İcra hakimiyyəti: “Biz iş adamlarının davasına qarışmırıq”

Gündəm

217

İcra hakimiyyəti: “Biz iş adamlarının davasına qarışmırıq”“İmişli Rayon İcra Hakimiyyəti sahibkarlar arasında gedən məhkəmə çəkişməsinə qarışmır və bu mübahisəyə müdaxilə etmir”.
Bu barədə virtualaz.org saytına İmişli Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.
İmişli RİH bunu rayonda hektarlarla ərazinin “Bəhrəmtəpə Tikinti Materialları” ASC-yə sirli şəkildə verilməsi barədə səslənən iddiaları şərh edərkən bildirib.
RİH-dən verilən məlumatda deyilir: ““Bəhrəmtəpə Tikinti Materialları” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi cəmiyyətə məxsus olan 3,0 ha torpaq sahəsinin “Şəhrux” kiçik müəssisəsinə verilməsindən narazı qalaraq İmişli Rayon İcra Hakimiyyətinə və İmişli şəhər sakini Hümbətov Ramiz Hümbət oğlunun rəhbəri olduğu “Şəhrux” kiçik müəssisəsinə qarşı torpaqdan istifadəyə dair sərəncamın etibarsız hesab olunması barədə Şirvan Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdı.
Şirvan Yerli İqtisad Məhkəməsi həmin işə 24 iyul, 2009-cu il tarixdə baxaraq “Şəhrux” kiçik müəssisəsinə 3,0 ha torpaq sahəsinin ayrılması barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 24.08.2004-cü il tarixli, 254 saylı sərəncamını etibarsız hesab etmişdi. Məhkəmənin qətnaməsindən narazı qalan Ramiz Hümbətovun şikayətlərinə 20 noyabr, 2009-cu il tarixdə Şirvan Apelyasiya Məhkəməsi və 01 aprel, 2010-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasında baxılıb və onun şikayəti təmin edilməyib”.
Qeyd edək ki, bu torpaq mübahisəsi haqda virtualaz.org saytı məlumat yaymışdı. Xəbərdə deyilirdi ki, “Şəhrux” kiçik müəssisəsinin 3 hektar torpaq sahəsi onun əlindən alınıb. Həmin torpaqlar Ramiz Hümbətovun şirkətinə hələ 2004-cü ildə verilibmiş. Lakin bir neçə ildən sonra həmin torpaq sahələri alınaraq “Bəhrəmtəpə Tikinti Materialları” ASC-yə verilib.
Conflict.az