ƏBƏDİ CƏHƏNNƏM ƏZABINA SƏBƏB OLAN GÜNAHLAR HANSILARDIR?

Elm

191

ƏBƏDİ CƏHƏNNƏM ƏZABINA SƏBƏB OLAN GÜNAHLAR HANSILARDIR?Dini mənbələrdə günahları çox zaman kiçik və böyük olmaq üzrə iki qismə ayırırlar. Ağırlıq dərəcəsinə görə böyük hesab edilən günahların (bunlara «kəbirə» deyilir) sayı və növü barədə məlumatlar fərqlidir. Dəqiq məlum olan budur ki, Allaha şərik qoşmaq, haqsız yerə adam öldürmək, yetim malı yemək, zina etmək, namuslu adama böhtan atmaq, ata-ananın üzünə ağ olmaq, sələmçilik etmək, sehrbazlıqla məşğul olmaq, oğurluq etmək, məhkəmədə şahid qismində yalan ifadə vermək və s. hərəkətlər böyük günah sayılır. Bəzi alimlərin fikrincə, kiçik sayılan bütün günahlar ardıcıl təkrar olunsa və tövbə ilə silinməsə, böyük günaha çevrilir. Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edirlər: «İstiğfar (tövbə) etməklə böyük günah qalmaz, israr (təkrar) etməklə də kiçik günah qalmaz».

Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn,
Kafirlər (Ali-İmran, 116; Maidə, 37).
Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29).
Münafiqlər (Mücadələ, 17).
Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88).
Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9).
Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63).
Zalımlar (Şura, 45; bax: Yunus, 52).
Günah içində batanlar (Bəqərə, 81).
Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93).
Sələmçilər (Bəqərə, 275).
Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103).
Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23).
Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).

Göründüyü kimi, yuxarıdakı ayələrdə günahkarların çox böyük bir hissəsinin əbədi olaraq cəhənnəmdə qalacağı təkid edilir. Ümumiyyətlə, Qurani-kərimdə cəhənnəmin insanlar və cinlərlə dolu olacağı və bəzi insanların əslində cəhənnəmdən ötrü yaradıldığı bildirilir (Səcdə, 13; Əraf, 179).

Diqqət yetirilməli məsələ budur ki, qiyamət günündə cəhənnəm üzərindən çəkilmiş sirat körpüsundən hər kəsin fərqli sürətlərlə keçəcəyi də hədislərdən məlumdur. Bəziləri sirat körpüsünü işıq sürəti ilə, bəziləri ata minmiş süvari sürəti ilə, bəziləri adi yerişlə, bəziləri isə sürünə-sürünə qət edəcəklər. Günah əhlinin bir qisminə layiq olduğu cəza məhz sirat körpüsünün üzərində veriləcək.

Cənnət əhlinin də mükafatı əbədi olacaq. Qurani-kərimin bir neçə ayəsində cənnət əhlinin burada həmişəlik qalacağı və heç vaxt cənnətdən çıxarılmayacağı bildirilir (Təğabün, 9; Təlaq, 11; Hud, 108 və s.). İslam alimləri arasında cənnət əhlinin mükafatının əbədi və tükənməz olacağı barədə heç bir fikir ayrılığı yoxdur. Mövcud ixtilaf məhz cəhənnəm əhlinin əzabının daimi ya müvəqqəti olmasındadır.

Bəzi hədislər cəhənnəm əzabının əbədi olacağını təsdiq edir. Məsələn, İmam Mühəmməd Baqir (ə) buyurub: «Cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə daxil edildikdən sonra ölüm onların qarşısına gətirilər və ölümün başı kəsilər. Sonra onlara deyilər ki, siz bu yerdə əbədi qalacaqsınız və ölümün sizə yolu yoxdur» (Əllamə Məclisi, Biharül-ənvar, VIII, 347; hədisdə ölümün başının kəsilməsi ifadəsini simvolik mənada qəbul etmək lazımdır). «Səhihü Müslim»də də Peyğəmbərdən buna oxşar hədis vardır. Bunun müqabilində bəzi hədislərdə isə tövhid əhlinin (tək tanrıya inananların) müvəqqəti əzabdan sonra cəhənnəmdən çıxarılacağı bildirilir: «Allah mömini alova atmaz, çünki ona cənnət vədəsi verib. Kafiri də alovdan çıxarmaz, çünki ona cəhənnəm əzabını və orada əbədi qalmağı vəd edib. Tövhid əhlindən olan xəta sahibləri alova düşər, sonra oradan xilas olarlar. Şəfaət onlara şamil olar» (Əllamə Məclisi. Biharül-ənvar, VIII, 362).

Cəhənnəm əzabının əbədi yoxsa müddətli olacağı barədə ənənəvi rəyə görə, yuxarıda adı çəkilən günahlar istisna olmaqla, başqa günah sahibləri cəhənnəmdə müvəqqəti əzab çəkdikdən sonra xilas olacaqlar. Lakin xilas olanlar cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edilənlərlə müqayisədə azlıq təşkil edəcək.
Maraqlıdır ki, İbn Ərəbi, Molla Sədra kimi məşhur fikir sahibləri yuxarıdakı Quran ayələrini təvil etməklə (yozmaqla), cəhənnəmdə əbədi qalmağın mümkünsüzlüyünü sübuta yetirməyə çalışmışlar (Molla Sədra daha sonralar qələmə aldığı «Ərşiyyə» əsərində (müəllifin son kitablarından sayılır) əvvəlki fikrindən dönmüş və keçmiş mövqeyini tənqid etmişdir. «Əsfar»a şərh yazan tədqiqatçılar da bunu qeyd edirlər).

Cəhənnəm əzabının (kafirlər və sair təbəqələr üçün) əbədi olacağına qarşı irəli sürülən arqumentlərdən ən əsasları bundan ibarətdir:
Allahın mərhəməti genişdir və Onun əzabından daha böyükdür. Allah öz yaratdığı məxluqları bu şəkildə əbədi cəzaya məhkum edə bilməz. Çünki bu, Onun ədalət sifətinə ziddir. Həm də adətən, günah müddətli olur. Yəni insan müəyyən zaman kəsiyində günah edir. Bu zaman kəsiyi bir an da ola bilər, bir il də, bir ömür də. Məhdud zamanda edilmiş bir günaha görə isə qeyri-məhdud cəza vermək Allaha yaraşmaz. Allaha yaraşan sifət budur ki, insana peşman olana kimi və ya günahı yuyulana kimi əzab verib sonra onu bağışlasın.

Bu iddiaya cavab olaraq deyilir ki, Allah-təala mərhəmətli olsa da, ədalətsiz deyildir. Onun mərhəməti ədalətinə üstün gəlməz. Yəni Allah-təala bir məzlumun haqqının pozulduğu yerdə günahkarı tövbəsiz əfv edəcək və zərərçəkmişi qisassız qoyacaq qədər zalım ola bilməz. Günahkarın cəzalandırılması heç də mərhəmətin yoxluğu demək deyil. Əgər ilahi hikmət hər hansı əmələ görə əbədi cəhənnəm əzabı verməyi tələb edirsə, buna etiraz etməyə haqqımız yoxdur.

Başqa məsələ budur ki, məhdud vaxtda davam etmiş günaha görə əbədi cəza vermək nə dərəcədə düzgündür? Əvvəla, bu dünyada hər hansı cinayətə görə onun üçün cəza verirlər ki, əvvəla, cinayəti etmiş şəxs bir daha onu təkrar etməyə imkan tapmasın (məsələn, oğurluq edənin əlini kəsirlər, yaxud cinayətkarı cəmiyyətdən təcrid edib həbsə alırlar və s.). bəzən cinayətkarı cəzalandırmaqla zərərçəkənə təsəlli verməyə, ürəyindəki kin və qəzəb duyğusunu söndürməyə çalışırlar. Həmçinin, cəzanı ona görə də verirlər ki, bu cəza başqa cinayətkarlara ibrət olsun və həmin işi təkrar etməkdən qorxsunlar.

Qiyamətdə bu səbəblərin heç biri keçərli deyil. Axirət aləmi peşmançılıq aləmi deyil. Orada hər hansı səhvi düzəltmək, tövbə etmək artıq gec olacaq. Allah öz düşmənindən intiqam almaqla ürəyini soyudacaq qədər aciz və zəif deyil. Başqalarına ibrət vermək məsələsi də axirətdə öz qüvvəsini itirəcək; çünki axirət dünyasında onsuz da heç kim cinayət törətməyə qadir olmayacaq. Axirət aləmində cəza islah etmək üçün yox, məhz sırf cəza niyyətilə veriləcək. Cinayətkar həmin cəzaya tam layiqdir. Onun peşman olması nə özünə, nə də başqalarına fayda yetirməz.

Müddətə gəlincə, bəzi cinayətlərin edilmə müddəti qısa olsa da, təsiri uzun olur. Məsələn, bir neçə dəqiqəlik eyş-işrət məclisindən sonra sərxoş olmuş sürücü qəza törədib bir neçə insanı ömürlük şikəst qoyur. Bir göz qırpımında tətiyin çəkilməsi bir insanın ölümünə, bir ailənin illər uzunu başsız qalmasına gətirib-çıxarır. Təsəvvür edin ki, ziyafət məclisində bir nəfər qəfildən otağın işıqlarını söndürür. Yaranmış qaranlıqda bir nəfər pilləkəndən yıxılıb ayağını əzir, o birisi bahalı bir qaba toxunub sındırır, üçüncüsü yemək sinisini başqasının üstünə dağıdıb onu yandırır və s. Bircə anlıq hərəkət görün nə qədər mənfi nəticələrə gətirib-çıxarır. Təbii ki, həmin adamı mühakimə edəndə ona işığın düyməsini basdığı ana görə cəza verməyəcəklər, şikəst olmuş, zərər çəkmiş insanların, sınmış əmlakın hesabını ondan soracaqlar. Başqa sözlə, həmin adam öz hərəkətinin nəticələrinə görə cavab verəcək. Qəsdən səhv bir qanun verməklə hədsiz fitnə-fəsadlara səbəb olmuş dövlət başçısının günahını həmin qanuna imza atdığı bir neçə saniyə ilə məhdudlaşdırmaq olarmı? Axirətdə veriləcək əzab da bu dünyada edilmiş cinayətin müddətinə görə deyil, yaratdığı təsirə və vurduğu ziyana uyğun olaraq seçiləcək.
(Bu mövzuya Əllamə Təbatəbai «əl-Mizan» təfsirində (Bəqərə surəsi 167-ci ayənin təfsiri), Əllamə Seyyid Mühəmməd Hüseyn Hüseyni Tehrani «Məadşünasi» kitabında (X cild) və Möhsin Qiraəti «Məad» əsərində ətraflı toxunmuşlar).