ADİL VƏLİYEV «SAĞ ƏLİ»Nİ NİYƏ VURDU?

Gündəm

740

ADİL VƏLİYEV «SAĞ ƏLİ»Nİ NİYƏ VURDU? Sabunçu camaatının kabusuna çevrilən Fərid Məmmədəliyev nəhayət ki, layiq olduğu cəzanı aldı

Eyni aqibət Balaxanı qəsəbəsi icra nümayəndəsinin müavini İlqar Süleymanovu da gözləyir Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin məsləhətçisi, icra başçısı Adil Vəliyevin «sağ əli» kimi tanınan Fərid Məmmədəliyevin törətdiyi qanuna zidd əməllər haqda xəbər verilmişdi. Bildirilmişdi ki, bu şəxs Sabunçu rayonu ərazisində fərdi yaşayış sahəsi tikmək istəyən vətəndaşların əsl kabusuna çevrilib. Belə ki, icra başçısına arxayın olan məsləhətçi ev tikmək istəyən insanların qarşısında konkret olaraq öz «şərt»lərini qoyub. Kim buna əməl edibsə, ev tikməsinə icazə verilib. İşini qanuni yolla, yəni dövlət rüsumu ilə görmək istəyənlərə isə qırmızı işıq yandırılıb. Məhz bu zəmində baş vermiş mübahisələrdən biri Fərid Məmmədəliyevin karyerasını zədələyib. Əldə etdiyimiz məlumatlara görə, Adil Vəliyevin «sağ əli» bir müddət əvvəl Sabunçu rayonu ərazisində bir nəfərin tikdiyi evi darmadağın edib. Həmin şəxs isə yuxarı instansiyalara müraciət edib. Müraciətin araşdırılması zamanı məlum olub ki, Fərid Məmmədəliyev evin tikilib başa çatması müqabilində vətəndaşdan pul istəyib. Qarşı tərəf bunu vermədikdə isə Fərid müəllim buldozerləri işə salıb. Nəticə isə belə olub ki, Adil Vəliyev təşvişə düşərək tələm-tələsik şəkildə məsləhətçini işdən qovub. Hətta bəzi məlumatlara görə, Fərid Məmmədəliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Başqa bir iddiaya görə isə sözügedən şəxs hazırda Mingəçevir şəhərində işləyir. Məlumata əsasən, eyni aqibət Balaxanı qəsəbəsi üzrə başçının icra nümayəndəsinin müavini İlqar Süleymanovu da gözləyir. Çünki bu şəxsin haqqında da kifayət qədər şikayət var. Deyilənə görə, Balaxanı qəsəbəsində ev tikmək istəyən şəxslər mütləq onu «görməlidir». Əks halda, tikinti işlərinə icazə verilmir. Adil müəllim İlqar Süleymanovu da cəzalandırsa, yaxşı olardı. Bu cür adamların vəzifədə saxlanması başçının özünün müsbət işlərinə kölgə sala bilər.

Mənbə: Mətbuat
Conflict.az