparmaq nəzərdə tutulsa da, təhlükəli separatizm meyllərinə qarşı hələ də dövlət səviyyəsində ciddi tədbir görülmür. Bu məsələdə hər bir vətəndaşın, həm müxalifətin, həm hakimiyyətin, xüsusilə dövlətin müvafiq orqanlarının üzərinə ciddi məsuliyyət düşür.
P.S. Sonda Avropada yaşayan bəzi soydaşlarımızın bura, daxilə ünvanladıqları suala, məndə sualla cavab vermək istəyirəm. Nədən siz illərdir Avropada yaşaya-yaşaya hələ də təşkilatlana bilmirsiniz? Nədən bu günə qədər istər dövlətçiliyin müdafiəsi, istərsə də hakimiyyət – vətəndaş münasibətlərinin mövcud durumuna vahid mərkəzdən münasibət bildirmirsiniz? Nədən dövlətçiliklə bağlı bir media orqanı təsis edə, qura bilmirsiniz? Nədənləri saymaqla qurtarmır. Cənablar, buyurun, sizlər cəmi bircə addım atın və sonra buradakıları ittiham edin. Olurmu?

Conflict.az dle 10.1
(Reytinq:3)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla