RÜŞVƏT - Ən böyük ictimai bəlalardan biri

Elm

32

RÜŞVƏT - Ən böyük ictimai bəlalardan biriRüşvətin haram olduğunu bildirən ayələr

1. "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (sizə haram olduğunu bilə-bilə) günah yolu ilə yeməyiniz üçün malınızı hakimlərə (rüşvət) verməyin!" (Bəqərə, 188).

2. "Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!" (Maidə, 63).
Bu ayədəki "haram yemək" ifadəsini imamlar rüşvət anlamında izah etmişlər. Həzrət Əli (ə) buyurub ki, burada haram yeyənlər kimi tanıtdırılanlar – öz din qardaşının çətinliyini həll etdikdən sonra ondan hədiyyə istəyənlərdir (Biharül-ənvar, CIV, 273; Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVII, 95, hədis 22067).
Həsən Bəsri rəvayət edir ki, Bəni-Israil qövmündə belə bir adət var idi: məhkəməyə gedəndə hər iki tərəf ətəyində rüşvət aparar və hökm çıxarılmazdan əvvəl ətəklərini açıb rüşvəti hakimə göstərərdilər. Hakim də rüşvəti daha bahalı və çox olan tərəfin xeyrinə hökm çıxarardı.


Rüşvətin haram olduğunu bildirən hədislər

1. Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əliyə (ə) vəsiyyətində buyurub: "Tezliklə müsəlmanlar öz mal-dövlətləri ilə sınağa çəkiləcəklər. Onlar əsası olmayan şübhələrin, nəfsani istəklərin, elmsiz xəyalların əsasında halalı haram bilərlər. Nəbiz (arpa suyu) adı altında şərabı, hədiyyə adı altında rüşvəti, alver adı altında sələmçiliyi halal sayarlar" (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 27).

2. Imam Cəfər Sadiq (ə) Əmmar ibn Mərvan adlı səhabəsinə buyurub: "Ey Əmmar, rüşvətə gəlincə, bil ki, hökmlərdə rüşvət vermək əzəmətli Allaha və Onun Peyğəmbərinə qarşı küfrdür". (Burada "hökmlərdə rüşvət vermək" ifadəsinin mənası hökm çıxaran zaman qazıya (hakimə) rüşvət verməkdir) (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 211; həmçinin bax: Şeyx Küleyni. Əl-Kafi, VII, 409).

3. Həzrət Mühəmməd Peyğəmbər (ə): "Rüşvət alana da, verənə də Allah lənət eləsin!" (Müttəqi Hindi. Kənzül-ümmal, VI, 113, hədis 15078).

4. Həzrət Mühəmməd Peyğəmbər (s): "Rüşvət alana da, verənə də, arada vasitəçilik edənə də Allah lənət eləsin!" (Əhməd ibn Hənbəl. Müsnəd, V, 279; Müttəqi Hindi. Kənzül-ümmal, VI, 114, hədis 15080).

5. Həzrət Mühəmməd Peyğəmbər (s): "Rüşvət alan da, verən də cəhənnəmlikdirlər" (Müttəqi Hindi. Kənzül-ümmal, VI, 113, hədis 15077).

6. Həzrət Mühəmməd Peyğəmbər (s): "Rüşvət alan da, verən də, onların arasında vasitəçilik edən də məlundurlar (lənətə layiqdirlər)" (Müttəqi Hindi. Kənzül-ümmal, hədis 1495; Əllamə Məclisi. Biharül-ənvar, CIV, 274).

7. Imam Mühəmməd Baqir (ə): "Özünə halal olmayan qadının ayıb yerinə baxan adama, öz din qardaşının qadınına münasibətdə xain davranan insana və dini sahədə elminə camaatın möhtac olduğu halda onlardan rüşvət istəyən şəxsə Allahın Rəsulu lənət edib" (Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVIII, 163).

8. Həzrət Mühəmməd Peyğəmbər (s): "Rüşvətdən uzaq olun! Çünki o, əsl küfrdür. Rüşvət alan adam cənnətin ətrini duymaz" (Əllamə Məclisi. Biharül-ənvar, CIV, 274).

9. Həzrət Mühəmməd Peyğəmbər (s): "Əmirin (valinin) hədiyyə alması bəyənilməzdir, qazının rüşvət alması isə küfrdür" (Mənavi. Feyzül-qədir, I, 212).

10. Məşhur səhabə Əmr ibn As Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edib: "Içində rüşvət yaranan elə bir qövm (millət) yoxdur ki, axırda dəhşətə və qorxuya düçar olmasın" (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 84).

11. Abdullah ibn Abbas Həzrət Mühəmməd Peyğəmbərin (ə) belə buyurduğunu rəvayət edib: "Hər kim on nəfərə başçılıq etməyi öhdəyə alsa və aralarında ya onların bəyəndikləri kimi, ya da bəyənmədikləri tərzdə hökm versə, qiyamət günündə qolları zəncirlə bağlanmış halda məhşərə gətirilər. Əgər ədalətlə hökm vermiş, rüşvət almamış, zülm törətməmişsə, qolları açılar. Əgər Allahın nazil etdiyi hökmlərdən fərqli hökm vermişsə, rüşvət almışsa, səhlənkarlıq etmişsə, sağ qolunu sol qoluna daha şiddətlə bağlayar və cəhənnəmə atarlar. O, cəhənnəmin elə dərinliyinə yuvarlanar ki, 500 ildən sonra da ora çatmaz" (N.B.Bidəhəndi. Islam baxımından rüşvət, səh. 83-84).

12. Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əliyə (ə) vəsiyyətində buyurub: "Bu qazanclar haramdır: ölü heyvanın (yəni şəriətə əsasən kəsilməmiş heyvanın), itin, məstedici içkinin satışından əldə edilən qazanc, zina üçün verilən muzd, hökm zamanı alınan rüşvət və kahinə verilən muzd" (Əllamə Məclisi. Biharül-ənvar, LXXVII, 54; Şeyx Hürr Amüli. Vəsailüş-şiə, XVII, 94, hədis 22065). Eyni məzmunlu hədis Imam Cəfər Sadiqdən (ə) də rəvayət edilib (Şeyx Küleyni. Əl-Kafi, V, 127).

13. Imam Əli ibn Əbu Talib (ə): "Sizdən əvvəlkilər ona görə həlak oldular ki, camaatın haqqını vermədilər, camaat da məcbur olub öz haqqını batillə (rüşvətlə) aldı. Sonra gələn nəsillər də bu yolla getdi" (Nəhcül-bəlağə, 79-cu məktub).

14. Imam Əli ibn Əbu Talib (ə): "Siz özünüz də yaxşı bilirsiniz ki, camaatın namusunu, qanını, qənimətini (malını) qorumağı, hökmləri icra etməyi, müsəlmanlara rəhbərlik etməyi öhdəyə almış bir valiyə... hökm verərkən rüşvət almaq yaramaz. Çünki bu halda haqqı tapdalamış və ona əməl etməmiş olar" (Nəhcül-bəlağə, 130-cu xütbə).

15. Əbu Hümeyd Saidi adlı səhabə rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ibn əl-Ütəbiyyə adlı bir nəfəri Bəni-Əzd qəbiləsindən sədəqə və zəkatı alıb gətirməyə göndərmişdi. O adam qayıdandan sonra gətirdiyi maldan bir neçə baş qoyunu beytül-mala təhvil vermədi. Səbəbini soruşanda dedi ki, bu qoyunları Bəni-Əzd qəbiləsi mənə hədiyyə verib.

Peyğəmbər minbərə qalxıb buyurdu: "Sizlərdən birini iş dalınca göndərirəm, qayıdanda deyir ki, gətirdiyim malın bu hissəsi beytül-malındır, bu hissəsi isə mənə hədiyyə kimi verilib və özümə çatacaq. O adam öz evində otursaydı görərdi ki, kimsə ona hədiyyə gətirir ya yox? Ixtiyarında olduğum Allaha and olsun, siz bu dünyada hansı heyvanı haqsız yerə mənimsəsəniz, qiyamət günündə boynunuza həmin heyvan yüklənmiş halda Allahın hüzuruna gətiriləcəksiniz" (hədisin fərqli variantları üçün bax: Beyhəqi. Əs-Sünənül-kübra, IV, 158; Ibn əl-Əsir. Üsüdül-ğabə, V, 330; Müttəqi Hindi. Kənzül-ümmal, IV, 394, hədis 11089; Səhihül-Buxari, Kitabül-ehkam, Babü hədayal-ümmal, hədis 7174).