Yuri Mavaşev: Türkiyə heç vaxt əvvəlki kimi olmayacaq

Dünya

58

Yuri Mavaşev: Türkiyə heç vaxt əvvəlki kimi olmayacaqSuriyada vəziyyət gündən-günə kəskinləşir. Əvvəllər Suriya “marionetlərin” müharibə meydanı idisə, hazırda ölkələr açıq-aydın qarşıdurmaya girişib.

Belə ki, ötən həftə dünya ictimaiyyəti Suriya qüvvələri və iranyönümlü qruplaşmaların apardığı əməliyyat çərçivəsində Suriya HHM bölüyünün İsrail təyyarəsini necə vurduğuna şahidlik etdik. “Vaqner” ÖHŞ-nin rusiyalı muzdlu döyüşçüləri həlak oldu.

Suriyada baş verənlər və Türkiyə ordusunun Mənbic və digər bölgələrdə kürd mövqelərinə hücum edəcəyi təqdirdə, ABŞ-ın buna hansı şəkildə reaksiya göstərəcəyi ilə bağlı şərqşünas, türkoloq Yuri Mavaşev Oxu.Az-a verdiyi müsahibədə danışıb.

– Ötən gün ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor vilayətinə endirdiyi aviazərbə nəticəsində suriyalı əsgərlərlə yanaşı, “Vaqner”​ özəl hərbi şirkətinin rusiyalı döyüşçüləri də həlak olub.

Müxtəlif hesablamalara görə, “Vaqner” “ordusunun” 210-a yaxın əsgəri həyatını itirib. Necə düşünürsünüz, bu, Suriyada RF ilə ABŞ arasında vəziyyətin gərginləşməsinə səbəb ola bilərmi?

– Vaqnerçilərin ölümü ilə bağlı xəbər elə təqdim olunur ki, bunu ya zəngin, ya da xəstə təxəyyülün məhsulu hesab etmək olar.

Suriya münaqişəsi başlayar-başlamaz yeni növ müharibəyə şahidlik edəcəyimiz bəlli idi. Qaynar, klassik müharibəyə paralel olaraq informasiya müharibəsi gedir. Yəni hər bir qruplaşmanın, hər bir münaqişə iştirakçısının şaxələnmiş mətbuat mərkəzi şəbəkələri, informatorları var.

Bu, ən çox sənədləşdirilmiş müharibələrdəndir, kim bilir, bəlkə də, ən çox sənədləşdirilmişidir. 210 “Vaqner” nümayəndəsinin ölümü ilə bağlı informasiyada “bir damla” həqiqət olsaydı, internetdə o dəqiqə bunu təsdiq edən foto və ya videogörüntülər yayılardı.

Buna nümunələr tapmaq elə də çətin deyil. Halbuki fevralın 8-də Suriya döyüşçü mövqelərinə endirilən zərbələrdən sonra internet yaralı suriyalıların videoları və dəfn mərasimindən görüntülərlə dolu idi.

Halbuki, bu “feyk” xəbərləri yayan vicdansız adamların göstərdiyi kimi, çox sayda rus döyüşçünün həlak olduğu haqqında məlumat təsdiqini tapsaydı, kürdlər bu fürsəti əldən qaçırmazdı. Bu günə kimi, siyasi ekspertlərin diqqətini qazanacaq heç bir təsdiq xəbəri ortaya çıxmayıb.

Gəlin, təxribatçılar haqqında danışmayaq.

– Türkiyə prezidenti Ərdoğan öz çıxışlarında dəfələrlə Türkiyənin Mənbicdə əməliyyat keçirəcəyini bəyan edib. Sizcə, amerikalılar türklərin Mənbic əməliyyatına kəskin reaksiya göstərəcəkmi?

– ABŞ-ın Mənbicə əlavə qüvvələr göndərdiyi bir vaxtda Türkiyə ordusunun orada əməliyyatı hansı şəkildə aparmaq niyyətində olduğu hələ aydın deyil. Hesab edirəm ki, inkidi mərhələdə bu, qeyri-realdır.

Bəli, Mənbicdə hər kimdən qaynaqlanır-qaynaqlansın, təxribatlar da mümkündür, ancaq Ankara ilə Vaşinqtonun açıq qarşıdurmaya gedəcəyinə inanmıram.

Hesab edirəm ki, ABŞ “Mənbicə daxil olmaq lazım deyil” fikrini türklərə birmənalı olaraq çatdırmaq üçün əlindən gələni edəcək. Bundan sonrası Türkiyə siyasi rəhbərliyinin verdiyi qərardan asılı olacaq.

– Türkiyə-ABŞ münasibətlərinin pik həddə çatacağı, Suriyada hərbi qarşıdurmaya çevriləcəyi ehtimalı nə dərəcədərealdır?

– Bunun mümkün olduğuna şübhə edirəm. Məncə, heç lazım da deyil. Ankara regionda öz milli maraqlarını müdafiə etməyə davam edəcək. Türklər öz maraqlarından əl çəkən deyil.

Bunun üçün problemi hərbi qarşıdurma müstəvisinə çıxarmağın heç bir mənası yoxdur. Türkiyə bundan sonra əvvəlki kimi olmayacaq. Rəsmi Ankaranın Yaxın Şərqdə amerikalıların göstərişlərini yerinə yetirməyəcəyi artıq bir faktdır.

Conflict.az