HAQQ YOLÇULARININ YOLU - SEYRÜ-SÜLUK

Elm

33

HAQQ YOLÇULARININ YOLU - SEYRÜ-SÜLUKƏrəb dilindən tərcüməsi “seyr etmək, gəzib-dolaşmaq” mənalarını verir. İrfan və təsəvvüf aləmində insanın Allaha doğru mənəvi təkamül yolunu belə adlandırırlar.



Təsəvvüf mövzusunda yazılmış klassik əsərlərin birində deyilir ki, seyrü-süluk pis sözlərdən yaxşı sözlərə, bəd əməllərdən xeyir əməllərə, mənfi əxlaqdan müsbət əxlaqa, öz varlığından Allahın varlığına doğru yönəlməkdir. Bu yolun yolçusuna salik deyirlər.

Seyrü-sülukun başlanğıcında insanın mütləq mürşidi (ustadı, rəhbəri) olmalıdır, yəni insan hər hansı sufi təriqətinə bağlanmalıdır. Ariflər seyrü-süluk yoluna mürşidsiz çıxmağı mənasız və nəticəsiz sayırlar.

Seyrü-sülukun 4 mərhələsi var. Birinci mərhələ seyri-iləllah (Allaha doğru yol) adlanır. Bu mərhələdə salik bütün varlıq aləmini tanımaqdan xilas olub, yalnız Allahı tanıyır, Allahdan başqa hər şeyin bilgisini, nişanəsini qəlbindən çıxarır. Seyri-iləllah mərhələsinin sonunda salik Allahda “əriyir”, fani olur (fəna fillah). Ikinci mərhələ seyri-fillah (Allahda yol) adlanır. Bu mərhələdə salik Allahın sifətlərini özündə tərbiyə etməyə çalışır, Allaha yaraşmayan bütün mənfi sifətləri özündən uzaqlaşdırır. Gizli elmlərin xəzinəsi onun üzünə açılır. Sonda salik Allahla qalır (bəqa billah). Üçüncü mərhələ seyri-məəllah (Allahla birlikdə yol) adlanır. Əgər əvvəlki mərhələlərdə salik kəsrət (çoxluq) aləmindən xilas olmuşdusa, bu mərhələdə ikilik aləmindən də azad olur, əhədiyyət məqamına yetişir. Bu mərhələnin sonunda salikin məqamını “qabə qovseyni ov ədna” ayəsi ilə ifadə edirlər. Yəni Allahla onun arasında iki yay ucu qədər, hətta bundan da az məsafə qalır. Nəhayət, seyri-sülukun dördüncü mərhələsi seyri-ənillah (Al-lahdan gələn yol) adlanır. Bu mərhələdə salik ilahi aləmdən bəşəri aləmə enir, başqalarını hidayət etmək üçün çalışır. Başqa bir deyimlə, onun vəziyyəti “fənadan sonrakı bəqa” ifadəsi ilə xarakterizə olunur.

Birinci və ikinci mərhələlər salikin vəlayət məqamına yetməsinə, yəni Allahın dostu olmasına şərait yaradır. Salik üçüncü və dördüncü mərhələləri keçməklə mürşid (təriqət rəhbəri) məqamına yüksəlmək imkanını qazanır.

Seyrü-süluk boyunca salikin nəfsi (ruhu) mərhələdən-mərhələyə keçir, əmmarə (pisliyə çağıran), ləvvamə (peşman olmuş), mülhimə (yaxşılığı ilham edən), mütməinnə (aramlıq qazanmış), raziyə (Allahdan razı olan), mərziyyə (Allahın razılığına çatmış) və kamilə (mükəmməl) pillələrini adlayır, bütün eyib və rəzilətlərdən təmizlənir, paklıq əldə edir.

Sufi təriqətlərinin əksəriyyətində seyrü-süluk yolunun uğurla keçilməsi üçün çillələrin (bədəni və ruhu əziyyətə salan təmrinlərin) vacib olduğu vurğulanır. Bu yolun hansı mənzilində qərar tutmasından asılı olaraq, salik bir neçə hala düşür, məqamlara nail olur. Seyrü-süluk yolu yalnız elm və biliyin gücünə keçilməz. Bu yolu yaşayaraq, duya-raq, təcrübə edərək keçmək lazımdır. Buna görə də, ayrı-ayrı sufi təriqətlərinin və məşhur təsəvvüf xadimlərinin seyrü-süluk yolu və bu yol barədə təsəvvürləri bəzən fərqli olur. Bu fərqliliklər onların mənəvi hazırlıq dərəcəsindən, xasiyyətindən, qavrama bacarığından və emosional durumundan qaynaqlanır.