Ramiz Zeynalov işdən atılacaq - yeni islahatçı rəis kim olacaq?

Gündəm

258

Ramiz Zeynalov işdən atılacaq - yeni islahatçı rəis kim olacaq?
Dünən dövlət başçısı nazirlə birgə müşavirə keçirib.
Müşavirədə 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş məsələlər əsas müzakirə mövzusu olub. Müşavirədə prezident İlham Əliyev dünyada yaşanan neft böhranı ilə bağlı çıxış edib. Bildirib ki, Azərbaycanda bütün sosial layihələr, insanların təhlükəsizliyinə həsr edilmiş bütün proqramların icrası davam edəcək. Çıxışında dövlət başçısı həmçinin məmurlara da xəbərdarlıq edib. O, korrupsiya faktları ilə bağlı islahatların davam etdirilməsinin vacibliyindən də danışıb.

İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi problemlər var. «İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini «Asan xidmət»ə vermişik. Gələcəkdə də hər sahədə «Asan xidmət»in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir» deyə dövlət başçısı vurğulayıb. Prezidentin dünən səsləndirdiyi bu fikirlərdən sonra bir sıra yerli media qurumları, qəzetlər və xəbər portalları dövlət başçısının nəqliyyat sektorunu tənqid edərkən sanki yalnız Nəqliyyat Nazirliyini və nazir Ziya Məmmədovu nəzərdə tutduğunu iddia ediblər.

Lakin bu gün vəziyyəti GUNDEMİNFO.AZ-a şərh edən iqtidar içindəki mənbə bildirir ki, əslində nəqliyyat sektorunda əsas iştirakçılardan biri olan Dövlət Yol Polisi orqanları da cavabdehlik daşıyır. Nəqliyyat Nazirliyi ilə yanaşı yol nəqliyyatı üzrə sənədləşmələrdə ciddi çətinliklərlə üzləşən, korrupsiya faktları ilə batan əsas sahələrdən biri də yol polisi sistemidir. Bu sahədə dövlət nömrə nişanlarının satılmasından tutmuş, texniki baxış, yol hərəkəti qaydalarının pozulmasına görə həyata keçirilən cəza tədbirləri zamanı total korrupsiyalaşma halları mövcuddur. Və Azərbaycanın hər bir vətəndaşına agah olan bu korrupsiya faktlarından dövlət başçısının detallarına qədər məlumatı var. Artıq taksi xidməti göstərən vətəndaşlar fərqlənmə nişanlarını «Asan xidmət»dən ala bilirlər. Lakin nədənsə yol polisi sistemində heç bir sənədləşmə belə «Asan xidmət»ə təqdim və ya təklif edilməyib. Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı ölkədə böyük bir korrupsiya bazarının mövcudluğu da hər kəsə bəllidir. Lakin bu sahə imtahanla olmasını nəzərə alaraq «Asan xidmət»ə verilə bilməz. Lakin ən azı «Asan xidmət»dəki şəffaflıq tətbiq oluna bilər. Avtomobillər üçün dövlət nömrə nişanlarının verilməsi, həmçinin də digər kiçik sənədləşmələr də «Asan xidmət»ə verilə bilər.

Dövlət başçısının böyük qayğısına baxmayaraq hələ də yol polislərinin özlərini müşahidə edəcək müşahidə kameraları quraşdırılmayıb. Azərbaycanda yol polislərinin maddi-texniki təchizatı ən üst səviyyədə təşkil edilib. Yeni avtomobillər alınır, stasionar postların təmimi və yenidən inşa edilməsi həyata keçirilir. Lakin nədənsə Ramiz Zeynalov susur. Bu günə qədər korrupsiyaya qarşı mübarizə istiqamətində yol polisləri ilə bağlı hər hansı bir mütərəqqi islahatın, təklifin hökumətə təqdim edildiyinin şahidi olmuruq.

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, parlament seçkilərindən dərhal sonra Dövlət Yol Polisi sistemində ciddi kadr islahatları həyata keçiriləcək. İslahatlar elə DYP rəisi Ramiz Zeynalovdan başlayacaq. Və bundan sonra yol polisi sistemində mühim islahatların həyata keçirilməsir üçün yeni kadrlar gətiriləcək. Məlumata əsasən bununla bağlı olaraq artıq qərar verilib. Yol polisi sistemində total kadr islahatları, bu sahədə vətəndaşlarla davranış, elementar hərəkətlər belə üst səviyyədə təşkil edilərək nəzarətə götürüləcək. Bu sahədə şəffaflığın həyata keçirilməsi üçün mühim kadr islahatlarına başlanacaq.
Conflict.az