Həzrət Muhəmməd Peyğəmbər (s) İmam Hüseynin (ə) şəhadətinə ağlayırdı

Elm

50

Həzrət Muhəmməd Peyğəmbər (s) İmam Hüseynin (ə) şəhadətinə ağlayırdıSon zamanlar gündəmi zəbt etmiş mövzulardan biri də İslam müqəddəslərinin müsibətinə ağlamağın icazəli olub-olmaması məsələsidir. Öz siyasi və ictimai nüfuzundan istifadə edən bəzi diletant şəxslər Kərbəla müsibətinə həsr edilmiş təziyə məclislərini tənqid hədəfinə alır, bu cür məclislər keçirmək ənənəsini dindən kənar elan etməyə çalışırlar. Aktual mövzulara təəssübsüz və obyektiv münasibət göstərməyə çalışan islam.az saytı bu mövzuda növbəti araşdırmanı diqqətinizə təqdim edir.

Mövzuya keçməzdən əvvəl müqəddimə olaraq bunları qeyd etmək istərdik:

Birincisi,

İslam müqəddəslərinin müsibətinə ağlamaq bəzilərinin təqdim etdiyi kimi bidət deyildir. Çünki izah verəcəyimiz kimi, tarixi mənbələrdə bunun xeyli sübutları vardır. Bidət – dini hökmlərdə öz əksini tapmayan, amma din adından təqdim edilən məsələ deməkdir. Dini hökmlərimizin əmr etmədiyi bir işi vacib dini əmr kimi çatdırmaq, şəriətin qadağan etmədiyi bir məsələni də qadağan elan etmək bidət sayılır (bidət məfhumu barədə saytımızda ətraflı məlumatlar vermişik:

http://az.islam.az/article/a-782.html;

http://az.islam.az/article/a-783.html;

http://az.islam.az/article/a-784.html;

http://az.islam.az/article/a-704.html;

http://az.islam.az/article/a-706.html;

http://az.islam.az/article/a-707.html).

Halbuki, məsumların müsibətini qeyd etmək, buna ağlamaq dini mənbələrdə öz əksini tapmış və tarixi təcrübədə misallarla təsdiqlənmiş bir həqiqətdir.

İkincisi,

əgər hətta məsumların müsibətinə ağlamağı təşviq edən sübutlar olmasaydı belə, bunu qadağan edən möhkəm sübutlar da olmadığı təqdirdə bu işin haram olmasına hökm verə bilmərik. Çünki şəriətimizin əsas qanunlarından biri “ibahə”, yəni “mübahlıq, halallıq, icazəlilik” qaydasıdır. Belə ki, qadağan olduğuna qəti sübut olmayan iş icazəli sayılır. Haram olduğu dəqiq bilinməyən hər şey halal hökmündədir. Dinimiz çətinlik və məhdudiyyət yox, asanlıq və azadlıq dinidir. Allah-Taala halalların içindən haramları seçib insana tanıtdırmışdır. Bəlli edilənlər haramlardır, onlardan başqa yerdə qalanlar isə halal hökmünü daşıyır. Əgər müsibətə ağlamağı qəti qadağan edən sübutlar ortada yoxdursa, onu təsdiq edən sübut da axtarmağa ehtiyac yoxdur və bu şərait ağlamağın öz-özlüyndə halal sayılması üçün kifayətdir. Amma bir daha təkrar edirik ki, məsumların müsibətinə ağlamağın caizliyi, hətta bəyənilən olması barədə sübutlar da yetərincədir.

Üçüncüsü,

öz-özlüyündə dini motiv əsasında ağlamaq heç bir dində, heç bir şəriətdə və heç bir sağlam məntiqdə qadağan edilməmişdir və edilə də bilməz. Əksinə, Qurani-Kərimdə və bütün məzhəblərin qəbul etdiyi səhih sünnədə dinə dayaqlanan səbəb üzündən ağlamaq təşviq və tövsiyə edilir. Qurani-Kərimdə ağlamaq möminlərə yaraşan xüsusiyyətlərdən biri kimi xatırlanır və möminlərin öz günahlarını yada salıb ağlamaları bəyənilir:

“Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!” (Tövbə, 82).

Allahın şövqündən ağlamaq Quranın təqdim etdiyi mömin obrazının əsas xüsusiyyətlərindən birini təşkil edir:

“Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!” (Maidə, 83).

“Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar” (İsra, 109).

Allah xofundan, günahların cəzasından qorxaraq ağlamaq barədə hədislərimiz hər iki məzhəbin mənbələrində yetərincədir.

Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilir:

“Yeddi nəfər Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı zaman (qiyamətdə) Allahın (mərhəmət) kölgəsinin altında olacaq: ...tənha yerdə (yəni riya olmadan) Allahı xatırlayaraq gözləri yaşaran şəxs”.

(Səhihi-Müslim, Kitabüz-zəkat, hədis 1031;

Sünəni-Tirmizi, hədis 2391).

Əbu Hüreyrədən rəvayət edilən bu hədisin fərqli variantları Malik ibn Ənəsin “Müvatta”, Təbəraninin “əd-Dua”, Beyhəqinin “əs-Sünənül-kübra”, “əs-Sünənüs-səğir” və “Şüəbül-iman”, Təhavinin “Müşkilül-asar”, İbn Əsakirin “Tarixi-Diməşq”, Bəğəvinin “Məalimüt-tənzil” kitablarında və sair mənbələrdə öz əksini tapıb.

Peyğəmbərimiz (s) Allaha dua edərək, onu Öz ağlayan bəndələrindən qərar verməsini istəyirdi:

“İlahi, məni Sənin üçün ağlayanlardan və Səndən qorxanlardan qərar ver!”

(Bu hədisi bir çox təfsirçilər “Maidə” surəsinin 58-ci ayəsinin təfsirində qeyd etmişlər.

Bax: Zəməxşəri. Təfsirül-Kəşşaf, 4-cü cild, səh. 32;

Qürtübu təfsiri, 13-cü cild, səh. 472;

Fəxr Razi. Təfsirül-kəbir, 21-ci cild, səh. 234 və s).

Yenə Əbu Hüreyrə vasitəsilə Peyğəmbərimizdən (s) belə bir hədis rəvayət edilir:

“Sağılmış süd döşə qayıtmaınca Allah qorxusundan ağlayan kəs də cəhənnəmə girməz”.

(Sünənüt-Tirmizi, Fəzailül-cihad, hədis 1633;

Sünənün-Nəsai, Kitabül-Cihad, hədis 3110).

(Bu hədisdəki “sağılmış süd döşə qayıtmayınca” ifadəsi bir işin qeyri-mümkünlüyünü göstərir və ərəb dilində hər hansı işin baş tutmasının qəti şəkildə mümkün olmadığını çatdırmaq üçün işlədilir).Məgər ağlamaq günahdırmı?

Allah xofundan ağlamağın savabı barədə şiə mənbələrində də onlarla hədis vardır; onlardan ikisini təqdim etməklə kifayətlənirik:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Hər şeyin qabı və ölçüsü vardır, yalnız göz yaşından başqa. Onun bir damlası alov ümmanlarını söndürər. Göz yaşla dolsa, heç bir zillət pərdəsi onu örtməz. Göz yaşarsa, Allah ona cəhənnəm alovunu haram edər. Əgər bir ümmətin içində (həqiqi) ağlayan olsa, Allah həmin ümmətə rəhm edər”. (Şeyx Küleyni. Üsuli-Kafi, 2-ci cild, səh. 481; Şeyx Səduq. Səvabül-əmal, səh. 152).

İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqir (ə) vasitəsilə Peyğəmbərdən (s) rəvayət etmişdir: “Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayar: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqları qarşısında qapanan göz və Allah yolunda (keşik çəkərək) sübhə kimi yatmayan göz”. (Şeyx Səduq. Əl-Xisal, 1-si cild, səh. 98).

Qeyd edək ki, oxşar məzmunlu hədislər əhli-sünnə mənbələrində Əbu Hüreyrə və digər səhabələrdən də nəql edilmişdir. Yaxın məzmunlu hədislərin birində buyurulur: “İki gözə cəhənnəm alovu toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkib yatmayan göz” (Sünənüt-Tirmizi, hədis 1639).

Yuxarıda xatırlanan və həmçinin, bunlarla eyni məzmunu daşıyan daha başqa hədislərdən məlum olur ki, ağlamaq öz-özlüyündə günah sayılmır. Eləcə də, dini səbəb üzündən, yəni Allah qorxusundan, günahların xəcalətindən, Allahın mərhəmətinə duyulan riqqətdən səmimiliklə ağlamaq bəyənilən hərəkətdir, insana həm bu dünyada, həm də axirətdə Allahın razılığını qazandırar.

Peyğəmbərlər də ağlamışlar

Qurani-Kərimin bir neçə ayəsindən anlaşılır ki, keçmiş ümmətlərə göndərilmiş peyğəmbərlər də ağlamışlar. Allah-Taala bu barədə Qurani-Kərimdə söhbət açarkən nəinki bu hərəkəti məzəmmət etmir, əksinə, həmin ayələrdə rəğbət sezilir.

“Məryəm” surəsində Allah-Taala Həzrət Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yəqub, Musa, İsmail və İdris Peyğəmbərlərin (ə) adlarını çəkir, onların başına gələn hadisələri qısaca da olsa xatırladır. Allah buyurur: “Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar” (Məryəm, 58).

Ayədən göründüyü kimi, Allahın vəhyini oxuyaraq riqqətə gəlib ağlamaq bir neçə böyük peyğəmbərin xüsusiyyəti kimi təqdim edilir.

Mövzu ilə bağlı ayələr bununla məhdudlaşmır. Allah-Taala Həzrət Yaqub Peyğəmbərin (ə) öz oğlu Yusifin (ə) ayrılığına durmadan ağladığını bəyan edir:

“Dərd-qəmdən (ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi” (Yusif, 84).

İş o yerə çatdı ki, oğulları Yaqubun (ə) ağlamasına mane olmağa çalışdılar: “Dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” (Yusif, 85).

Nəzərə alaq ki, Həzrət Yaqub (ə) Allah xovfundan və ya günahlarının qorxusundan deyil, oğlunun dərdindən ağlayırdı. Yalnız Allah yolunda ağlamağın icazəli olduğunu iddia edənlərə bu, gözəl bir cavabdır. Çünki Allahın Peyğəmbəri (ə) məsumdur və yanlışlığa yol verə bilməz.

Əhli-sünnənin məşhur təfsirlərindən olan “əl-Kəşşaf”da yazılıb: “Yusifdən (ə) ayrıldığı vaxtdan onunla görüşənə kimi Yaqubun (ə) gözləri 80 il yaşdan qurumadı; yer üzündə Allah üçün Yaqubdan daha dəyərli kimsə yox idi”. (Zəməxşəri. Təfsirül-Kəşşaf, 3-cü cild, səh. 317).

Yalnız Həzrət Yaqub (ə) deyil, Yusif Peyğəmbər (ə) də ağlamışdır. Böyük Quran bilicisi, Peyğəmbərin (s) əmisi oğlu Abdulah ibn Abbas demişdir:

“Yusif zindanda bütün gecəni namaz qılırdı, elə ağlayırdı ki, zindanın divarları, tavanı və qapıları da onunla birlikdə ağlayırdı”. (Qürtübi təfsiri, 11-ci cild, səh. 345).Əvvəlki bir neçə məqalədə aşura mərasiminə etiraz edən qüvvələrə cavab olaraq, Qurani-Kərimdən bəzi ayələri və səhih hədisləri nümunə gətirdik. Həm keçmiş peyğəmbərlərin tarixindən, həm də Həzrət Muhəmməd Peyğəmbərin (s) həyatından konkret faktlar gətirməklə sübut etdik ki, özü-özlüyündə ağlamaq qətiyyən yanlış əməl və günah deyil. Müqəddəslərimiz Allahın əzəməti barədə düşünərək və qiyamət gününün dəhşətini təsəvvür edərək ağlamış, müsəlmanlara da bunu tövsiyə etmişlər. Öz yaxınının itkisinə və ölümünə ağlamaq da müqəddəs şəxslərin həyat tarixçəsində rast gəlinən hadisələrdir. Həzrət Yəqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) itkisinə illər uzunu ağlamışdı. Həzrət Muhəmməd Peyğəmbər (ə) öz yaxın qohumlarının (anası, oğlu, əmisi, əmisi oğlu, babası) və səhabələrinin ölümünə kədərlənib göz yaşı tökmüş, nəinki başqalarına ağlamağı qadağan etməmiş, hətta onların da mərsiyə söyləməsini və ağlamasını təşviq etmişdi.

İmam Hüseyn (ə) əzadarlğına gəlincə, bunun əqli dəlillərindən, sosial-psixoloji əsaslarından danışmasaq belə, nəqli dəlillərindən bir neçəsinə toxunsaq, kifayət edər. Aşura mərasiminin keçirilməsini tənqid atəşinə tutanlar “məgər Peyğəmbər bunu etmişdirmi?” kimi əsassız iddialar səsləndirsələr də, tarix onların sözünün tam əksini deyir. Kərbəla faciəsinin ildönümümün qeyd edilməsinə hər yolla mane olmağa çalışan sələfi düşüncəli şəxslərin elə öz mötəbər saydıqları mənbələr buna sübutdur. Aşağıda Həzrət Muhəməd Peyğəmbərin (s) qabaqcadan Kərbəla faciəsindən xəbər tutması və nəvəsi Hüseynin (ə) şəadətinə ağlaması barədə çoxsaylı hədislərdən yalnız bir qismini diqqətinizə çatdırırıq.

***

Həzrət Muhəmməd Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı Ümmül-fəzl rəvayət edir ki, bir gün Allahın Rəsulunun (s) hüzuruna gedib dedim: “Ey Allahın Rəsulu! Gecə çox qəribə bir yuxu gördüm”. Həzrət soruşdu: “Nə yuxu idi?” Dedim: “Amma çox qorxulu (dəhşətli) yuxu idi”. Təkrar soruşdu: “Gördüyün nə idi?” Cavab verdim: “Gördüm ki, Sizin bədəninizdən bir parça qopub mənim ətəyimə düşdü!” Həzrət buyurdu: “Sən yaxşı yuxu görmüsən. İnşaallah, Fatimə bir oğul dünyaya gətirəcək və o uşağı sənin dizinin üstünə (əmizdirməyin üçün) qoyacaqlar”.

Ümmül-fəzl deyir ki, bir müddət sonra Fatimə (ə) Hüseyni (ə) dünyaya gətirdi və Peyğəmbərin buyurduğu kimi, o (Hüseyn), mənim dizimin üstündə qərar tutdu (onu qucağıma alıb əmizdirdim). Bir gün körpə Hüseyni (s) götürüb, Allahın Rəsulunun (s) hüzuruna getdim və uşağı onun qucağına verdim. Bu zaman gördüm ki, Peyğəmbərin gözləri yaşardı. Soruşdum: “Ey Allahın Peyğəmbəri! Atam-anam sənə fəda olsun, sənə nə oldu?” Buyurdu: “Cəbrail yanıma gəlmişdi. Xəbər verdi ki, ümmətim balamı öldürəcək!” Ümmül-fəzl Hüseyni (ə) göstərib soruşdu: “Bunumu?” Peyğəmbər cavab verdi: “Bəli. Cəbrail mənə onun qırmızı torpağından (qətlə yetiriləcəyi və qanına bələnəcəyi torpaqdan) gətirmişdi”.

Bu rəvayət aşağıdakı kitablar da daxil olmaqla çoxlu mənbədə öz əksini tapmışdır:

Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 176-177;

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 179;

Məqtəli-Xarəzmi, 1-ci cild, səh. 159;

İbn Kəsir tarixi, 6-cı cild, səh. 230;

İbn Həsər Heysəmi. Əl-Səvaiq əl-mühriqə, səh. 115;

Müttəqi Hindi. Kənz əl-ümmal, 6-cı cild, səh. 223 və s.

Qeyd edək ki, bu rəvayət əhli-sünnənin hədis meyarları baxımından mötəbər sayılır. Məşhur hədis alimi Hakim Nişaburi hədisi qeyd etdikdən sonra yazır: “Bu hədis iki şeyxin (yəni Buxari ilə Müslimin) meyarları baxımından səhihdir (düzgündür), amma onlar bu hədisi (öz kitablarında) qeyd etməmişlər”.

***

Allahın Rəsulunun (s) xanımlarından biri Ümmül-möminin Ümmi-Sələmə xanım rəvayət edir: “Bir gün Allahın Rəsulu mənim evimdə oturmuşdu. Buyurdu ki, mən icazə verməyincə, heç kim yanıma gəlməsin. Mən çöldə gözləyirdim. Bu zaman Hüseyn içəri daxil oldu. Kənardan həzrətin ağlamaq səsini eşitdim, içəri girib gördüm ki, Hüseyn həzrətin dizləri üstündə oturub, Peyğəmbər onun alnını sığallayıb ağlayır. Dedim: “Allaha and olsun, mən bilmədim ki, o, yanınıza gəlib” (Ümmi-Sələmə xanım Peyğəmbərin heç kimi buraxmamaq tapşırığına görə özünü təqsirkar bilərək bunu demişdi. Əslində, həqiqətən, Hüseynin (ə) gəlişindən xəbəri olmamış və səs eşidib içəri girmişdi). Həzrət buyurdu: “Cəbrail bu otaqda bizimlə birlikdə idi. Məndən soruşdu ki, bunu (yəni Hüseyni) sevirsənmi? Cavab verdim ki, bəli, dünyada ən çox onu sevirəm. Cəbrail buyurdu: “Sənin ümmətin bunu Kərbəla deyilən yerdə qətlə yetirəcək” Cəbrail mənə o yerin torpağından gətirib”. Ümmi-Sələmə xanım deyir ki, sonra Peyğəmbər (s) mənə həmin torpağı göstərdi.

Mənbə:

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 189;

Təbərani. Əl-Möcəm əl-kəbir, 3-cü cild, səh. 109.

Heysəmi “Məcmə əl-zəvaid” kitabında hədisi təqdim etdikdən sonra yazır: “Bu hədisi Təbərani sənədləri ilə rəvayət etmişdir və sənədlərin birinin bütün raviləri mötəbər (siqə) şəxslərdir”.