BİNƏQƏDİ RAYON İCRA HAKİMİYYƏTİ ZABİTİN KİRAYƏ HAQQINI MƏNİMSƏYİR! – ŞİKAYƏT

Gündəm / Cəmiyyət

278

BİNƏQƏDİ RAYON İCRA HAKİMİYYƏTİ ZABİTİN KİRAYƏ HAQQINI MƏNİMSƏYİR! – ŞİKAYƏTÖlkədə maliyyə böhranının yaranması, büdcədən dövlət orqanlarına ayrılan vəsaitin azaldılması məmurların soyğunçuluğunu daha da artırıb.

Hökumətin vəsaitlərə qənaətlə xərcləmək tövsiyyəsindən “ruhlanan” yerli icra orqanları, hətta qanunla əlillərə, ehtiyatda olan hərbçilərə verilməli olan vəsaitləri belə ixtisar etməyə başlayıblar. Hər halda ehtiyatda olan zabit Əlimusa Saleh oğlu İbadovun şikayəti belə söyləməyə əsas verir.

Conflict.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, onun göndərdiyi şikayət məktubunda bildirilir: “Mən İbadov Əlimusa Saleh oğlu Binəqədi rayonunda qeydiyyatdayam. Ehtiyatda olan zabitəm. Mudafiə nazirinin əmrinə əsasən, xəstəliyimlə əlaqədar olaraq ehtiyata buraxılmışam. Hal-hazirda 2-ci qurup əliləm.
2008-ci ildən “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanunun 12-ci maddəsinə əsaslanaraq, hərbidən xəstəliyimlə əlaqədar olaraq ehtiyata buraxıldığım üçün Binəqədi rayon İcra Hakimiyyətində ev növbəsinə durmuşam.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarının 1-ci bəndinə əsasən, çox uzun çəkişmədən sonra mən 16 iyul 2013-cü ildən kirayə pulu ilə təmin olunma haqqını qazandım.
2016-cı il mart ayından Binəqədi rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri işləyən Yunus adlı şəxs mənə xəbərdarlıq etmədən, kirayə pulumu kəsib. Dəfələrlə zəng edikdən sonra onunla əlaqə yaradaraq bunun səbəbini soruşdum. Dedi ki, Nazirlər Kabinetinə məktub gondərmişik, cavab gələn kimi xəbər edəcəyik. Sonra bunlardan hec bir xəbər cixmadığından, Binəqədi rayon İcra Hakimiyyətinə məktubla müraciət etdim.

Məktubuma Binəqədi İcra Hakimiyyəti tərəfindən belə bir cavab göndərildi : “Qüvvədə olan qanunvericilikdə Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 ildən az xidmət etmiş, xəstəliyə görə ehtiyata buraxılmış zabitlərə mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır”.

Ancaq Azərbaycan Respublikasının hec bir qanununda belə bir müddəa yoxdur. Bu, olsa-olsa Binəqədi rayon İcra Hakimiyyətinin daxili qanunudur. Bununla bağlı bir dəfə hüquqşünas Yunusun qəbulunda olmuşam. Onun ozünə də bildirmişəm ki, belə bir qanun heç yerdə yoxdur. Hətta ona sual verdim, kim zəmanət verə bilər ki, zabit hərbi hissəyə gedəndən sonra 3 ildən, 5 ildən və ya 15 ildən sonra xəstələnəcək? Həm də duşmənlə üz-üzə, səngərdə xidmət eləmiş bir zabit… Bu 15 il sözü xəstəliklə ehtiyata buraxılan zabitə aid deyil, xəstəlik sözündən sonra heç bir il məhdudiyyəti göstərilməyib.

Sizdən xahiş edirəm bu işin araşdırılmasında mənə köməklik göstərəsiniz”.

Şikayətçinin xahişini nəzərə alaraq, biz də “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanunu nəzərdən keçirdik və şikayətçinin haqlı olduğu qənaətinə gəldik. Belə ki, sözügedən Qanunun 12-ci maddəsi “Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ” barədədir.

Həmin maddənin 2-ci bəndində göstərilir: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər”.

Göründüyü kimi, qanunda ev və kirayə haqqı ilə təmin olunmaq üçün həm müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həm də Silahlı Qüvvələrin sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular üçün hərbidə nə qədər xidmət etməsilə bağlı müddət göstərilsə də, xəstəliyə görə ehtiyata buraxılan zabitlər üçün hansısa müddət tələbi qoyulmayıb. Məntiqlə də qoyula bilməz. Çünki Vətənin müdafiəsində iştirak edən, səngərdə yatan şəxsin neçə ildən sonra səhətində problem yaranacağını əvvəlcədən müəyyən etmək mümkün deyil.

Bu, həmin maddənin 7-ci bəndində göstərilir: “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) ilə təmin edilirlər”.

Yəni, səhhətinə görə ehtiyata buraxlan zabitlər neçə il xidmət etməsindən asılı olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməlidirlər. Bu Qanunun birmənalı tələbidir.

Odur ki, Binəqədi rayon İcra Hakimiyyəti ehtiyatda olan zabitin kirayə haqqını kəsməklə, qanunu kobud şəkildə pozmuş olub. Yəqin ki, hüquq-mühafizə orqanları və Müdafiə Nazirliyi bununla maraqlanacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandıra bilərik.

Conflict.az