SUMQAYIT UŞAQ BAĞÇALARINDA TƏHLÜKƏLİ VƏZİYYƏT

Gündəm

309

SUMQAYIT UŞAQ BAĞÇALARINDA TƏHLÜKƏLİ VƏZİYYƏT Ruslan adlı şəxsə məxsus olan sexdə hazırlanan çörəklər birbaşa xəstəlik mənbəyidir
SUMQAYIT UŞAQ BAĞÇALARINDA TƏHLÜKƏLİ VƏZİYYƏT
Nə qədər acı da olsa qeyd etmək istəyirik ki, Azərbaycanda çörək istehsalı sahəsində fəaliyyət göstərən kiçik sexlərdə çörəyin istehsal olunmasında ciddi nöqsanlar mövcuddur. Bu kimi sexlərdə texnologiyadan istifadə sahəsində sanitar qaydalara riayət olunmasında problemlər yaşanır. Əlbəttə ki, bu da son mərhələdə istehsal olunan çörəyin keyfiyyətində və təhlükəsizliyində özünü göstərir. Çörək istehsalında ikinci əsas problem istehsal olunan məhsulların qablaşdırılması və daşınması sahəsindədir. Bəzi çörək sexlərində istehsal olunan çörəyin qablaşmasının üzərinə onun saxlanma müddətinin normadan çox, yəni 5-6 sutka olduğu qeyd olunur. Lakin çörəyin saxlanma müddətinin 72 saatdan çox olmasına icazə verilmir. Həmçinin çörəyin daşınmasında da sanitar qaydaların ciddi şəkildə pozulması, nəqliyyat vasitələrinin təyinatı üzrə düzgün seçilməməsilə qarşılaşırıq. Belə ki, çörəyin minik avtomobilinin yük hissəsinə yığılması və satış yerlərində bu məhsulların üzərinə natəmiz parçaların, hətta paltarların sərilməsi sanitariya sahəsində ciddi nöqsanlardır. Bu kimi hallarla mübarizə aparmaq üçün dövlət sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən daima monitorinqlər keçirilsə də, cərimə sanksiyaları tətbiq olunsa da, nəticə hələ də ürəkaçan deyil. Hətta bəzi çörək sexləri də var ki, daha öncə cərimə olunmalarına baxmayaraq, hələ də eyni problemlər davam etməkdədir. Daxil olan məlumatlara görə, Sumqayıt şəhərində «pasyolka» deyilən ərazidə yerləşən çörək sexinin də fəaliyyətində böyük problemlər mövcuddur. Əslən Gədəbəy rayonundan olan Ruslan adlı şəxsə məxsus olduğu bildirilən çörəkbişirmə sexində sanitar qaydalara əməl olunmur: «Ruslan adlı iş adamının sahibi olduğu çörək sexində istehsal prosesi çox acınacaqlı vəziyyətdədir. Xəmir hazırlanan qazanlar həftələrlə təmizlənmir. Çörək antisanitar şəraitdə bişirilir. Çörək bişirilən sex yaman gündədir. Siçovul əlindən tərpənmək mümkün deyil. Təəssüf ki, bu şəraitdə hazırlanan çörəklər Sumqayıtdakı uşaq bağçalarına paylanır. Bu isə o deməkdir ki, yüzlərlə uşağın sağlamlığı təhlükə altındadır. Çox güman ki, valideynlərin bundan xəbəri yoxdur. Əgər onlar bağçalara verilən çörəyin bu sexdə hazırlandığını bilsələr, yəqin ki, müvafiq qurumlara etiraz edərlər». Qeyd edək ki, 2012-ci ilin dekabrında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi məqsədilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə yaradılıb. Komitədə SMPDK ilə yanaşı Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur. Məqsəd çörək standartının tətbiqinə nəzarət etmək, beynəlxalq təcrübədə olduğu kimi məhsulun paketlənməsini və müxtəlif çəkilərdə hazırlanmasını təmin etməkdir. Bizə çatan məlumatlara əsasən, Ruslan adlı şəxsə məxsus çörək sexində texniki təlimatlardan və resepturalardan kənara çıxmalar mövcuddur: «Bu istehsal müəssisəsinin gigiyenik uyğunluq sertifikatı yoxdur. Həmçinin müəssisə rəhbəri dövlətə düz əməlli vergi də ödəmir». Sözügedən sexin fəaliyyətindəki neqativ hallarla bağlı başqa məlumatlar da var. Yaxın günlərdə Sumqayıt sakinlərinin xahişi əsasında bu sexdən reportaj təqdim edəcəyik. Sonda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovdan, iqtisadiyyat naziri Şahin Mustafayevdən xahiş edirik ki, körpələrin həyatını təhlükəyə atan müəssisənin fəaliyyətinin dərindən yoxlanması istiqamətində öz göstərişlərini versinlər.
SUMQAYIT UŞAQ BAĞÇALARINDA TƏHLÜKƏLİ VƏZİYYƏT
Conflict.az