Bərdə Peşə Liseyində keyfiyyətli təhsildən əsər-əlamət yoxdur

Foto

80

Bərdə Peşə Liseyində keyfiyyətli təhsildən əsər-əlamət yoxdur Şəmil Şükürov təhsil ocağının sayəsində biznesini inkişaf etdirir
Ölkənin təhsil sahəsi ən problemli sahələrdən biridir. Respublikamızın ali və orta təhsil müəssisələrində vəziyyət o qədər də ürəkaçan deyil. Təhsil ocaqlarının fəaliyyətsizliyi ilə bağlı qəzetimizə saysız-hesabsız şikayət xarakterli məlumatlar daxil olur. Xüsusilə də son məlumatlarda peşə təhsili sektorundakı mövcud problemlər geniş əks olunub. Ümumiyyətlə, əvvəlki dövrlərlə müqayisədə indi peşə təhsilinə maraq azalıb. Peşə təhsili verən təhsil müəssisələrinin fəaliyyəti də qənaətbəxş deyil. Baxmayaraq ki, peşə təhsilinin təkmilləşdirilməsi əmək qanunvericiliyində, "Təhsil haqqında" Qanunda, bir sıra dövlət proqramlarında öz əksini tapır, lakin peşə təhsilinə maraq getdikcə azalır. Hazırda ölkəmizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının tabeliyində 4, ümumilikdə isə 108 peşə təhsili müəssisəsi vardır. Bunlardan 47-si peşə liseyi, 2-si peşə tədris mərkəzi, 59-u isə peşə məktəbidir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrinin tərkibində fəaliyyət göstərir. Ötən il həm təhsilin keyfiyyətində, həm məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, həm də beynəlxalq əlaqələrin yaradılmasında mühüm dövr olmuşdur. Yeni dərsliklər yaradılmış, informasiya texnologiyalarının tətbiqi sürətlənmiş, məzunların işlə təmin olunması istiqamətində mühüm tədbirlər görülmüşdür. Məlumdur ki, ölkə başçısı 2015-ci ili ölkədə "Kənd təsərrüfatı ili" elan etmişdir. Artıq bu sahə üzrə yüksək səviyyəli peşə təhsili kadrlarının yetişdirilməsi imkanları mövcuddur. Son 20 ildə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər verilmişdir. Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə onlardan bəzilərini yeni texnika, avadanlıq, əyani və texniki vasitələrlə təmin etmişdir. Qəzetimizin əvvəlki saylarında Bərdə Peşə Liseyində baş verən özbaşınalıqlarla bağlı geniş məlumat vermişdik. Təhsil ocağının direktoru Şəmil Şükürovun özbaşına əməlləri barədə lazımi qurumları məlumatlandırsaq da, sözügedən təhsil ocağında vəziyyət olduğu kimi qalır. Qeyd edək ki, liseydə əsasən genişprofilli traktorçu-maşinist, təmirçi çilingər, avtomobilin təmiri üzrə çilingər, modelçi-dərzi, meliorasiya işlərinin traktorçusu, elektrik montyoru və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Etibarlı mənbələrin verdiyi məlumata görə, Şəmil Şükürov vəzifəyə gələndən bəri yalnız öz maraqları üçün çalışır. Mənbə bildirir ki, lisey direktoru təhsil ocağının sayəsində geniş biznes şəbəkəsinə malikdir. Demək olar ki, bərdəlilər Şəmil Şükürovu imkanlı şəxslər sırasında görürlər. Deyilənə görə, sözügedən təhsil ocağına ayrılan vəsaitin sayəsində lisey direktoru özünə əməlli-başlı şərait yaradıb. Lakin liseyə gəldikdə isə təhsil ocağının binası baxımsızlıqdan az qala tələbə və müəllimlərin başına uçur. Halbuki Təhsil Nazirliyi tərəfindən Bərdə Peşə Liseyinin təmiri üçün lazımi qədər vəsait ayrılıb. Bundan başqa bizə daxil olan məlumatlarda deyilir ki, Şükürov işinin öhdəsindən layiqincə gəlmir. Direktor kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Yalnız və yalnız biznesini inkişaf etdirməklə məşğuldur. Bundan başqa əldə etdiyimiz məlumata görə, orada təhsil alan tələbələrin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahandan kənar qəbul olunublar. Yəni lisey direktoru Şəmil Şükürov qeyri-qanuni yolla liseyə tələbə qəbul edib. Sözsüz ki, qeyri-qanuni yolla tələbə adını qazananlar savadlı olsaydılar, öz bilikləriylə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçərdilər. Lakin TQDK imtahanından aşağı bal toplayan tələbədən gələcəkdə peşəkar kadr yetişməyəcəyi gün kimi aydındır. Ona görə də Təhsil Nazirliyi bölgələrdəki təhsil ocaqlarına, xüsusilə də Bərdə Peşə Liseyinə xüsusi diqqət ayırmalı və orada baş verən neqativ hallarla bağlı ciddi şəkildə ölçü götürülməlidir.
Aynur Mэmmэdli
Conflict.az