AKİF SÜLEYMANOV HƏBS EDİLƏ BİLƏR

Gündəm

170

AKİF SÜLEYMANOV HƏBS EDİLƏ BİLƏRAdı milyonluq yeyintilərdə hallandırılan Texnologiya Universitetinin rektorunu həbs təhlükəsi gözləyir

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovun adı son iki ildə ciddi korrupsiya faktlarında hallandırılmaqdadır.Mətbuat xəbər verir ki, ötən ilin iyul ayında rektorun külli miqdarda yeyintiyə görə ölkədən qaçması haqda xəbər yayılmışdı. Məlumatda bildirilirdi ki, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb. Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib. Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyevin verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb. «Hesablama zamanı nazirliyin “təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib”. Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Lakin aradan bir müddət keçdikdən sonra Akif Süleymanov üzə çıxdı. Belə ki, Təhsil Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə ATU-da iclas keçirildi və rektora töhmət elan edildi. Başqa sözlə desək, külli miqdarda yeyintidə ittiham olunan rektor töhmətlə məsuliyyətdən yayınmağı bacardı. Məhz bu cəzasızlığın nəticəsidir ki, Akif Süleymanovla bağlı yeni faktlar üzə çıxıb. Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama nəticəsində Azərbaycan Texnologiya Universitetində ciddi yeyinti faktı aşkarlanıb. Həmin araşdırmalar zamanı məlum olub ki, universitetdə 1,5 milyon manatlıq yeyinti halları olub. Hesablama Palatası ilə anlaşma əldə etməyə çalışan rektor Akif Süleymanovun həmin vaxt bütün cəhdləri nəticəsiz qalıb. Məlumatlı mənbənin bildirdiyinə görə, rektor yoxlamaya xeyli sayda minnətçi salsa da, xeyri olmayıb. Və işlər çığırından çıxmağa başlayıb. Məlumatda qeyd edilir ki, Akif Süleymanovun rəhbəri olduğu təhsil ocağında aşkarlanmış 1,5 milyon manatlıq yeyinti halıyla bağlı bütün sənədlər və arayış artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Baş İdarə bununla bağlı ilkin araşdırmalara başlayıb və yaxın zamanlarda ATU rəhbərliyini dindirmək üçün çağıracağı deyilir. Akif Süleymanovun yaxın günlərdə istintaqa çağrılacağı gözlənilir. Onun vəzifəsindən azad olunması ilə yanaşı, həbsinin də mümkün ola biləcəyi deyilir. Amma maraqlıdır ki, bu faktın üstünün açılmasından bir neçə gün keçsə də, rektor hələ də istintaqa çağırılmayıb. Hesab edirik ki, adı kifayət qədər ciddi qanun pozuntularında və maliyyə yeyintilərində çəkilən Akif Süleymanovun vəzifədən azad olunması zəruridir. Əgər o ciddi şəkildə cəzalandırılmasa, daha böyük qanun pozuntularına imza ata bilər.

Conflict.az