Ali kürsüdən müraciət – xütbə

Elm

33

Ali kürsüdən müraciət – xütbə“Xütbə” sözünün ərəb dilindən tərcüməsi “xitab, müraciət” deməkdir. Dini anlamda cümə və bayram günlərində, eləcə də sair günlərdə, əlamətdar hadisələrdə axundun (imam-cümənin) və ya dini rəhbərin camaat qarşısında etdiyi çıxış “xütbə” adlanır.

Xütbə söyləyən şəxsə xətib deyilir. Həmçinin, bəlağətli danışığı olan, gözəl xütbə söyləyən adama da xətib deyirlər.

Həzrət Mühəmməd Peyğəmbər (s) istər məsciddə, istərsə də sair yerlərdə (məsələn, həcc ziyarətində, hərbi səfərlərdə və s.) müsəlmanlar qarşısında xütbə söyləmişdir. Bu zaman o, bəzən uca bir təpənin üstünə qalxır, bəzən ağac kötüyünə dirsəklənir, bəzən də dəvə kəcavələrindən düzəldilmiş yüksəkliyin üstündə dururdu. Sonralar Mədinə məscidində Peyğəmbər üçün minbər hazırladılar və o, məsciddə olanda xütbələri minbərdən söyləməyə başladı. Peyğəmbərimiz xütbəni uca və aydın səslə, sözləri dəqiq tələffüz etməklə söyləyirdi. Camaatın yorulmaması üçün xütbəni çox uzatmazdı. Bəzən ehtiyac yarandıqda xütbəni kəsib minbərdən enər və sonra yenidən minbərə qalxıb xütbəni davam etdirərdi. Məsələn, minbər üstündə xütbə oxuyarkən aşağı enib, nəvələri Həsənlə Hüseyni (ə) özü ilə minbərə qaldırmış, sonra xütbəsinin ardını söyləmişdi. Peyğəmbərin xütbələri İslam dininin əqidə əsaslarına, müsəlman əxlaqına, şəriət hökmlərinə, eləcə də, günün aktual dini-siyasi hadisələrinə həsr edilirdi.

Bu ənənə sonrakı dövrlərdə xəlifələr tərəfindən də davam etdirilmişdir. Xilafət ərazisindəki məscidlərdə xütbələri xəlifənin təyin etdiyi imam-cümələr və valilər söyləyirdilər. Bir qayda olaraq, bu xütbələrdə xəlifənin adı çəkilir və onun hökumətinin davamlı olması üçün dualar edilirdi. Xəlifənin adına xütbə oxumaq – onun hakimiyyətini qəbul etmək, xəlifənin adını xütbədən çıxarmaq isə ona tabesizlik elan etmək mənasını verirdi.

Cümə namazından əvvəl xütbə söyləmək bütün məzhəblərdə fərzdir. Ramazan və Qurban bayramlarının namazından sonra isə eyni qayda ilə iki xütbə söyləmək müstəhəbdir. Cümə namazından qabaq imam-cümə ayaq üstə durmuş halda bir-birinin ardınca iki xütbə oxumalıdır. Xütbələr Allaha həmdü-səna, kəlmeyi-şəhadət cümlələri, Peyğəmbərə və nəslinə salavatla başlamalıdır. Hər iki xütbədə imam-cümə müsəlmanları təqvalı olmağa (Allahdan qorxmağa) çağırmalı, Qurani-kərimdən kiçik bir surə oxumalıdır. Yaxşı olar ki, xütbənin məzmunu həmin ölkə müsəlmanları üçün mühüm olan məsələlərə, əxlaq, iman və şəriət qaydalarına yaxud da təqvim üzrə həmin günə uyğun olan mövzuya həsr olunsun. Məsciddəkilər xütbəyə diqqətlə qulaq asmalıdırlar. Xütbələrdən dərhal sonra cümə namazı qılınır.

İmam Rza (ə) cümə xütbəsinin əhəmiyyəti barədə buyurub: “Cümə günü xütbə oxumağın vacib olmasının səbəbi budur ki, həmin gün camaat (namaza) toplaşır. Allah istəyir ki, müsəlmanların rəhbəri bu imkandan faydalansın, adamlara nəsihət versin, onları Allaha itaət etməyə həvəsləndirib günahdan çəkindirsin. Dini və dünyəvi həyatları üçün Allahın məsləhət bildiklərini insanlara başa salsın, dünyanın hər güşəsində baş verən yaxşı və pis hadisələrdən onları xəbərdar etsin”.