Tarix : 12-01-2017, 20:42 | Bölmə: Elm |
ALLAHI TANIMAĞIN YOLLARI -FİTRƏTHədisi-qüdsilərin birində deyilir ki, Allah-təala öz peyğəmbərinə buyurub: “Mən gizli xəzinə idim; məni tanısınlar deyə, insanları yaratdım”. Allahın barəsində təsəvvür əldə etmək, yəni Onu tanımaq imanın əsasını təşkil edir. İman başqasına kor-koranə təqlid etməklə, kitablarda yazılanları öyrənməklə qazanıla bilməz. Bu cür iman Allah dərgahında da qəbul olunmaz. Insan Allahı öz “axtarışlarının” nəticəsində “tapmalıdır”. Məşhur hədisdir ki, bir gün İmam Əlidən (ə) soruşdular: “Tanrını gördünmü?”. Imam cavab verdi: “Mən görmədiyim tanrıya ibadət etmərəm”. Hədisin ardında İmam Allahı necə “gördüyünü” izah edərək buyurur ki, Allahı gözlə görmək insanın imkanı xaricindədir, amma Onu qəlblə və imanın gücü ilə tanımaq mümkündür.

Allahı iki yolla tanımaq olar: Birincisi, fitri yolla, yəni qəlb vasitəsilə, instinktlə. Ikincisi, araşdırma və təfəkkür yolu ilə, yəni şüurla.
Birinci üsul insanın emosiyalarına, duyğularına, imanına əsaslanır. Bunun üçün heç bir araşdırma tələb edilmir, hər şey instinktə (fitrətə) uyğun olaraq baş verir. Ikinci üsul isə insanı sair canlılardan fərqləndirən ağıl və şüura dayaqlanır. Bu zaman Allahın varlığı müşahidələrin və məntiqi izahların nəticəsində sübuta yetirilir.
Allahı tanımağın ən səmərəli və üstün yolu ikinci üsuldur. Çünki birincisi, ağıl həmişə hissiyyatdan daha üstündür və inandırıcıdır. İkincisi, Allahı araşdırma yolu ilə tanımağa çalışan adam ağlını işlətmiş olur, buna görə də həm savab qazanır, həm də düşüncəsini inkişaf etdirir. Nəhayət, üçüncü üstünlük bundadır ki, öz fitrətinə əsaslanıb Allahı tanıyan adım bu üsülla başqasını inandıra bilməz, çünki başqasının firtətinə təsir etmək ixtiyarına malik deyil. Amma Allahın varlığının əyani sübutlarını tapan adam bunları başqasına göstərib, onu da imana səsləyə bilər.

İnsan fitrətində (zatında, mahiyyətində) bəzi hisslər onun özündən asılı olmayaraq, anadangəlmə mövcuddur. Bunlara fitri duyğular deyilir. Məsələn, insan zatən araşdırmağa meyllidir, həmişə ətrafdakıları öyrənməyə, bilmədiyi sualların cavabını tapmağa çalışır. Alimləri elmi kəşflərə səsləyən də bu duyğudur. Hər kəs öz zehnindən, sosial statusundan asılı olaraq, müəyyən bir məsələ ilə maraqlanır. Kimisi dəqiq elmlərə, kimisi humanitar sahəyə istiqamətlənir, biri maşın modelləri ilə maraqlanır, başqa biri musiqini öyrənir və s. Hətta körpə uşaq belə, bilmədiklərini valideynlərindən soruşur. Uşaq öz oyuncaqlarını söküb içindəki hissələri görməyə, oyuncağın necə ”işlədiyini“ anlamağa çalışır. Böyüdükcə insanın sualları da artır. Bu sualların başında isə aşağıdakılar durur: Mən necə və niyə yaranmışam? Məni idarə edən, nəzarət altında saxlayan varmı? Öləndən sonra insanların taleyi necə olur və ölümdən sonra həyat mövcuddurmu? Bu sualların bir hissəsinə fitri dindarlıq hissi ilə cavab tapmaq olar.
Qurani-kərimdə buyurulur: ”Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bunu bilməz“ (Rum, 30).

Dinindən və əqidəsindən asılı olmayaraq, böyük mütəfəkkirlər həmişə Allahı qəlblə, yəni fitri olaraq tanımağın mümkünlüyünə inanmışlar. Məşhur filosof B.Paskal yazırdı: ”Allahı duyan qəlbdir, şüur yox. Budur iman: Allah qəlb vasitəsilə hiss olunur, ağıl vasitəsilə yox“. Xristian mütəfəkkiri A.Men isə bu fikirdə idi: ”Hər bir insan – hətta o, Allah haqqında biliyə malik olmasa və ya Onu inkar etsə belə – qəlbinin dərinliklərində hansısa gözəlliyə, kamilliyə, həyata məna verən bir dəyərə, tapınılası bir varlığa döğru can atır. Insanlara nəfəs almaq, düşünmək, hiss etmək xas olduğu kimi, ideala inanmaq da xasdır. Daha yüksək olanın mövcudluğuna inanmaq bizə var olmaq üçün qüvvə verir“.

Biz insanlar əksər hallarda tamamilə qeyri-iradi olaraq tanrının varlığını etiraf edir və Ona sığınırıq. Maraqlıdır ki, ən qatı ateistlər də tez-tez ”maşallah“, ”inşallah“, ”Allah rəhmət eləsin!“, ”Allah qorusun!“, ”xudahafiz“ kimi ifadələri işlədirlər. Özünün dinsiz olduğunu iddia edənlər də əlləri hər yerdən üzüləndə fövqəl-təbii qüvvənin himayəsinə pənah aparır, nəzir deyirlər.

Həzrət Mühəmməd (s) buyurub: ”Hər kəs fitrətə bağlı halda (yəni vahid tanrıya inanaraq) doğulur. Sonra valideynləri onu yəhudi, xristian və ya atəşpərəst edirlər“.
Bir nəfər İmam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, Allah haqqında ona bilgi versin. İmam soruşdu: ”Sən indiyə kimi gəmiyə minib dənizə çıxmısanmı?“. O adam ”bəli“ deyir. Imam sorşur: ”Dənizin ortasında çətinliyə düşdüyün an olubmu? Elə bir an ki, mindiyin gəmi fırtınaların qoynunda aciz qalıb və sən də üzüb xilas olmağı bacarmamısan. Və o an qəlbində elə bir qüvvəyə qarşı inam hiss etmisənmi ki, səni həmin vəziyyətdən xilas etməyə qadir olsun?“. O adam təsdiq edir. İmam Sadiq (ə) buyurur: ”O qüvvə Allahdır. Xilaskar tapılmayan vaxt sənə nicat verməyə, dadına çatan olmadığı zaman sənə kömək etməyə qadirdir“.

Fitri dindarlıq hissi istisnasız olaraq hamıya xas olan keyfiyyətdir. Kimisi bu hissi öz qəlbində inkişaf etdirir, kimisi isə boğur. Ona görə insanların bir qismi mömin, bir qismi də kafir olur. Fitri dindarlıq məkandan, zamandan, şəraitdən asılı deyil. Bütün dövrlərdə bu hiss ürəklərdə mövcud olub. Fitri dindarlıq şəraitdən asılı olaraq zəifləyə bilər, amma tamamilə məhv olmaz.

Fitri dindarlıq Allahın insanlara mərhəməti və lütfüdür. Allah bu yolla insanların Onu tanımalarını asanlaşdırmaq istəyib. Çünki Allah öz bəndələrinə qarşı mərhəmətlidir. Kənar dəvətçilərdən (peyğəmbərlərdən, din mübəlliğlərindən) əlavə, hər kəsin öz iç dünyası da onu Allaha doğru sövq edir. İmam Mühəmməd Baqir (ə) buyurub ki, Allah özünü bəndələrinə tanıtdırdı və təqdim etdi. Əgər belə olmasaydı, heç kəs öz Allahını tanımazdı.

Bu hiss həm də günahkarların bəhanəsini kəsmək üçün bir vasitədir. Allahı danan heç kəs özünə haqq qazandıra bilməz. Çünki onun daxilində Allah sevgisi var idi, bu sevgini o özü qəsdən söndürüb və küfrə yuvarlanıb. İslam mənbələrinə görə, hələ insanların bədəni yaradılmazdan çox-çox əvvəl onların ruhları xəlq olunmuş və Allah bu ruhları öz hüzuruna toplayaraq onlardan soruşmuşdu: ”Məgər mən sizin Rəbbiniz deyiləmmi?“. Mömin ruhlar bu suala: ”Bəli“ cavabını verib təsdiq etmişdilər. Bu məsələ istər Quran ayələrində, istərsə də hədislərdə öz əksini tapıb. Bəzi müsəlman alimləri bu məlumatları rəmzi mənada yozaraq demişlər ki, əslində söhbət ruhların bir yerə toplaşıb sorğu-sual edilməsindən deyil, hər kəsin batinində fitri olaraq Allahı tanımaq və qəbul etmək hissinin yerləşdirilməsindən gedir. Yəni hər kəsin fitrətində Allaha inanmaq meylinin yerləşdirilməsi obrazlı ifadə ilə sanki Allahın insanları öz imanlarına şahid tutmaları kimi təsvir edilib. Quranda bu barədə deyilir: ”Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxarıb onların özlərinə şahid tutaraq: ”Mən sizin Rəbbiniz deyiləmmi?“ – soruşmuş, onlar da: ”Bəli, Rəbbimizsən“ – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: ”Biz bundan qafil idik“ və ya ”Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik. Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?“ – deməməniz üçündür“ (Əraf, 172-173).

Conflict.az
dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla