Şücaət nümunəsi: “Şəhər camaatı ailə üzvlərimdir”

Elm

35

Şücaət nümunəsi: “Şəhər camaatı ailə üzvlərimdir”XIX əsrdə yaşamış ən nüfuzlu ruhanilərin adlarını sıralasaq, şübhəsiz, bu siyahıda Mirzayi-Şirazinin adı ilk yerlərdən birini tutmuş olar. Hörmət məqsədilə “Mirzayi-Şirazi”, “Mirzayi-bozorg” (böyük Mirzə) ləqəbləri ilə tanınan Ayətullahül-üzma Seyyid Mühəmməd Həsən Hüseyni Şirazi (1814-1896) 20 yaşında ictihada çatmışdı.

O, Nəcəf və Kərbəla şəhərlərində Sahibi-Cəvahir, Sahibi-Zəvabit, Şeyx Mürtəza Ənsari kimi böyük alimlərdən dərs almışdı. Şeyx Ənsari deyirmiş ki, mən dərsimi üç nəfər üçün deyirəm; bu üç nəfərdən biri də Mirzayi-Şirazi idi. 50 yaşından sonra Şirazi şiə aləminin birinci dərəcəli mərceyi-təqlidi kimi tanınır. Sonralar o, İraqın şimalında məzhəblərarası münasibətlərin gərgin olduğunu eşidib, dərslərini Nəcəfdən Samirəyə köçürür. İngilislərə qarşı cihad fətvasının müəllifi Mirzə Mühəmməd Təqi Şirazi, Sahibi-Ürvə Seyyid Yəzdi, Axund Xorasani, Qum hövzəsinin təsisçisi Şeyx Hairi, Mirzayi-Naini, məşrutə hərəkatının lideri Şeyx Fəzlullah Nuri, Sədrlər ailəsinin əcdadı Seyyid İsmail Sədr və başqaları onun tələbəsi olmuşlar.

Mirzayi-Şirazini tarixdə məşhurlaşdıran addım “tənbəki fətvası”dır. XIX əsrin ikinci yarısında İranın ağır iqtisadi böhran keçirməsindən və Nasirəddin şah Qacarın cah-cəlala meyilli iradəsiz bir şəxs olmasından istifadə edən İngiltərə hökuməti tədricən ölkəni iqtisadi baxımdan işğal etməyə başlayır. Əvvəlcə İranın dəmiryolu, teleqraf, gəmiçilik sənayesinə, bank sisteminə nəzarət İngiltərənin əlinə keçir, daha sonra ölkədə bütün tikinti və abadlaşdırma işlərini aparmaq səlahiyyəti ingilis şirkətlərinə həvalə edilir. Beləliklə, İran iqtisadiyyatının 50 faizi xarici dövlətdən asılı vəziyyətə düşür. Üstəlik, Nasirəddin şahın Avropaya üçüncü səfəri zamanı İngiltərənin iş adamı M.Talbot İranın tütün sənayesini inhisara almaq barədə 50 illik müqavilənin bağlanmasına nail olur. Bu, ölkənin Qərbdən asılılığını böhran həddinə çatdıran son damla olur.

Ruhanilər şahın bağladığı müqaviləni ləğv etdirmək üçün xalqı ayağa qaldırmağa başlayırlar. Lakin hərəkata dini dayaq vermək üçün İraq alimlərinin fətvası tələb olunurdu. Bu məqsədlə Mirzayi-Şiraziyə məktub yazaraq, ondan yardım istəyirlər. Bəzi məlumatlara görə, tütün probleminə müdaxilə etməyi və həlledici addım atmağı məşhur müsəlman siyasi xadimi Seyyid Cəmaləddin Əsədabadi Mirzayi-Şiraziyə məsləhət görübmüş.



Mirzayi-Şirazi bir gün şagirdlərini toplayıb tapşırıq verir ki, onun adından tütün problemini həll edən bir dini fətva layihəsi hazırlayıb sabah müzakirəyə gətirsinlər. Ertəsi gün hər kəs öz zövqünə uyğun bir fətva mətni yazıb gətirir. Mirzayi-Şirazi hamının fikrini dinlədikdən sonra döşəyinin altından öz yazdığı fətvanı çıxarıb oxuyur. Fətva bu şəkildə idi: “Allahın adı ilə və Ona həmd olsun. Bu gündən etibarən hər hansı şəkildə olursa-olsun tənbəki və tütündən istifadə etmək Imam-zamanla müharibə etmək hökmündədir”.

Fətva təcili olaraq İrana göndərilir və burada ruhanilər tərəfindən məscidlərdə camaata oxunur. Bütün ölkə bir birinə dəyir və bütün əhali müctəhidin fətvasına əməl edərək tütün və tənbəkidən istifadəni tərgidir. Şəhər meydanlarında iri tonqallar qalanır, ev və dükanlardakı bütün qəlyanlar, tütün və tənbəki yandırılır. İş o yerə çatır ki, Nasirəddin şahın sarayındakı tütün məhsullarını və alətlərini də məhv edirlər. Özü də bu işə şahın arvadı Ənisüd-dövlə rəhbərlik edirmiş.

Deyilənlərə görə, şah adəti üzrə qəlyan çəkmək istədiyini bildirəndə ona deyirlər ki, qəlyanları və tütünü Ənisüd-dövlənin tapşırığı ilə saraydan çıxarıb məhv ediblər. Şah təəccüb içində arvadının yanına gedib soruşur: “Axı tütün çəkməyi kim haram edib? Kimin ixtiyarı var ki, mənim əmlakımı məndən icazəsiz məhv etməyə əmr versin?” Ənisüd-dövlə cavab verir: “Mənim kəbinimi sənə kəsən və məni sənə halal edən adam indi tütünü sənə haram edib”.

Şah əvvəlcə Mirzayi-Şirazinin məktubunun qondarma olduğunu iddia etməklə camaatı sakitləşdirmək və vaxt udmaq istəyir. Lakin hicri 1309-cu il cəmadiyül-əvvəl ayının 23-də belə bir ultimatum yayılır: Mirzayi-Şirazi elan edib ki, 48 saat ərzində şah tütün müqaviləsini ləğv etməsə, cihad hökmü veriləcək və camaat cihada hazır olsun. Şah qorxuya düşüb tələsik Talbotun şirkəti ilə bağladığı müqaviləni ləğv etdirir. Müsəlmanların mənafeyini müdafiə etmək məqsədinə nail olmuş Mirzayi-Şirazi isə 55 gündən sonra yenidən tütün və tənbəkidən istifadənin halal olduğu barədə fətva verir. Amma artıq ölkənin tütün sənayesi xarici təsirdən xilas olmuşdu və istifadə edilən tütünün gəliri ölkəyə aid idi. Beləliklə, Mirzayi-Şirazinin bu fətvası bəzi dini hökmlərin zaman və məkandan asılı olaraq müvəqqəti və nisbi xarakter daşıya bildiyini əyani olaraq sübuta yetirdi.

Mirzayi-Şirazinin layiqli tələbəsi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi (Sahibi-Ürvə) də Qərb imperializminin təzyiqləri qarşısında hər vasitə ilə müqavimət göstərirdi. Birinci Dünya müharibəsi gedişində Qərb dövlətləri müsəlman ölkələrinə təcavüz etdiyi bir zamanda böyük müctəhidlər Mirzə Mühəmməd Təqi Şirazi və Seyyid Yəzdi İraqa soxulan ingilislərə, İrana hücum edən ruslara, Liviyanı işğal etmiş italyanlara qarşı cihad fətvası verdilər. Bu cihadda sıravi müsəlmanlarla yanaşı, böyük alimlər və onların ailə üzvləri də əldə silah savaşırdılar. Hətta döyüşlərdə Seyyid Yəzdinin oğlu Seyyid Mühəmməd şəhid olmuşdu. Cihad müsəlman qüvvələrinin məğlubiyyəti ilə başa çatsa da, onların gücünü Qərbə göstərmək üçün gözəl bir fürsət oldu.

İngilislər Nəcəfə daxil olandan sonra buranın əhalisinə divan tutmağı qərara alırlar. Amma Ayətullah Yəzdinin dünyadakı nüfuzunu nəzərə alaraq, ona qarşı hörmətsizlik göstərməyə cəsarət etmirlər. İngilis səfiri Seyyid Yəzdini razı salmaq və rəğbətini qazanmaq üçün onunla görüşüb, şəhərdə qırğın törədiləcəyini xəbər verir və əlavə edir: “Amma Sizin xilas olmaq imkanınız var. Biz icazə veririk ki, Nəcəfi tərk edib müvəqqəti olaraq Kufəyə gedəsiniz”. Seyyid Yəzdi soruşur: “Ailə üzvlərimə də aman verirsinizmi?” Səfir bildirir: “Bəli, ailə üzvlərinizi də özünüzlə apara bilərsiniz”. Seyyid Yəzdi öz qərarını belə bildirir: “Nəcəfin bütün əhalisi mənim ailə üzvüm kimidir. Mən ailəmi qoyub heç yerə gedə bilmərəm. Qoy onların başına nə gələcəksə, mənim də başıma gəlsin”. İngilislər Seyyid Yəzdinin qərarından özlərini itirib camaatı cəzalandırmaq fikrindən əl çəkirlər. Alimin fədakarlığı sayəsində bütün Nəcəf əhalisi fəlakətdən xilas olur.