İmam Həsən Əsgərinin (ə) hədislərindən seçmələr

Elm

785

(İmamın mövlud günü münasibəti ilə)

“Sizə tövsiyə edirəm ki, Allaha münasibətdə təqvalı olun; dininizdə vərəyə (günahlardan çəkinməyə, ehtiyatkarlığa) riayət edin; Allaha xatir çalışın; sözünüzdə doğrucul olun; istər yaxşı, istərsə günahkar adam sizə əmanət versə, onu qoruyun; səcdəni uzadın və qonşularla xoş rəftar edin. Elə Mühəmməd (s) də bu tövsiyələrlə gəlmişdi”.

(Yəni bu tövsiyələr müsəlmanlığın əsas cəhətlərindəndir və İslam Peyğəmbəri öz dəvətinin əvvəlində insanları bu keyfiyyətlərə doğru çağırırdı).

“Qardaşlarının içində ən yaxşısı odur ki, sənin səhvlərini unutsun, etdiyin yaxşılıqları isə xatırlasın”.

“Öz günahlarından və bəndələrə qarşı etdiyin zülmlərə görə Allahın ədalətindən qorx! Vəzifən olan məsələlərdə Allaha itaət et, sənin xeyrinə olan məsələlərdə Allaha asi olma! Bunları edəndən sonra daha Allahdan qorxmaya bilərsən. Çünki O, heç kimə zülm etməz və heç kəsə layiq olduğundan artıq cəza verməz”.

“Bil ki, sənə yetişən hər bir xeyir Allahın lütfü və yardımıdır. Sənə yetişən hər bir pisliyin səbəbi isə Allahın sənə möhlət verməsi və sənə münasibətdə həlim olmasıdır (yəni Allah bu yolla səni ayıltmaq, tövbəyə cəlb etmək və axirət cəzasını yüngülləşdirmək istəyir)”.

“İnsanın ən pis düşmənləri qəzəb və şəhvətdir. Hər kim bunlara qalib gəlsə, məqamı ucalar və öz məqsədinə yetər”.

“Öz (din) qardaşlarının haqqını ən yaxşı bilən və onları daha dəqiqliklə qoruyan şəxs Allahın yanında ən uca məqama malikdir”.

“Elə bir bəla yoxdur ki, Allahın neməti onu əhatə etməmiş olsun”.

(Yəni bizə bəla kimi görünən hər bir hadisədə Allahın neməti vardır. Bəzən bu neməti görür, bəzən isə görmürük).

“Sənə zəmanət verilmiş ruzi səni vacib əməllərdən uzaqlaşdırmasın”.

(Yəni hər kəsin ruzisi Allah tərəfindən müəyyən edilib və həmin ruzinin ona mütləq çatacağına Allah zəmanət verib. Belə olan halda, zəmanət verilmiş ruzi üçün dərd çəkməyə dəyməz. Eləcə də, ruzi dalınca düşüb, vacib olan əməlləri (məsələn, vacib ibadətləri, ədaləti gözləməyi, halallığa riayət etməyi və s.) unutmaq olmaz).

“Mehdinin qeybət dönəmində cahillər (öz vəzifələrini bilmədikləri üçün) heyran və sərgərdan qalarlar, batil əhli (günaha batmaqla) həlak olar. Zühur üçün vaxt təyin edənlər yalan deyirlər”.

“Allaha münasibətdə təqvalı olun, (bizə) bəzək olun, ayıb (xəcalət) olmayın. Sevgiləri bizə doğru cəlb edin (yəni Əhli-beyti insanlara sevdirin), pislikləri bizdən uzaqlaşdırın (yəni haqqımızda deyilən böhtanları dəf edin)”.

“Bağışlanmaz günahlardan biri də budur ki, deyəsən: “Kaş məni elə ancaq bu günaha görə sorğu-sual etsinlər”.

(Burada öz günahını kiçik saymaq və günahlara etinasız olmaq məzəmət edilir).

“Hansı izzət sahibi haqqı tərk etdisə, xar və zəlil oldu. Hansı xar və zəlil adam haqdan yapışdısa, izzət qazandı”.

“Səxavətin də bir həddi var; onu aşsan, israfa dönər. Uzaqgörənlik və ehtiyatkarlığın da bir həddi var; onu aşsan, qudurğanlıq ortaya çıxar”.
Conflict.az