Distant təhsilə başlanılsın!

Gündəm / Elm

115

Distant təhsilə başlanılsın!
Koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində təhsil müəssisələrində dərslərin dayandırılması müddəti martın 10-dan 20-nə qədər uzadıldı. Bu da şagird və tələbələrin 10 gün daha dərslərdən geri qalmasına səbəb oldu.
Bəs yaranan boşluğu doldurmaq üçün təkliflər nədən ibarətdir ? Təhsil ekpertləri nə tövsiyə edir?
Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış təhsil eksperi Kamran Əsədov yaranmış vəziyyətdən çıxış yolunu belə görür:
“Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 3 martdan 9 mart qədər elan edilmiş tətil yeni qərarla 2020-ci il martın 10-dan 20-dək artırıldı. Yəni, bu müddətdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Bu o deməkdir ki, qərar təkcə Təhsil Nazirliyinə tabe dövlət təhsil müəssisələrinə şamil olunmur, bu tabeçilik formasından asılı olmayaraq tədrisin bütün pillələri və istiqamətləri üzrə təhsil verilən yerlərə: özəl orta məktəblərə, ali və orta ixtisas təhsili müəssisələrinə, uşaq baxçalarına, hazırlıq, dil kurslarına, tədris mərkəzlərinə, uşaq psixoloji mərkəzlərinə, loqopedlərə, hətta repititorluq fəaliyyəti göstərənlərə də şamil olunur. Qısası, 20 marta qədər uşaqları evdən çölə buraxmaq olmaz. 20 martdan 26 marta qədər isə tətil deyil, bayram günlərinə görə qeyri-iş günüdür. 27 mart dövlət təhsil müəssisələrində ilk dərs günüdür. Amma özəl mərkəzlər, kurslar və şagirdlərə xidmət göstərənlər 21 martdan etibarən fəaliyyətlərinə davam edə bilərlər.
Təhsil haqqında qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir. Amma Baş Nazirin imzaladığı qərarda bu öz əksini tapmayıb. Yəni, Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Ancaq mən bunu təklif etmişdim. Səbəb də odur ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftəsonu üçün məktəblərdə dərs günü elan edilə bilər. Belə ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündür. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir. Yəni, yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu o deməkdir ki, əlavə təhlükə olmasa, əlavə tətil gününə ehtiyac olmasa, dərslər öncədən planlaşdırılmış vaxtda, 14 iyunda başa çatacaq”.
Tətildən qayıtdıqdan sonra şagirdlərin əlavə yüklənməyə məruz qalacağını da vurğulayan K.Əsədov müəllimlərin keçirilməyən bəzi dərsləri internet üzərindən onlara çatdırmasını məqsədəuyğun hesab edir:
“Dərslərə 4 gün ara verilməsi və eyni zamanda, bayramlar səbindən mart ayında 10 günə qədər dərslərin olmaması müəyyən qədər şagirdlərin sonradan əlavə yüklənməsinə gətirib çıxaracaq. Belə ki, qeyd etdiyimiz kimi dərs keçirilməyən günlər növbəti həftələrdə, ya şənbə-bazar günləri hesabına, ya da dərslərin birləşdirilməsi üsulu ilə tənzimlənəcək ki, hər iki halda şagirdlər əlavə dərs yükü ilə yüklənəcəklər. Ona görə də bu, artıq ölkədə distant təhsili qaçılmaz edir. Yəni, hər hansı fövqaladə hadisə baş verəndə şagirdlər texnoloji vasitələrdən istifadə edərək, tədrisin axını pozulmadan dərslərə davam edə bilər. Yaxşı olardı ki, müəllimlər internet və sosial şəbəkə imkanlarından, resurslarından istifadə edərək, keçirilməyən dərslərin bir neçəsini şagirdlərin nəzrinə çatdırsınlar. Belə olan halda dərs başlayanda şagirdlər əlavə yüklənməyə məruz qalmayacaq”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da məktəblərdə distant təhsilə başlanmasına ehtiyac yarandığını deyir:
“Həqiqətən böyük zaman məsafəsi yaranır. Mart ayının 27-nə qədər dərslərdə fasilə yaranması böyük zaman müddətidir. Bu boşluğu doldurmaq lazımdır. Bu haqda ilk növbədə Təhsil Nazirliyi, daha sonra cəmiyyətimiz fikirləşməlidir. Mən bir vətəndaş, ziyalı kimi distant təhsilin tətbiq olunmasına üstünlük verərdim. İmkan olan yerlərdə, xüsusilə Bakıda bu işi həyata keçirmək olar. Qoy koronavirus distant təhsili öyrənməyimizə səbəb olsun. Bir də koronavirus qeydə alınmayan rayonlarımızda təhsilin dayandırılmasını normal hal hesab etmirəm”.

Conflict.az