imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi

Elm

5 162

imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibiimam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi

ONUNCU MӘ᾽SUM
IMAM RZA ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI

Adı: Әli
Ləqəbi: Rza
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Museyi Kazim (ə)
Imamlıq müddəti: 21 il
Ömrü: 55 il
Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasai xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu.
Məzarı: Iran Məşhəd şəhəri.
TӘVӘLLÜDÜ
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
148-ci Hicri-qəməri ilinin Zilqə᾽də ayının 11-də Mədinə şəhərində Musəbni Cə᾽fər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı.
Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. Imamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.
Uşaqlıq çağından e᾽tibarən atası imam Kazim (ə) ilə birlikdə idi. Imam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur».
Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cə᾽fər (ə) bizi çağırıb «sizi də᾽vət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu.
Imamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Mə᾽sum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə e᾽tinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: Imam Rza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə də᾽vət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.
Məhəmməd ibni Әbi Ibad, imam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.
Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik».
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
Imamın xidmətçisi Yasir deyibdir: Imam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». Imamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. Imam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir».
Imamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. Imam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın».
Imamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. Imam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu tə᾽yin etmisinizmi?»
Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib e᾽tiraz etməz. Imam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun tə᾽yin edin. Çünki muzdu tə᾽yin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu tə᾽yin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»
QÜRURLANMA
Әhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, həzrət Rza əleyhissalama məktublar göndərib və o həzrətdən cavablarını aldıqdan sonra həzrətin imamlığına e᾽tiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə belə dedi: Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm. Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşgül məsələlərini imamın məclisində həll etdi.
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənmi şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin».
Imamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: Imamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir.
Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Әli (ə)-ın dəyərli əshabından olan Sə᾽sə᾽ə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:
«Әziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək «mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi» - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm».
Bəzənti belə deyibdir: Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim.
Bəlx əhalisindən olan bir kişi demişdir: Həzrət Rza (ə) ilə Xorasan səfərində idik. Süfrə salındıqda o həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun. Dedim: Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım. Həzrət (ə) belə buyurdu: «Sus. Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik».
Cabir Zəhhək belə deyir: Mə᾽munun əmri ilə həzrəti Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, imamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim.
IMAM RZA (Ә) VӘ QARDAŞ NӘSIHӘTI
Həzrət Rza əleyhissalam Xorasana də᾽vət olunub bir sıra şərtlərlə Mə᾽munun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldı zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Mə᾽munun əmri ilə Xorasana gətirildi. Mə᾽mun imamın hörmətinə onu azad buraxıb cəzalandırmadı.
Bir gün izdihamlı bir məclisdə imam (ə) xalqa söhbət edərkən eşitdi ki, Zeyd məclisin bir bucağında oturub özünü tə᾽rifləyir və «mən eləyəm» - deyir. Imam fəryad etdi:
«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Bu sözlər nədir ki, deyirsən? Әli ilə Zəhranın övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılarlar. Olmaya belə güman edirsən ki, Musa ibni Cə᾽fər, həzrət Səccad və başqa imamlar kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən olan bir şəxs yaxşı iş görərsə, iki qat savab aparar. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər pis iş görsə və bir günah etsə, iki günah qazanıbdır; biri budur ki, başqaları kimi pis iş görüb, o birisi də budur ki, Peyğəmbərin abrını aparıbdır.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Әhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-taala, öz mə᾽nəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buuyrub: «O, sənin nəslindən deyildir. Әgər sənin nəslindən olsaydı, ona nicat verərdik».
Şeyx Səduq, Həsən Növfəlidən belə nəql edibdir: Mə᾽mun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, imam Rza əleyhissalamı da bu yığıncağa də᾽vət etməyi və onu elmi baxımdan e᾽tibarsız edərək nüfuzunu aradan aparmağa planlaşdırmışdı. Mə᾽mun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibni Səhlə verdi. Mə᾽mun adam göndərib imam Rza əleyhissalamı da həmin məclisə də᾽vət etdi. Imam (ə) yığıncaqda iştirak etmədən əvvəl evindən çıxanda Həsən Nöfvəliyə belə buyurdu:
«Bilirəm ki, Mə᾽munun bu yığıncağı qurmaqda məqsədi nədir. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövartdan, məcusilərlə də farsca danışdığım zaman Mə᾽mun bu işdən peşman olacaq».
Imamın dediyi kimi də oldu. Imam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Mə᾽munun yanında əyləşdi. Mə᾽mun xristianların böyük ruhanisi Casəliqə «istədiyin sualı ver» - dedi. Casəliq belə dedi: Isa haqqında nə bilirsən? Imam (ə) buyurdu: «Bizim e᾽tiqadımıza görə Isa (ə) Allahın peyğəmbəri olub». Casəliq dedi: Öz peyğəmbərinizin nübüvvətinə dair dəliliniz nədir?
Imam (ə) buyurdu: «Məgər Incildə oxumamısan ki, Yuhənna Isanın belə buyurduğunu nəql edir: Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir».
Dedi: Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməyibdir.
Həzrət (ə) buyurdu: «Sənə Incil kitabından oxumağımı istəyirsənmi?»
Dedi: Oxu.
Həzrət (ə) üçüncü bölməni oxuyub Isanın belə buyurduğu yerə çatdı. «Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yə᾽ni Məhəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir». Casəlik susub heç bir söz demədi. Sonra həzrət (ə) yəhudilərin başçısı Rə᾽sülcaluta tərəf dönüb belə buyurdu: «Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?»
Dedi: Musanın əsanı ilana çevirmək, Nil çayını yarmaq və ondan keçmək və əlindən saçılan işıq kimi mö᾽cüzələri vardır».
Həzrət (ə) buyurdu: «Nəyə görə Isanın peyğəmbərliyinə inanmadınız?»
Dedi: Deyilənlərə görə Isa ölünü dirildib, dəri xəstəliklərini sağaldırmış. Amma biz bunu görmədik ki, ona iman gətirək.
Həzrət (ə) buyurdu: «Onda nəyə görə Musadan qabaq olan peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların mö᾽cüzələrini görmüsünzmü?»
Dedi: Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görübdür.
Imam (ə) belə buyurdu: «Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?»
Hürmüzan dedi: Tarixdən və bu sözləri eşidənlər vsitəsilə eşitmişik.
Imam (ə) buyurdu: «Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə də᾽vət edəcəksiniz?»
Hürmüzan susub bir söz demədi.
Imam (ə) sonra məcusların başçısına belə buyurdu: «Sən də istədiyini soruş». Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və həzrətin vasitəsilə müsəlmanlığı qəbul etdi. Məclis imamın qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Belə bir şeyi gözləməyən Mə᾽mun ilan sancmış adam kimi qıvrılırdı və məclisi qurduğu üçün özünü danlayırdı.
IMAMIN QUM ŞӘHӘRINӘ GӘLMӘSI
Mə᾽mun imamı Xorasana də᾽vət etdiyi zaman həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi imamı qarşılamağa çıxmışdılar. Hamı da istəyirdi ki, imamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: «Qırağa çəkilin. Mənim dəvəm bu işin mə᾽murudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq.» Dəvə Qumun əyri-üyri küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. Imam (ə) isə (bu gün Qum şəhərinin elmi mədrəsələrindan biri Rəzəviyyə mədrəsəsi olan) evə qonaq oldu.
Imam (ə) Xorasan yolunda hara çatırdı camaat sevincək həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini büruzə verib göstərirdilər.
IMAMIN NIŞABUR ŞӘHӘRINӘ GӘLMӘSI
O dövrdə Nişabur şəhəri Iranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rza əleyhissalama təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. Imam gələndə isə Nişaburun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, imamın sözlərini yazsınlar. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Məhəmməd ibni Әsləm Tusi qabağa gəlib imamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. Imam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. Imam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:
«Allah-taala buyurmuşdur: «La ilahə illəllah» mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır».
Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb, hədisi adlandırılmışdır.
IMAMIN SӘNABADA GӘLMӘSI
Әbasəlt belə nəql edir: Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi; həzrət namaz qılmaq istəyirdi. Su istədi, dedilər suyumuz yoxdur. Imam Rza əleyhissalam bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. Imam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: «Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et». Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibni Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: «Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq». Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.
IMAMIN MӘRV ŞӘHӘRINӘ GӘLIŞI
Həzrət (ə) Mərv şəhərinə gələndə Mə᾽mun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. Imam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geydiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?»
Mə᾽mun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. Imam (ə) Mə᾽munun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Mə᾽mun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. Imam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Mə᾽mun «səni kim zəhərləyəcək?» - deyə soruşduqda imam buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma».
Mə᾽mun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Mə᾽munun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Mə᾽mun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız imamla bey᾽ət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun.
Mə᾽mun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu imam Məhəmməd Təqiyə adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.
BAYRAM NAMAZI
Bayram günü Mə᾽mun bayram namazını imamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. Imam bunu qəbul etmədi. Lakin Mə᾽munun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Mə᾽mun qəbul etdi və imam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da imamla birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdır ki, sanki göy, yer və bütün məxluqlar imamın səsinə səs verərək təkbir deyirdilər.
Mə᾽munun vəziri Fəzl ibni Səhl vəziyyəti belə təhlükəli gördükdə Mə᾽muna xəbər verdi ki, əgər imam bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə imamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. Imam (ə) Mə᾽munun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o həzrət xalqa göstərdi ki, bunların hamısı Mə᾽munun oyunlarıdır. Xalqın Mə᾽muna qarşı olan qəzəb və nifrəti, imama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Mə᾽munun ikiüzlü və hiyləgər olduğunu və imam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər.
MӘ᾽MUN NӘ ÜÇÜN IMAMI XORASANA DӘ᾽VӘT ETMIŞDI?
Bunu nəzərə almaq lazımdır ki, Mə᾽mun zirəng və ağıllı bir adam idi. Onun imamı Mərvə də᾽vət edərək onu vəliəhd tə᾽yin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Mə᾽munu maraqlandıran məsələlər bunlardan ibarət idi:
1. Әləvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə Islam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısına almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin aiələsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Әli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.
2. Mə᾽mun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və həzrət Rza əleyhissalamın Mə᾽muna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya e᾽tinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Mə᾽mun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mə᾽nəvi dəyərlərini məhv etmək istəyirdi.
Mə᾽mun dəfələrlə üsyan edən şəhərlərə vali tə᾽yin etmək üçün imam Rza əleyhissalama öz adamlarından bə᾽zilərini namizəd göstərməsini təklif etmişdi, amma o həzrət (ə) ona belə cavab vermişdi: «Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Әgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın. Mə᾽mun susub heç bir söz demədi
Imam Rza əleyhissalam anlamışdı ki, Mə᾽mun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Mə᾽munun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Mə᾽munun bütün planları puça çıxdı.
3. Mə᾽munun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, imamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, imamı zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.
AZAD ŞAIR DӘ᾽BӘL
Də᾽bəl deyir: Әli (ə) xanədanı haqqında məşhur qəsidəmi həzrətə oxumaq üçün Xorasana getmək qərarına gəlmişdim. Nəhayət Xorasana gəldim və imamın hüzurunda qəsidəmi oxudum. Həzrət Rza (ə) da Tusda şəhid olması ilə əlaqədar bir neçə beyti mənim şe᾽rimə əlavə etdikdən sonra belə buyurdu: «Şe᾽rini gizlət və daha heç kəsə oxuma».
Mə᾽mun mənim oraya gəlməyimdən və imama qəsidə oxumağımdan xəbərdar olmuşdu. Məni çağırtdırıb qəsidəni ona da oxumağımı istədi. Mən belə bir qəsidəni oxuduğumu inkar etdim, amma Mə᾽mun imamı da məclisə çağırtdırıb dedi: Imamın hüzurunda Әli (ə) xanədanının dəyəri haqqında oxuduğun məşhur qəsidəni mənim hüzurumda da oxu. Mən də məcbur qalıb oxudum. Mə᾽mun zahirdə sevinərək məni mükafatlandırdı, onun vəziri Fəzl də mənə yorğa bir at hədiyyə etdi. Həzrət Rza (ə) da Mə᾽munun o həzrətin adına kəsdirdiyi sikkələrdən yüz dinar mənə verib «bunu saxla; bir gün karına gələr» - deyə buyurdu.
Mən imama belə dedim: Sizdən geymiş olduğunuz bir köynək istəyirəm ki, öləndən sonra kəfənim olsun. Həzrət (ə) qəbul edib köynəklərindən birini mənə verərək buyurdu: «Bu köynək səninlə olduğu müddətdə təhlükələrdən qorunacaqsan».
Mən həzrətlə xudahafizləşib Fəzlin verdiyi atla karvana qoşulub Tusdan çıxdım. Yolda oğrular karvanımıza həmlə edib var-yoxumuzu apardılar. Çox keməmişdi ki, mənim atıma minən oğrubaşçısını gördüm. Atın üstündə mənim şe᾽rimi oxuyurdu. Ona yaxınlaşıb «bu şe᾽ri yazan şairin kim olduğunu bilirsənmi» - deyə soruşdum. Dedi: Bəli. Də᾽bəl Xüza᾽idir. Dedim: Mənmi şair Də᾽bəl olduğumu bilirsənmi? O, təəccüblənib sözümə inanmadı. Dedim: Karvandakılardan soruş. Mənim Də᾽bəl olduğumu soruşub öyrəndikdən sonra karvandan oğurlayıb öz aralarında paylaşdırdıqları malları, mənim hörmətimə yiyələrinə qaytardı və imamın buyurduğu kimi bu köynək mənim və dostlarımın azad buraxılmasına, əldən getmiş malların qaytarılmasına səbəb oldu.
Də᾽bəl bu hadisədən sonra Qum şəhərinə gəldi. Camaat onu sevinclə qarşılayıb imamın hüzurunda oxuduğu şe᾽ri onlar üçün də oxumasını istədilər. Də᾽bəl qəbul edib Qum məscidinə getdi və şe᾽rini onlar üçün də oxudu. Camaat ona çoxlu pul və hədiyyələr verdilər və həzrətin köynəyinin əhvalatını öyrəndikdən sonra ona yalvarıb köynəyin müqabilində istədiyi pulu alıb köynəyi onlara verməsini istədilər. Də᾽bəl qəbul etmədi. Onlar köynəyin bir tikəsini istədilər. Də᾽bəl yenə qəbul etmədi.
Də᾽bəl Qumdan çıxdıqdan sonra cavanlardan ibarət bir dəstə yolunu kəsib köynəyi ondan aldılar və Quma qayıtdılar. Də᾽bəl də Quma qayıdıb köynəyinin geri verilməsini xahiş etdi. Lakin qəbul etmədilər. Də᾽bəl köynəyin bir tikəsinin ona qaytarılmasını xahiş etdikdə, qəbul edib köynəkdən bir hissəsini min dirhəmlə birlikdə ona verdilər. Də᾽bəl vətəninə qayıtdıqdan sonra öz evinə tərəf getdi, lakin gördü ki, oğrular onun evini qarət edib hər eşyini aparıblar. Də᾽bəl imam yüz dinarı ona verəndə «bunu saxla; bir gün karına gələr» - deyə buyurduğunu xatırladı. Pulları bazara aparıb hər bir dinarını yüz dinara satıb on min dinara sahib oldu. Bu arada çox sevdiyi arvadı da xəstələnmişdi. Həkimlər isə onu sağalda bilməmişdilər.
Də᾽bəl imamın köynəyindən ona yadigar qalan parçanı arvadının gözünə bağladı. Sabahısı gün parçanı açanda artıq arvadının gözləri sağalmışdı. Də᾽bəl cəsarətlə yazdığı məşhur qəsidə və şe᾽rlərinə görə həm var-dövlət, həm də hörmət sahibi oldu. Ondan sonra bütün şiələr ona ehtiram edərdi və özü də tarixdə cəsarətli və azad bir şair kimi tanındı.
Onun dəyərli şe᾽rlərindən olan bə᾽zi misraların tərcüməsi belədir.
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
Peyğəmbər övladının yıxılmış evini görüncə ağladım;
Yiyələrinin qovulub münafiqlərin onların yerində oturduğu evlər;
Qur᾽an təfsiri söylənib vəhyin nazil olduğu evlər
Indi cinayətkarların zülmləri ucbatından,
Qur᾽an səsindən məhrum qalıb.
Evin yiyələri Peyğəmbərin mirası və ümmətin ən yaxşı adamları sayılırdılar;
Yoxsullara yardım edən kişilər.
Onların sərvətini zülmkarlar əlində olduğunu, onların bərəktli əllərinin boş qaldığını gördüm.
Kufə, Mədinə, Kərbəla və Fəxdə yatan imamlıq səmasının ulduzlarına, islam yolunda öz canından keçən ulduzlara salam göndərirəm.
Bağdadda bir qəbir vardır, orada pak və mübariz bir can yatıbdır;
O qəbir cənnətin otaqlarından biridir.
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
Də᾽bəl deyir: Bura çatanda həzrət Rza (ə) belə buyurdu: «Mən də sənin qəsidənə bir beyt əlavə edirəm ki, kamil olsun:
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
Tus şəhərində də bir qəbir vardır. Bu qəbir böyük bir müsibətə sahibidir və qiyamətə qədər ürəkləri yandırıb, nalələri yüksəldər.
imam Rza (e)AGANIN HEYATI - Danılmaz elm və təqva sahibi
(Imamın özünün şəhid olmacağını və Tusda dəfn olunacağını xəbər verməsi o həzrətin böyük mö᾽cüzələrindən biri sayılır).
IMAMIN ŞӘHID OLMASI
Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Mə᾽mun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Mə᾽mun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Mə᾽muna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Mə᾽mun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.»
Imamın şəhid olmasından qabaq Mə᾽mun həzrətin yanına gəldi. Imam (ə) gözlərini açıb ona belə dedi: «Oğlum imam Məhəmməd Təqi ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır».
Imamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, imam 55 yaşında ikən baş verdi.
Imamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Mə᾽mun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Mə᾽mun imamın qatilidir. Mə᾽mun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, imamın meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, imamın öz əcəli ilə öldüyü şayiəsini yayıb Mə᾽munun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.
IMAMDAN QISA KӘLAMLAR
1. Özünün və arvad-uşağının maaşını tə᾽min etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir.
2. Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün.
3. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin qaydasıdır.
4. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır.
5. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.
Conflict.az