“Qarasu OİL” şirkətində nə baş verir: qəzalar, ölüm, ixtisarlar...

Foto

125

“Qarasu OİL” şirkətində nə baş verir: qəzalar, ölüm, ixtisarlar...
“Qarasu OİL” əməliyyat şirkətində narazılıqlar səngimir. İşçilər təcili tədbir görülməsini tələb edirlər.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, şirkətdə əməyin mühafizə qaydalarının aşağı səviyyədədir: “İşçilər köhnə və istismara yararsız nəqliyyatdan istifadə edirlər, texniki təhlükəsizlik qaydaları aşağı səviyyədədir. Bunun nəticəsində 2013-cü ildə 1 nəfərin ölümü, 15 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verdi. Ötən il isə 1 nəfərin ölümü, 1 nəfərin əmək xəsarəti ilə nəticələnən bədbəxt hadisəl qeydə alındı. Bu, hələ təşkilata daxil olan məlumatlardır”.

Vəkil dedi ki, təşkilata “Qarasu OİL” əməliyyat şirkətindən daxil olan şikayətlərin sayı artır: “İşçilər əsasən əmək haqlarının aşağı həddə olmasından narazılıq edirlər. Onların əməkhaqqı 400-500 manat arasındadır. Ümumi əməkhaqqına isə həm tarif maaşı, həm də əlavələr daxildir (ağır və zərərli iş şəraiti, gecə pulu, normadan artıq işə görə və digər əlavələr). Əgər nəzərə alınsa ki işçilər ağır və zərərli işlərdə çalışırlar, deməli, məvacib çox aşağıdır”.

Bu ilin əvvəlindən şirkətdə ixtisarlara başlanılıb. İxtisarlar zamanı Əmək Məcəlləsinin tələbləri yerinə yetirilməyib.

A.Quliyev onu da qeyd etdi ki, işçilər ixtisarların peşəkarlıq və ixtisasa görə deyil, tanışlıq və qohumluq əlaqələrinə görə həyata keçirilməsindən narazılıq edirlər: “Amma yalnız bir işçi ixtisarla bağlı məhkəməyə müraciət edib. Şirkətdə çalışanlar əsasən Şirvan şəhər sakinləridir. Amma hüquqi şəxs Bakıda yerləşir. Ona görə də narazı işçilər əlavə xərcləri ödəyə bilmədiyindən məhkəməyə müraciət edə bilmirlər”.

Vəkil “Qarasu OİL”də işçilərin birləşmək hüququnun pozulduğunu deyir: “Bir neçə il əvvələ kimi müəssisədə həmkarlar təşkilatı fəaliyyət göstərib. Mülkiyyətçinin dəyişməsi ilə həmkarlar təşkilatının fəaliyyətinə imkan verilməyib. Bir neçə dəfə işçilər həmkarlar təşkilatı yaratmağa cəhd etsələr də şirkət rəhbərliyi müxtəlif yollarla bunun qarşısını alıb”.

Təşkilat “Qarasu OİL” əməliyyat şirkətində yerli işçilərin hüquqlarının pozulması ilə bağlı araşdırma aparır.

“Qarasu OİL” əməliyyat şirkətindən isə ittihamlara cavab verilməyib.
Conflict.az