Hacı Bakir Həsənbəyli – SƏN KİMSƏN, MƏMUR? » Conflict.az

Hacı Bakir Həsənbəyli – SƏN KİMSƏN, MƏMUR?

Gündəm / Siyasət / yazar

2 453

Hacı Bakir Həsənbəyli –  SƏN KİMSƏN, MƏMUR?
Mahatma Qandı söyləyirdi ki, “bizim gələcəyimiz bu gün gördüyümüz işlərdən aslıdır”. Bu günün acı reallığını nəzərə alaraq məmləkətin məmurunun gələcəyini düşünəndə “Sehrili xalat” filimində vəzirin söylədiyi kimi “adamın tükləri biz-biz olur”. Elə ona görə də qaçırlar. Bir gün icra başçısının, başqa bir gün bank müdirinin qaçdığı söylənilir. Əcaba mövcud hakimiyyətin 22 ildir dalğasız dənizdə üzən gəmisi batırmı? Axı batan gəmini öncə siçovuların tərk etdiyi söylənilir. Normalda bu hakimiyyətin idarəçilik tarixi haqqında yazanda 22 rəqəmi düşündürücüdür. Dünya 8, ən çoxu 10 il bir partiyanın, qrupun hakimiyyətini tərcih edir. 22 il (bu yalnız bir dönəmdir-B.H.) normalda üçüncü iqtidarın hakimiyyət dönəmi olmalı idi. Amma...
Bu məmləkətdə mənim kimi talesizlər çoxdur. 1970 doğumluyam. Nə demək istədiyimi anladınız deyilmi? Düz 9 dəfə (4-ü yuvarlaq rəqəm olmaqla – B.H.) yubileyim olub. Bundan sonra zatən nə qədər yaşayacağımı da bilmirəm. Amma kosmetik dəyişikliklərlə yenə eyni hakimiyyətdir. Nigeriyadakı qohumları ilə görüşdən sonra müsahibə verən ABŞ prezidentinin fikirlərini xatırladım: Mən başa düşmürəm, adamların bu qədər pulları ola-ola niyə daha uzun müddətdə hakimiyyətdə qalmaq istəyirlər. Onlar Yaxın Şərq və Şimali Afrikada baş verənlərdən nəticə çıxartmalıdırlar”.
Yaxın Şərqdə nə baş verdi? Səddam Hüseyn düz 24 il İraqı diktator kimi idarə etdi. O da diktator olmasına baxmayaraq ölkəsində həyat səviyyəsini yüksəltmiş, iqtisadiyyatı gücləndirmişdi. İraqdakı yaşayış standartlarının yüksəlməsinə görə hətta UNESCO Səddamı mükafatlandırmışdı da. 2001-ci ildə ABŞ-da yaşayan kasıblara dəstək məqsədi ilə 94 milyon ianə də vermişdi. Öz qanı ilə Quranda yazdırmışdı. Bu məqsədlə 27 l qanından istifadə etmişdilər. Amma... Amma Səddam sadəcə diktator idi. Oğlanları, yaxınları əsl cəllad idilər. Sonuc... Amerikan ordusunun İraqdakı qüvvələrinin komandanı Rikardo Sançes keçirdiyi mətbuat konfransında Səddamın 2 metr dərinlikdə yerləşən bir sığınacaqda yaxalandığını bildirdi. Girişi kərpic və çör-çöplə kamufulə edilmiş bu yer sadəcə bir adamın gizlənə biləcəyi “məzar” idi. 2 xiyar, 2 pomidor, 4 banan, bir az çörək və su. Bunlar Səddamın diriykən “məzarından” tapılanlardır. Halbuki zamanında qızıl unitaza oturur, qızıl çərçivəli qapıdan keçir, qızıl silah gəzdirirdi. Səddamı asdılar.
Müəmmər Qəddafi 42 il Liviyanı məhz kefi istədiyi kimi idarə edib. Uzun sürən diktatorluqdan sonra, “sizi böcək kimi əzərəm” dediyi qiyamçılardan qaçıb, kanalizasiyada gizlənməyə məcbur oldu. Onun ölümündən sonra Liviyanın müvəqqəti hökuməti bildirdi ki, Müəmmar Qəddafinin varidatı 200 milyard dollar olub. Bu, rəsmən dünyanın ən zəngin şəxsi hesab edilən meksikalı Karlos Slimin varidatından 3 dəfə çoxdur. 42 illik şəriksiz liderlikdən sonra öldüyü unikal məkan isə ən sonuncu liviyalının belə ifrazatının axdığı kanalizasiya oldu.
Hüsnü Mübarək 30 il ardıcıl olaraq Misiri “dəmir yumruqla” idarə edən diktator idi. Hakimiyyətini itirdiyi gün yatağa düşən depressiya, infarkt, xərçəng xəstəsi olan diktator. Mübarək üçün ən ağır zərbə ona məxsus olanların bir gündə əlindən çıxması idi. Hətta başqa ölkələrin rəhbərləri ilə oturanda belə ədəbsiz küçə uşağına bənzəyən diktator, indi gündə bir dəfə ölüb dirilir, gil kərpic kimi xərəkdə daşınır.
Bunlar sıradan bir nümunələr deyil. Hər kəsin bildiyi və şahidi olduğu acı həyat hekayələridir. Səddam da, Qəddafi də, Mübarək də bəlli bir yaşda idilər. Allahın Peyğəmbəri (s.ə.s) buyururdu: “Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir”. Hansı qocaya? Əbu Ləhəb düşüncəlilərəmi?
Bu günkü Azərbaycan məmuru da amansızdır. Bu amansızlıq qudurmuş məmur övladlarının hər bir hərəkətlərinin mətbuat üçün gündəm olan həyat tərzlərində, davranışlarında özünü daha çox göstərir. Kimisi dəyəri yüz minlərlə ölçülən avtomobili ilə bir ailənin üstündən keçir, nəticədə nənə və nəvə dünyasını dəyişir. Başqa birisi ona qanunu pozduğunu izah edən polisi döyür. Digərinə isə hətta polisin ona dur deməsi belə xoş gəlmir və qanun keşikçisini, dolayısıyla qanunu bahalı avtomobili ilə tapdalayır. Əcəba Azərbaycan insanı görəsən düşünürmü ki, mənim olanı illərdir mənimsəyənlərin övladları nədən mənə qarşı bu qədər aqressivdirlər? Mən ki, bu cocuqların valideynlərini sevməsəm belə, onlara məni yağmaladıqları üçün etiraz da etmirəm. Bəs nədən? Çünki bütün qudurmuş məmur övladlarının əksəriyyətinin valideynləri Azərbaycan vətəndaşına nifrət edir. 20-25 yaşlı gənc gözünü açandan atasını və ya anasını məmur olaraq görür. Və övlad onu da görür ki, məmur atası və ya anası sümürücüdür. Bir neçə yüz manat rəsmi əmək haqqı almalarına rəğmən hüdudsuz maddi imkanlara malikdirlər. Bu cocuq, məmur valideynin insanla ilk təmasını evində, həyətində çalışan qulluqçu, bağban, sürücü ilə münasibətində görür. Sonra iş yerinə gəlir. Məmur valideynin buradakı hərəkətləri daha dözülməz olur. Çünki tabeçiliyindəki də məmurdur. Və onun vasitəsilə, həmin işçinin də qazandığı milyonlardır. Məmurun ilk düşündüyü budur: əgər mən olmasam... Bu da təbiidir. Çünki həmin məmurun tabe olduğu daha böyük məmur da onun haqqında məhz belə düşünür. Və həlqə zəncirvari şəkildə uzanır. Hər məmur özündən bir rütbə yuxarı və aşağı olan məmura bu cür nifrət edir. Halbuki tarixdə bunun əksi olan kifayət qədər nümunələr var. Əbu Bəkr Siddiq Üməyyə ibni Xələfinin qulu olan Bilal Həbəşini məhz ölümünə işgəncədə olarkən Zeyidin vasitəsilə 200 qızıla alıb azad etdi. Və bir dəfə belə bunu ona xatırlatmadı. Çünki Allah Rəsulunun (s.ə.s) dostları üçün bu ölümə bərabər idi. Kişiliyə yaraşmazdı. Bu günkü mühitdə böyüyən cocuqdan bundan artıq nə isə gözləmək də absurddur. İraq diktatoru Səddamın oğulları Udey və Kuseydə belə idilər. Sevmədiklərini şirlərinə atırdılar. Bəlkə ən azından bu amilə görə Allahımıza daha çox şükür etməliyik. Görəsən bu məmurları ötən gün Qəddafinin oğlu Seyfəlislam Qəddafi haqqında Liviya məhkəməsinin çıxardığı ölüm hökmü narahat etdimi? “Liviya məhkəməsinin hökmünə əsasən Seyfəlislam Qəddafi, habelə keçmiş rejim dövründə yüksək vəzifələr tutmuş bir neçə məmur güllələnəcək. Seyfəlislamdan başqa Qəddafi rejimində Liviya hökumətinin son başçısı Al Bağdadi Əli Al Mahmudi, habelə xüsusi xidmət orqanlarının sabiq başçısı Abdulla əs-Senusi də ölüm cəzasına məhkum edilmişlər”. Mən bu məlumatı məhz “Azərbaycan” qəzetinin 28.07.2015-ci il tarixli nömrəsindən olduğu kimi götürmüşəm. “Azərbaycan” qəzeti, cənab məmurlar...
Hegel deyirdi ki, “Şərqin şüur forması, Qərbə nisbətən daha poetikdir”. Şərq məmurlarının hakimiyyətdə olduqları zaman “yaradıcılıqları” yəqin ki, hələ yüz illər yaddaşlarda qalacaq.
Amma hər şeyi regional amilə və ya coğrafi əraziyə bağlamaq da düz deyil. Məsələn, Əmmar ibn Yasir Həzrəti Peyğəmbərin (s.ə.s) dörd sadiq sahəbəsindən biri idi. Atası Yasir, anası Süməyyə İslamın ilk şəhidləri oldular. Allah Əmmarla bağlı ayə nazil edib. Amma Əmmar bu amildən heç vaxt istifadə etmədi . Siffeyn döyüşündə Həzrəti Əlinin (ə) qoşununda vuruşarkən 94 yaşı var idi. Həmin döyüşdə də şəhid oldu. Peyğəmbər (s.ə.s) Zeyd ibn Harisi oğulluğa götürmüşdü. Alahın Rəsulu həm də İslam dövlətinin başçısı idi. Amma Zeydin bu günkü məmur övladlarına bənzəyən bir hərəkəti belə tarixdə öz əksini tapmayıb. Malik Əjdər Nəxəi Həzrəti Əlinin (ə) sadiq səhabələrindən idi. Həzrəti Əli (ə) Malik barəsində bеlə buyurmuşdu: “Mən Pеyğəmbər (s.ə.s) üçün kim idimsə, Malik də mənim üçün о cürdür”. Misir hakimi təyin olunmuşdu. Fiziki cəhətdən çox güclü adam idi. Amma Malik Əjdər bütün həyatı boyu bir dəfə də ədalətsizlik etmədi. Yüzlərlə belə misallar çəkmək olar. Və mən inanıram ki, bu tip misalların daha çoxunu mənim tənqid etdiyim, sizlərin sevmədiyiniz məmurlar bilir. Amma yenə də xalqın olanı sümürürlər. Doymurlar. Hətta özləri haqqında “artıq bunlar doyublar, yeni gələn daha pis olacaq” kimi informasiyalar yayırlar. Soljenitsin deyirdi: Toxluq nə qədər yeməyimizdən yox, necə yeməyimizdən aslıdır.
Azərbaycan məmurunun böyük əksəriyyəti yaşlı adamlardır. Ən gənci belə ömrünün 50 ilini arxada qoyub. Amma... Amma 71 yaşlı Hacıbala Abutalıbov kişilikdən söz düşərkən “ölkədə bir kişi var” deyir. Və həmin o bir kişi də Hacıbala müəllim deyil. Görəsən Hacıbala müəllim evinə gedərkən, nəvələri “kim gəldi” deyib qabağına qaçırlar. Həzrəti Əli (ə) deyirdi: “Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı cavanlaşar”.
Bütün bunlara nəzər saldıqdan sonra düşünürəm sən kimsən məmur? Alman zabiti Şultsun əfsanəvi partizan Mixayloya dediyi fikirləri xatırladım: iblissən, şeytansan...
Cuconq deyirdi ki: “Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Onları hamı görür”. Hesab edirəm ki, elə yaşamaq lazımdır ki, zamanında Mir Cəfər Bağırov kimi məhkəmədə son söz söyləyərkən: “Günahlarım çoxdur, məni güllələmək azdır, parçalamaq, şaqqalamaq lazımdır” deməyəsiniz. Habuki Mircəfər Bağırov da həbs edilərkən cavan oğlan deyildi.
Zaman yetişir. Dünyada heç nə və heç kim əbədi deyil. Nümunələr də var. Bu gün kimi istəyirsiniz çörəklə imtahana çəkin, həbs edin, öldürün. Heç nə dəyişməyəcək. Sadəcə bir az zaman ya irəli çəkiləcək, ya da geri qalacaq. Amma mütləq olacaq. Mən arzulamazdım. Amma ola bilər. Bir nəfər çıxıb boğazınızdan yapışıb deyər: “Hanı sənin şura hökumətin...”