İmam Cəfər Sadiqin (ə) şəhadət günü münasibətilə (25 şəvval)

Elm

35

İmam Cəfər Sadiqin (ə) şəhadət günü münasibətilə (25 şəvval)“Hər kim öz din qardaşının eybini üzə vursa, cəhənnəm əhlindən olar”.

“Sükut – bahalı xəzinə, helmin (mülayimliyin) bəzəyi və cahil adamın pərdəsidir (örtüyüdür)”.

“Möminin kamilliyi üç xüsusiyyətdədir: dinini araşdırmaq (dəqiq öyrənmək), çətinliklərə səbr etmək və dolanışıqda ölçüyə riayət etmək (yəni həddi aşmamaq)”.

“Məscidlərə gedib-gəlin. Bunlar (məscidlər) Allahın yer üzündə evləri kimidir. Kim məscidlərə pak (təharətli) halda daxil olsa, Allah onun günahlarını bağışlayar və həmin adama Onu (Allahı) ziyarət etmiş kimi savab verər”.

“Hər kim sübh namazından sonra heç bir söz danışmadan yeddi dəfə “Bismillahir-Rəhmanir-Rəhim. Və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim” desə, Allah ondan yetmiş cür bəlanı uzaqlaşdırar ki, cüzam və bərəs (dəri ləkəsi) xəstəlikləri bu bəlaların ən yüngülləridir”.

“Dua dörd yerdə müstəcab olar: vitr (gecə) namazı zamanı, Günəş çıxandan sonra, zöhrdən (günortadan) sonra və məğribdən (Günəş batandan) sonra” (burada müvafiq namazlar qılındıqdan sonra edilən dualar nəzərdə tutulur).

“Bir mömin ona kömək üçün müraciət edən mömin qardaşının ehtiyacını ödəməyə imkanı ola-ola rədd etsə, öləndən sonra Allah onun qəbrinə bir ilan göndərər ki, onun barmaqlarını sancsın (yəni Allah ona şiddətli qəbir əzabı verər)”.

“Bəndədə bu dörd xüsusiyyət olmayınca imanı kamilləşməz: əxlaqını gözəlləşdirsin, nəfsini əskiltsin (yəni nəfsani istəklərə yox deyə bilsin), artıq danışmasın, malının artığını çıxarsın (ehtiyaclılara versin)”.

“Xəstələrinizi sədəqə ilə sağaldın (yəni sədəqə verməklə xəstəliklər şəfa tapar). Bəlaları istiğfarla özünüzdən uzaqlaşdırın”.

“Bu dörd xüsusiyyət peyğəmbərlərin əxlaqındandır: yaxşılıq etmək, səxavətli olmaq, çətinliklərə səbr etmək və möminin haqqının müdafiəsinə qalxmaq”.

“Tərəfdarlarımızı bu üç məsələ barədə sınağa çəkib yoxlayın: namaz vaxtı buna (yəni namazı vaxtın əvvəlində qılmağa) necə riayət etmək barədə, düşmənlərimizin yanında öz sirlərini necə qorumaları barədə və öz mallarını din qardaşları ilə necə bölüşməkləri barədə”.

“Kim xoşluq (ümid) və çətinlik (qorxu) halında, istək yarananda, qəzəblənəndə və razı qalanda öz nəfsinə yiyə dura bilsə, Allah onun bədənini cəhənnəm alovuna haram edər (yəni onu cəhənnəmdə yandırmaz)”.

“Adam günah edər və gecə namazından məhrum olar (yəni etdiyi günah onu gecə namazı qılmaq səadətindən məhrum edər). Günahın öz sahibinə ziyanı, bıçağın əti kəsməsindən daha tez dəyər”.

“Möminin ehtiyacını təmin etmək bütün qaydaları ilə edilmiş min həcc ziyarətindən, Allah yolunda min qulu azad etməkdən və yəhər-yüyənli min atı Allah yolunda cihada hazırlamaqdan daha üstündür”.

“Yatağa girəndə gün ərzində qarnını nə ilə doyuzdurduğunu (nə yediyini), gün ərzində nə qazandığını düşün. Xatırla ki, bir gün sən də öləcəksən və hesabat üçün diriləcəksən”.