İSLAM MEMARLIĞININ ŞAH ƏSƏRLƏRİNDƏN İNCİLƏR – SÜLEYMANİYYƏ və SƏLİMİYYƏ

Elm

61

İSLAM MEMARLIĞININ ŞAH ƏSƏRLƏRİNDƏN İNCİLƏR – SÜLEYMANİYYƏ və SƏLİMİYYƏAllah gözəldir və gözəlliyi sevir. Müsəlmanlar hər zaman Allaha olan sevgiləri üzündən, Ona ibadət məkanı olan məscidləri daha gözəl bəzəmək uğrunda yarışmış, buna bütün bacarıqlarını sərf etmiş, ibadət ocaqlarını əsl sənət əsərinə çevirmişlər. Ən yaraşıqlı naxışlara, ən incə oymalara, ən gözəl yazı xətlərinə məhz məscid divarlarında rast gəlmək olar.

Öz məhsuldarlığı və sənətkarlıq bacarığı ilə Islamın mədəniyyət tarixinə adını əbədi yazmış sənət adamlarından biri də memar Sinandır (1489-1588). Əsil adı Sinanəddin Yusif olan, amma memar Sinan kimi tanınan bu məşhur sənətkar xristian ailəsində doğulmuş, sonralar Islamı qəbul etmiş və Osmanlı ordusunda 17 il hərbi xidmət etmişdi. Bu müddət boyunca durmadan memarlıq sənətinin incəliklərini öyrənirdi. Hərbi səfərlərin birində ordunun keçməsi üçün qısa müddət ərzində möhkəm körpü düzəldən Sinan, Sultan Süleyman Qanuninin diqqətini cəlb edərək, tezliklə sarayın baş memarı vəzifəsinə təyin olunur və düz 50 il bu vəzifədə qalır.

100 ilə yaxın ömür sürmüş memar Sinan 375 tikinti layihəsinin müəllifidir. Onun əsərlərinin siyahısında 92 cami, 52 kiçik məscid, 57 mədrəsə, 22 türbə, 3 xəstəxana, 8 körpü, 20 karvansara və 48 hamamın adı var. Bunların ikisi – İstanbuldakı Süleymaniyyə və Ədirnədəki Səlimiyyə camiləri memar Sinan yaradıcılığının zirvəsini təşkil edir. Memar Sinan uzun illər ərzində qazandığı bilik və təcrübələri bu iki möhtəşəm sənət əsərində uğurla həyata keçirmişdir. Maraqlıdır ki, Süleymaniyyə camisinin tikilişinə başlanıldığı zaman Sinanın yaşı 60-ı ötmüşdü. Səlimiyyə camisinin tikintisi tamamlanarkən isə sənətkar artıq ömrünün 85-ci baharını arxada qoymuşdu.

Bu məscidlərin tikintisi zamanı memar Sinan elə sənətkarlıq məharəti nümayiş etdirmişdir ki, o dövrün imkanları baxımından bunu ancaq möcüzə adlandırmaq olar. İstambulun simvoluna çevrilmiş Süleymaniyyə camisinin ibadət zalı 275 ədəd iri çırağla işıqlanırdı. Çıraqlardan qalxan tüstü divarları hisləndirməsin və namaz qılanlara əziyyət verməsin deyə, divarların daxilində dəhlizlər yaradılmışdı. Bütün dəhlizlər caminin orta qapısı üzərində inşa edilmiş kiçik bir otağa açılırdı. Çıraqların hisi-tüstüsü bu otağa gəlir, burada xüsusi nəmləndirmə sistemi vasitəsilə emal edilir və ondan mürəkkəb hazırlanırdı. Süleymaniyyə camisninin daxili divarlarını bəzəyən bütün nəfis yazılar, Quran ayələri və hədislər həmin mürəkkəblə yazılmışdı.

Caminin daxilində mükəmməl akustika effekti mövcuddur. Deyilənlərə görə, memar Sinan tikintinin daş işlərini başa çatdırandan sonra məscidin içərisinin və günbəzin tikintisini yubadırmış. Hətta məscidin müxtəlif guşələrində oturub saatlarla sulu qəlyan çəkirmiş. Sultan bundan xəbər tutub qəzəbli halda tikinti yerinə gəlir və həqiqətən, Sinanın məsciddə qəlyan çəkdiyini görür. Səbəbini soruşanda memar izah edir ki, o, bu yolla caminin akustikasını yoxlayır. Tikintinin hər guşəsində qəlyanın qurultu səsinin əks-sədasını dinləyən memar akustikanı gücləndirmək üçün hansı vasitələrdən istifadə etmək üzərində düşünürmüş.

Bu təcrübələrin nəticəsi olaraq, memar Sinan günbəzin oturacağına, daşların arasına 65 ədəd nəhəng saxsı küp yerləşdirir. Məhz bu küplərin daxili fəzasının hesabına caminin heyrətamiz akustikası qurulur. Bu gün də mehrab qarşısında Quran oxuyan şəxsin səsi caminin hər bir güşəsində rahatca eşidilir.
Süleymaniyyə camisinin açılışı zamanı maraqlı bir hadisə baş verir. Sultanın, saray əyanlarının iştirak etdikləri və bütün şəhər əhalisinin qatıldığı açılış mərasimində qəfildən bir uşaq haray salıb minarələrdən birinin əyri olduğunu söyləyir. Bunun səbəbi vizual çaşqınlıq imiş, yoxsa uşaq memar Sinanın düşmənləri tərəfindən öyrədilibmiş – bunu təyin etmək çətindir. Hər halda, memar Sinan həmin an özünü itirmir, göstəriş verir ki, qalın kəndirlər gətirsinlər. Kəndirləri minarənin gövdəsinə dolayırlar. Sinan əmr verir ki, uşaq minarənin hansı tərəfə əyildiyini deyibsə, fəhlələr var gücləri ilə kəndirləri həmin istiqamətə doğru dartsınlar. Hər neçə dəqiqədən-bir Sinan uşaqdan soruşur ki, minarənin əyriliyi düzəldimi? Nəhayət, uşaq minarənin əyriliyinin aradan qalxdığını söyləyir və Sinan fəhlələrin işini saxlayır. Ustalardan biri təəccüblə Sinandan soruşur: «Əvvəla, niyə uşağın sözünə inanıb minarənin əyri olduğunu qəbul etdiniz? Bu işi bilən mütəxəssislər durduğu halda, bir uşağın sözünə əməl etmək sizə yaraşarmı? İkincisi, hətta əgər minarə əyilmişsə də, kəndirlə dartmaq yolu ilə onun əyriliyini düzəltmək mümkündürmü?». Sinan təbəssümlə cavab verir: «Mən minarənin əyilmədiyini və tam şaquli vəziyyətdə durduğunu bilirdim. Əyriliyi kəndirlə düzəltməyin qeyri-mümkünlüyünü də yaxşı anlayırdım. Amma istəmədim ki, bir üşağın sözü ilə camaatın ürəyində şübhə yaransın. Uşağın o sözündən sonra mən minarənin düz durduğunu nə qədər söyləsəydim də, qara camaatın qəlbindəki şübhəni aradan qaldıra balməyəcəkdim. Ona görə bu yolu seçdim ki, insanlara öz dilində cavab verim».

Süleymaniyyə camisinin tikildiyi yerin torpağı yumşaq süxurlardan ibarətdir. Deyilənlərə görə, memar Sinan camini tikməzdən əvvəl lazım olacaq bütün tikinti materiallarını həmin yerə daşıtdırır, sonra 2 il gözləyir. Bu müddətdə daşların ağırlığı altında torpaq basılaraq bərkiyir. Yalnız bundan sonra Sinan caminin tikintisinə başlayır. Bunun sayəsində məscidin tikildiyi ərazinin yeraltı süxurları dəyişikliyə uğramır və tikinti öz möhkəmliyini itirmir.

O zamanlar Osmanlı imperiyası ilə Səfəvilər dövlətinin münasibətləri gərgin idi. Iran şahı Təhmasib caminin tikintisinin yubandığını eşidib fürsətdən istifadə edir, elçi vasitəsilə Istanbula bir mücrü dolusu daş-qaş yollayır. Elçi daş-qaşı Sultan Süleyman Qanuniyə təqdim edib deyir: «Şahımız buyurur ki, caminin tikintisinin yubanmasından çox narahatdır. Yəqin ki, tikintini başlamaq üçün maddi vəsaitiniz yoxdur. Ona görə şahımız sizə bu ləl-cəvahiratı göndərib ki, tikintiyə sərf edəsiniz». Sultan Süleyman həmin an mücrünü memar Sinana verib əmr edir ki, məscidin tikintisi zamanı bütün cəvahiratı daş və suvaq yerinə işlətsin. Memar Sinan sultanın tapşırığını yerinə yetirir və minarələrin birinin üzünə suvaq vurarkən mücrüdəki bütün daş-qaşı suvağa qarışdırır. Deyilənlərə görə, sonrakı bir neçə onillik ərzində həmin minarə gün işığı altında parıldayıb bərq vururmuş.

Süleymaniyyə camisi memarlıq elementlərinin sayı və quruluşu baxımından da böyük maraq doğurur. Caminin dörd minarəsi var. Onu tikdirən Sultan Süleyman Qanuni də İstanbulun fəthindən sonra sayca dördüncü Osmanlı hökmdarıdır. Minarələrin ikisi 3 şərəfəlidir, yəni 3 eyvana malikdir. Qalan iki minarənin isə 2 şərəfəsi var. Bunların cəmi 10-dur. Qanuni Süleyman da Osmanlı sultanlarının onuncusudur. Yerdən günbəzin zirvəsinə kimi məsafə 66 arşındır. Əbcəd hesabı ilə 66 – «Allah» adının ifadəsidir.
Memar Sinan yaradıcılığının zirvəsini təqribən 80 yaşlarında ikən layihələndirdiyi Səlimiyyə camisi təşkil edir. Səlimiyyə camisi o zamankı Osmanlı sultanı II Səlimin əmri ilə Ədirnə şəhərində tikilmişdi. Salnamələrdə guya caminin yerinin sultana yuxuda ikən Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən göstərildiyi yazılır. Hündürlüyü 84 metrə çatan 3 eyvanlı minarələrin en kəsiyinin qalınlığı cəmi 3 metr 80 santimetrdir. Buna görə də minarələr səmanın bağrını dələn nazik oxlara bənzəyir. Ən maraqlısı budur ki, bu qədər ensiz minarələrin daxilində ayrı-ayrılıqda 3 pilləkən qurulub. Pilləkənlərin hər biri eyvanların birinə gedib-çıxır. Bu pilləkənlərlə eyni vaxtda qalxan adamlar bir-birini görmür, yalnız bir-birinin səsini eşidirlər.