Axı niyə o əjdahadan bizdə yoxdur?

Gündəm / yazar

1 797

Axı niyə o əjdahadan bizdə yoxdur? Aslanov Qədir: “İnanmaq istədiyim daha bir məqam da var- haqqı dərk etmiş vətəndaş cəmiyyətini, beyin aydınladan təhsili, əxlaqlı iqtisadiyyatı və şanlı qalib ordunu qurmaq da nəsibimiz olacaq, növbəti nəsillərə bu yükü ağır miras kimi ötürməyəcəyik”

Kiçik yaşlarımızda böyüklərin bizdən soruşduğu müntəzəm bir sual vardı: “böyüyəndə kim olmaq istəyirsən?” Hərəmiz bu suala dövrünə uyğun olaraq bir cavab verirdik. Sovetlər dönəmində bu sualın cavabı ilk növbədə kosmonavt, prokuror, polis idisə , istiqlalımızın ilk illərindən başlayaraq cavabın məzmunu mövcud ictimai-siyasi şəraitə uyğun olaraq dəyişdi-kommersant, əsgər, biznesmen, polis, siyasətçi, sürücü və s. Bütün bu cavablar illər keçdikcə reallaşdı, hətta bizdən kosmonavt olanlar da tapıldı. Lakin bir qisim isə cəmiyyətdə özünə mövqe tutmaqda çətinlik çəkərək sosial yerləşimin ən dibində yer aldı və “təkər qaraldan”, “moykada” maşın yuyan, bazarda araba çəkən, ordudan yarımşikəst halda təxris olub lotoreya bileti satmaqla məşğul olan və də sayı minlərlə ifadə ediləcək “malyar” arasında özünə təsəlli tapdı. Ancaq bir məsələ var; baxaq görək biz bu ixtisaslara və peşələrə yiyələnməsək yaxud yiyələnməzdən əvvəl kim oluruq, özümüzə sual verək –“ axı sən bir yerdə işləməsən və şəxsi biznesin olmasa kimsən bu cəmiyyətdə? Axı sən KİMSƏN?”
Sual sadə olduğu qədər də düşündürücüdür. Müxtəlif cavabların olması ehtimalını nəzərə alaraq inkişaf etmiş cəmiyyətlərdə bu sualın cavabına nəzər salaq- “ MƏN HƏR ŞEYDƏN ÖNCƏ VƏTƏNDAŞAM”...Həmin dövlətlərin insanı özünü tamhüquqlu, təhlükəsizliyi və ədaləti təmin edilmiş VƏTƏNDAŞ olaraq hiss edir. Özünə dair vəzifə və öhdəlikləri olduğunu dərk edir, bütün vətəndaşlıq haqqlarından geninə-boluna istifadə edəcək qədər savadlıdır, maariflidir. Bəs bizdə bu mənada durum necədir? –Bərbad vəziyyətdədir. Səbəb? Aşağıdakı tezisləri səbəb kimi göstərmək olar məncə..
1) Əvvəla biz uzun illərdir kollektiv demokratiyanın ictimai şüurumuza vurduğu zərbələrdən əziyyət çəkən azərbaycanlılarıq....
2) 18 yaşımıza çatarkən aldığımız vətəndaşlıq pasportu (şəxsiyyət vəsiqəsi) bizim üçün kredit götürməkdən, kommunal xərcləri ödəməkdən və TQDK-da imtahan verməkdən və hərbi xidmətə çağırılmaqdan başqa heç nədə gərəkli görünmür. Cibimizdəki pasport
“i-phonumuz” qədər hörmətli deyil, heç kağız parçası qədər də urvatı yoxdur.
3) Biz dərk etmirik ki, ölkənin ali qanunu olan konstitusiya, qanun məcəllələri, hüquqi aktlar və normativlər, hüquq mühafizə orqanları, ordu, məmurlar, millət vəkilləri və ən sonda prezident bizim şəxsiyyət vəsiqəmiz olmadan, bizim iradəmiz olmadan sadəcə ola bilməzlər və onlar bizə xidmət etmək üçün mövcuddurlar.
4) Papuazlardan və Seneqaldakı qəbilə və sürü halında yaşayan insanlardan fərqimizi dərk etmirik ki, yerləşdiyimiz coğrafi mövqe, tariximiz, qonşularımız və s. bu kimi şərtlər bizdən VƏTƏNDAŞ olmağı tələb edir.
5)Bizim VƏTƏNDAŞ olmağımız düşünən beynimizi mədəmizə sırıyıb kütləşdirənlərin marağında deyil. Əksəriyyətimiz mənafeyimizi birbaşa müdafiə edən konstitusiyanı ömrümüzdə heç olmasa bir dəfə də olsun vərəqləməmişik və s.
Bu siyahını çox uzatmaq olar, lakin sadalamaqla iş bitmir. Azərbaycan Respublikasının vətəndaşları, nə qədər ki tibbi xidməti Səhiyyə nazirliyindən deyil Elgizin verlişindən alacaqlar, nə qədər ki, işsiz insanlarımız məşğulluq idarələrinin yerini deyil, Zaurun qapısını döyəcəklər, hüququ pozulan, haqqı tapdanan insanlar ali orqan sayılan məhkəmədən deyil televiziya aparıcılarından imdad umacaqlar biz dəyişə bilməyəcəyik. Sosial rifahı təmin etmək, hüququn aliliyi bərqərar olan cəmiyyəti qurmaq və sağlam və təhlükəsiz yaşamaq istəyiriksə və ən nəhayət tamhüquqlu VƏTƏNDAŞ vərdişlərinə yiyələnmək istəyiriksə, papağımızı yox, şəxsiyyət vəsiqəmizi qarşımıza qoyub düşünməliyik və seçim etməliyik. Ya biz hamılıqla onun-bunun ölkəsinə qaçıb bu torpaqları erməniyə peşkəş çəkəcəyik, ya da qətiyyətli qərar verib seçkilərdə sandıqları öz xeyrimizə çalışdıraraq millətin və Azərbaycan Respublikasının xilasını, gələcək nəsillərin rifahını təmin edəcəyik.
İnanmaq istədiyim daha bir məqam da var- haqqı dərk etmiş vətəndaş cəmiyyətini, beyin aydınladan təhsili, əxlaqlı iqtisadiyyatı və şanlı qalib ordunu qurmaq da nəsibimiz olacaq, növbəti nəsillərə bu yükü ağır miras kimi ötürməyəcəyik. Ancaq hər şey seçkilərə getməkdən və səs verməkdən asılıdır. Əgər yenə də hakimiyyət təhdid gücünə müəllimləri 200 manat maaş itkisi ilə qorxudaraq 9 milyonun milyardlarını talamaq, gələcəyini qaraltmaq və azadlıqlarını əlindən almağa müvəffəq olacaqsa gerisi seçki məntəqələrində deyil, təlatümün, inqilabın mətbəxində həll olunacaq, özü də millətin ziyanına.
Bu baxımdan da biz polis, prokuror, həkim, müəllim, bənna, rəngsaz, çilingər və S. olmazdan öncə VƏTƏNDAŞ olmağı hədəfləməliyik. Övladlarımızın kiçik yaşlarında yuxarıdakı suala “Mən böyüyəndə VƏTƏNDAŞ olacağam” cavab verməsinə nail olmalıyıq. Ancaq özümüz üçün yaşamalı deyil, ictimaiyyətə töhfə vermək kimi də amacımız olmalıdır.
Bütün bunların nəticəsi olaraq, biz pasportlu insan yığını olmaq durumundan çıxıb, cibimizdəki şəxsiyyət vəsiqəsinin bizə verdiyi VƏTƏNDAŞLIQ imtiyazlarından tam istifadə edərək sosial rifah dövlətini, güclü dövləti qura bilərik.

P.S. ABŞ-da 18 yaşına çatan vətəndaşlar bələdiyyə sədri vəzifəsinə namizədlik verib, qalib ola bilirlər. Axı niyə o əjdahadan bizdə yoxdur?


Aslanov Qədir
Ümid Partiyası Seçki və Təbliğat şöbəsinin müdiri