BÖYÜK GÜNAHLAR

Elm

393

BÖYÜK GÜNAHLAR  İslam əxlaqı barədə yazılmış bəzi kitablarda günahların ağırlıq dərəcəsi arasında fərq qoyulur, bəzi günahlar kiçik, bəziləri isə böyük adlandırılır. Kiçik günahlara ərəb dilində "səğirə", böyük günahlara isə "kəbirə" deyirlər. Bu sözləri bəzən cəm halda "səğair" və "kəbair" şəklində də işlədirlər. Qurani-kərimdə deyilir: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq" ("Nisa", 31). Başqa bir ayədə buyurulur: "Kiçik nöqsanlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər" ("Nəcm", 32). Hansı günahların böyük sayıldığı barədə məlumatlar ziddiyyətlidir. Hədislərdə 3-dən başlayaraq onlarla əməl növü böyük günah kimi tanıdılır. Alimlərin əksəriyyətinin fikrincə, bu dünyada şəriət cəzasına, axirətdə ilahi əzaba layiq olan, Peyğəmbərin lənətləmiş olduğu əməllər böyük günah sayılır. Dəqiq məlum olan budur ki, ağırlıq dərəcəsinə görə ən böyük günah - Allaha şərik qoşmaqdır. Bundan sonra haqsız yerə adam öldürmək, ata-ananın üzünə ağ olmaq, zina etmək, yalandan şahidlik etmək, sehirbazlıqla məşğul olmaq, yetim malı yemək, sələm vermək, cihaddan qaçmaq, iffətli qadına zina böhtanı atmaq, oğurluq etmək, şərab içmək, qumar oynamaq və s. əməllər böyük günah sayılır. Əlbəttə, böyük ya kiçik olmasından asılı olmayaraq, hər bir günah səmimi tövbə vasitəsilə bağışlanır. Müsəlman alimlərin əksəriyyəti böyük günah edən şəxsi İslamdan çıxmış saymırlar. Yalnız xəvaric əqidəsində olanlar həm kiçik, həm də böyük günah edəni kafir bilirdilər. Mötəzililərin fikrincə, böyük günaha bulaşmış şəxs nə mömin, nə də kafirdir; bu iki dəstənin arasında qərar tutub və fasiq (günahkar) sayılır. Bəzi müsəlman alimlər günahların kiçik və böyük dərəcələrə ayrılmasını düzgün saymırlar. Onların fikrincə, ən xırda günah belə, ardıcıl təkrar ediləndə, böyük günah şəklinə düşür. Bu fikrin doğruluğunu sübut etmək üçün Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisini misal gətirirlər: "İstiğfar etməklə böyük günah qalmaz, israr (təkrar) etməklə də kiçik günah qalmaz". Yəni günah nə qədər böyük olsa da, tövbə-istiğfar vasitəsilə silinər. Əksinə, günah nə qədər kiçik olsa da, əgər dönə-dönə edilərsə, böyüyər və ağırlaşar. Deyirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələri ilə səfərə çıxmışdı. Onların yolu səhradan keçirdi. Köç salıb düşən zaman Peyğəmbər tapşırıq verdi ki, səhraya səpələnib odun toplasınlar. Səhabələr xeyli gəzib-dolandılar. Səhrada odun tapmaq çətin idi. Bir neçə saatdan sonra hərə əlində azacıq çır-çırpı ilə düşərgəyə qayıtdı. Odunları üst-üstə atdılar. Böyük bir qalaq yarandı. Bu zaman Peyğəmbər üzünü səhabələrə tutub buyurdu: "Kiçik günahlar da belədir, çətinliklə gözə çarpır. İnsan ömrü boyu müəyyən fasilələrlə günah işlədəndə, onları kiçik və əhəmiyyətsiz sayır. Amma ömrünün sonunda, Allah qarşısında cavab verəndə bu günahlar üst-üstə toplanıb hesablanacaq və məlum olacaq ki, əslində onların sayı çox imiş". Övliyalardan biri bunu nəzərdə tutaraq demişdir: "Heç vaxt düşünmə ki, kiçik bir günah etmisən. Fikirləş ki, kimin qarşısında günah etmisən!". Bu kəlamda Allahın böyüklük və əzəməti ön plana çəkilir. Həqiqətən, insan müqəddəs və uca Allahın hüzurunda günah etdiyini bütün dərinliyi ilə anlasa, ən kiçik nöqsan belə, gözündə böyük görünər. İSLAMA GÖRƏ İNSAN HƏYATINDA "DÜNYA" VƏ "AXİRƏT" BALANSI. Bir çox Quran ayələrində və Islam müqəddəslərinin hədislərində "dünya" və "axirət" kəlmələri yanaşı işlənərək qarşı-qarşıya qoyulur. Dünya sevgisini məzəmmət edən, zahidliyə çağıran tövsiyələr dini mənbələrimizdə istənilən qədərdir. Bəzən sıravi müsəlmanlar bu tövsiyələri düzgün qəbul etmir, Islamda tərki-dünya həyat tərzinin bəyənildiyini sanır və bu cür yaşamaq həvəsinə düşürlər. Dünya barədə məzəmmətli ifadələrə diqqətlə nəzər saldıqda görürük ki, bunlarda heç də mütləq mənada dünyanın dəyərsizliyi ideyası təbliğ edilmir. Tənqid edilən dünyanın haram nemətləri, insanı özünə aludə edən və Allahdan uzaqlaşdıran ləzzətləridir. Dünyanın halal nemətləri, ilahi qanunlarla zidd olmayan cəhətləri bura aid deyil. Bəzi mənbələrdə ümumilikdə dünyaya qarşı yönələn "hücumlar"ın səbəbi isə sadəcə olaraq, problemi daha kəskin və qabarıq şəkildə insanların diqqətinə çatdırmaq istəyindən ibarətdir. Həm Allah-təala, həm də məsum şəxsiyyətlər insanları dünyaya uymamağa, aludə olmamağa çağırmışlar. Insan dünyada yaşadığı müddətdə heç zaman ölümü və axirəti unutmamalıdır. Hər zaman çalışmalıdır ki, dünyada etdiyi hərəkətlər axirətdə onun əleyhinə çevrilməsin. Əks halda, yəni düynaya aludə olduqda, insan gələcəyi gözardına vurur, həyatın yalnız bu dünya ilə məhdudlaşdığını düşünür, heç bir ölçüyə və qanuna sığmayacaq tərzdə dünyaya bağlanır. Imam Cəfər Sadiq (ə) buyurur: "O adam ki, başqalarına möhtac olmamaq və abrını qorumaq, borclarını ödəmək və qohumlarına yardım göstərmək üçün halal yolla mal toplamağı sevmir, belə adamda xeyir olmaz" (Şeyx Küleyni. Əl-Kafi, V, 72). Imam Sadiqin (ə) öz səhabələrindən birinə verdiyi aşağıdakı cavab da bu mənada diqqətəlayiqdir. Bir nəfər Imamın yanına gəlib nigarançılıqla söylədi: "Vallahi, biz dünyaya aludə olmuşuq və dünyanı ələ keçirmək tamahına tutulmuşuq". Imam ondan soruşdu: "Dünya malını nəyə görə istəyirsən, bu maldan hansı məqsədlə istifadə etmək niyyətindəsən?". O adam cavab verdi: "Istərdim ki, pulumun bir hissəsini özümə və ailəmə sərf edim, bir hissəsini qohumlara xərcləyim, bir hissəsini sədəqə kimi paylayım, bir hissəsi ilə də həccə və ümrəyə gedim". Imam buyurdu: "Bu, dünyapərəstlik deyil, axirətpərəstlikdir" (yux. mənbə). Həqiqi Islamda tərki-dünyalıq bəyənilmir. Müsəlmanın dünyaya aludə olması nə qədər mənfi və bəyənilməz hal sayılırsa, dünya nemətlərindən tam uzaqlaşması və tərki-dünya həyat sürməsi də eyni dərəcədə qeyri-məqbul və günah sayılır. Nə Həzrət Mühəmməd Peyğəmbər (s), nə Onun saleh səhabələri, nə də məsum imamlar heç zaman dünyadan tam üz çevirməmişlər; əksinə, dünyanın halal qayğıları ilə məşğul olmuş, heç bir halal neməti özlərinə haram etməmişlər. Elə məşhur hədisdə də deyilir ki, "Mühəmmədin (s) halal buyurduğu qiyamətə kimi halaldır, o həzrətin haram buyurduğu isə qiyamətə kimi haramdır". Imam Musa Kazim (ə) dünyadan halal yolla yararlanmaq barədə buyurur: "Mürüvvətə (insafa) zidd olmamaq və israfa yol açmamaq şərti ilə, öz halal istəklərinizi həyata keçirmək üçün nəfsinizə dünyadan faydalanmaq imkanı verin, dini vəzifələrinizi yerinə yetirməkdə bu yoldan bəhrələnin. Çünki rəvayət olunub ki, dinindən ötrü dünyasını və dünyasından ötrü dinini tərk edən şəxs bizdən (bizim ümmətimizdən) deyil" (Əllamə Məclisi. Biharül-ənvar, MXXV, 321). Müfəzzəl ibn Ömər adlı məşhur səhabə (bu, materialistlərlə mübahisədə vəsait kimi istifadə etmək üçün "Tövhidi-Müfəzzəl" kitabını Imam Sadiqin (ə) diqtəsi ilə qələmə alan və əslində bu kitabın yazılmasının səbəbkarı olan səhabədir) deyib: "Dünyanın bəzi nemətlərindən axirət üçün yararlanın. Çünki Imam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Bunun (dünyanın) bəzi nemətlərindən ondan (axirətdən) ötrü faydalanın və insanlara artıq yük olmayın" (yux. mənbə, səh. 381). Imam Sadiqdən (ə) rəvayət edilən başqa bir hədisdə buyurulur: "Allah-təaladan bu dünya üçün ehtiyacsızlıq və sağlamlıq, axirət üçün isə məğfirət (bağışlanmaq) və cənnət istəyin" (Şeyx Küleyni. Əl-Kafi, V, 71). Dünya müsəlmanın günah qazanmaq məkanı ola bildiyi kimi, onun savaba çatma vasitəsi də ola bilər. Insan axirət üçün azuqəni, yəni savabı bu dünyada qazanır. Əgər dünya həyatı olmasaydı, insanların savab qazanmaq və behişt əldə etmək imkanı da olmazdı. Bütün savab əməllər bu dünyada edilir, ölümdən sonra heç bir savaba nail olmaq mümkün deyil. Çünki dünya - savab yeri, axirət isə hesab yeridir. Bu dünyada halal ruzi qazanan, özünün və ailəsinin tam ehtiyacsız halda yaşayışını təmin edən, imkanı çərçivəsində fəqirlərə yardım göstərən, əli, dili və ürəyi ilə haqq-ədaləti qoruyan, insanları yaxşı əməllərə çağırıb pis işlərdən çəkindirən (əmr bil-məruf və nəhy ənil-münkər edən), Allaha ibadət edib öhdəsindəki dini vəzifələri layiqincə yerinə yetirən şəxs əlbəttə ki, savab qazanar. Peyğəmbərimizə mənsub olan çox məşhur bir hədisə görə də, "ibadət on hissədirsə, onun doqquzu halal ruzi axtarmaqdır". Həzrət Əli (ə) dünyanı belə tanıtdırırdı: "Şübhəsiz, dünya - onun sözlərini dinləyən kəs üçün sidq məkanıdır, anlayanlar üçün əmin-amanlıq yeridir, qiyamətdən ötrü azuqə toplayanlar üçün xəzinədir, ibrət alanlar üçün moizədir. Dünya - Allahı sevənlərin məscidi, mələklərin namaz yeri, ilahi vəhyin eniş yeri, Allah dostlarının ticarət məkanıdır. Onlar dünyada rəhmət qazanır və behiştə vəsiqə alırlar" (Nəhcül-bəlağə, 127-ci hikmətli kəlam). Imam Əli (ə) özü hər nə qədər zahidanə həyat tərzi sürsə də, tərki-dünyalığın əleyhinə idi. O, öz səhabələrini də tərki-dünyalıqdan çəkindirirdi. "Nəhcül-bəlağə"nin 200-cü xütbəsində belə bir əhvalat təsvir olunub: Həzrət Əli (ə) Cəməl savaşından qayıdanda Bəsrəyə daxil olub, öz yaxın səhabələrindən Əla ibn Ziyad Harisinin evinə gəlir. Əlanın evi çox geniş və yaraşıqlı idi. Imam evi seyr edib Əlaya belə deyir: "Sən bu dünyada belə geniş evdə nə etmək fikrindəsən? Axirətdə bu cür məkana daha çox ehtiyacın olacaq. Bəli, əgər istəsən, elə bu evin vasitəsilə də axirətə yetişə bilərsən. Bunun yolu budur ki, evində qonaqlar qəbul edəsən, qohumlarla görüşəsən, haqlıların haqqını bu evdən onlara göndərəsən. Əgər bunları etsən, yaxşı axirət əldə edərsən". Əla Imamı dinləyəndən sonra dedi: "Ya Əmirəl-möminin, sənə qardaşım Asimdən şikayətim var". Imam soruşdu: "Məgər qardaşın nə edib?". Əla cavab verdi: "Çiyninə bir əba salıb, dünyadan üz çevirib, tərki-dünya olub". Imam buyurdu ki, Asimi onun yanına çağırsınlar. Asim gələndə Imam ona belə müraciət etdi: "Ey özünə düşmən kəsilən! Şeytan səni yoldan azdırıb. Niyə ailənə və övladlarına yazığın gəlmir? Elə bilirsən ki, Allah-təala səndən ötrü pak nemətləri halal buyurub, amma sənin onlardan istifadə etməyinə razılıq verməyib?! Xeyr, sənin Allah yanında qiymətin düşündüyündən aşağıdır". Asim etiraz etdi: "Ya Əmirəl-möminin, axı, sən özün də kobud parçadan paltar geyib, quru çörək yeyirsən!". Imam cavab verdi: "Vay sənin halına! Mən sənin tayın deyiləm. Allah-təala ədalətli imamlara vacib edib ki, özlərini cəmiyyətin ən aşağı təbəqəsinə bərabər tutsunlar; ta ki, yoxsulluq belə adamları yoldan azdırmasın". Buna oxşar bir hadisə də Həzrət Mühəmməd Peyğəmbərin (s) başına gəlib. Bir gün o həzrət öz səhabələrinə dünya və axirət barədə danışırdı. Peyğəmbərin nəsihətlərini dinləyən Səd ibn Əşəcc adlı səhabə dedi: "Mən Allahı, Onun Rəsulunu və buradakı insanları şahid tuturam ki, bu gündən etibarən gecə yatmağı, gündüz yeməyi, yumşaq yatağı, insanlarla ünsiyyəti və qadınla əlaqəni özümə haram edirəm!". Peyğəmbər onu danlayıb buyurdu: "Ey Səd, belə etmə! Əgər sən insanlarla ünsiyyəti tərk etsən, xalqı yaxşı əməllərə dəvət edib pis işlərdən çəkindirməyi necə bacararsan?.. Gecə yat, gündüz ye, qızıl-gümüş saplardan toxunan və başqa bu kimi haram parçalardan tikilən geyimlərdən savayı istədiyin paltarı geyin, öz qadınınla əlaqədə ol". Sonra Peyğəmbər Səd ibn Əşəcci cizyə pullarını yığıb gətirmək üçün Bəni-Müstələq qəbiləsinə göndərdi (Biharül-ənvar, XXII, 310).
Conflict.az