Bayraq meydanı sökülür? - FOTO

Foto

140

Bayraq meydanı sökülür? - FOTODünyada ən hündür bayraq dirəyi kimi tanınan Azərbaycan Dövlət Bayrağı Meydanındakı bayraq dirəyi uzun müddət bundan əvvəl sökülmüşdü. Məsələ həmin zaman sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilmişdi. Bayraq dirəyinin sökülməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi.

FaktXəbər-in məlumatına görə, həmin vaxt Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirmişdi ki, hələlik texniki baxış aparılır.

O, əlavə etmişdi ki, Dövlət Bayrağı Meydanında görülən işlər öncədən planlaşdırılmış işlərdir və təlimata uyğun aparılır: “Bayraq dirəyi texniki göstəricilərinə görə texniki qurğudur. Və ona il ərzində biz bir neçə dəfə baxış keçiririk. İl ərzində keçirilən baxışlardan fərqli indi əsaslı baxış keçirilir. Dövlət Bayrağı Meydanı tikildikdən sonra uzun müddət keçdiyi üçün bunu edirik. Bayraq meydanın tikintisi 2007-ci ilə təsadüf edir. Artıq 10 ildir ki, bayraq meydanı tikilib. Ona görə də, biz dirəyin dayanaqlığını və orada dəmir konstruksiyaların hansı vəziyyətdə olduğunu aydınlaşdırmaq üçün bu işi həyata keçiririk”.

Bunun planlı şəkildə həyata keçirildiyini deyən Məcidovun sözlərinə görə, öncədən planlaşdırılmış bir işdir, heç bir fors-major hadisəyə görə aparılmır.

N.Məcidov əlavə olaqraq bildirmişdi ki, vəziyyətdən asılı olaraq texniki baxış müddəti uzun və ya qısa ola bilər: “Əgər heç bir problem olmasa, dirək və bayraq tez bir zamanda bərpa olunacaq. Nəsə bir nasazlıq və hansısa detalın dəyişməsi lazım gələrsə, əlavə vaxt apara bilər. Ona görə, qabaqcadan dəqiq tarix vermək olmur”.

Amma deyəsən bu açıqlamalar söz olaraq qalıb. Belə ki, bu gün səhərdən başlayaraq ağır texnikalar bayraq meydanında söküntü işlərinə başlayıblar. Hələlik hər hansı bir açıqlama verilməsə də, bayraq dirəyi sökülən gündən ərazidə sürüşmə olduğuna dair söylənən fikirlər özünü doğruldur.

Bayraq meydanı sökülür? - FOTO

Qeyd edək ki, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2003-cü il oktyabırın 5-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da qoyulub.

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

20000 m2 ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olub. Qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

Conflict.az