Baş nazirdən peşə təhsili və kurikulumla bağlı QƏRAR

Cəmiyyət

29

Baş nazirdən peşə təhsili və kurikulumla bağlı QƏRARBaş nazir Novruz Məmmədov "Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib.

BakuPost xəbər verir ki, həmçinin "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarı ləğv edilib.

Yeni qəbul olunmuş Peşə təhsilinin dövlət standartlarında nəzərdə tutulur ki, Dövlət standartları - peşə təhsilinin məzmununu, idarə olunmasını, peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, peşə təhsilinin infrastrukturunu, peşə təhsilində təhsilverənlərin keyfiyyət göstəricilərini, peşə təhsilində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

Peşə təhsili pilləsində tədris nəticəyönlü, səriştə əsaslı və modul strukturlu təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir və varislik təmin olunur. Dövlət standartları 5 ildən bir yenilənir.

Peşə təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin və ayrı-ayrı işəgötürənlərin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün formalaşmasını, ömürboyu təhsil konsepsiyasına və əmək bazarınıntələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir.

Peşə təhsilinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsasında Azərbaycan Respublikasının "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarına, digər normativ hüquqi aktlara və öz Nizamnaməsinə uyğun idarə olunur.

Təhsil müəssisələri müvafiq ixtisaslar üzrə təhsilin məzmunu ilə bağlı qərarların verilməsi məqsədilə peşə təhsili prosesinin iştirakçılarının (təsisçilər, təhsilalanlar, təhsil verənlər, tədrisə köməkçi heyət, valideynlər və ya digər qanuni nümayəndələr) yer aldığı işçi qrupları yarada bilər.

Peşə təhsili müəssisələri təsisçisi tərəfindən təsdiq edilmiş, 5 ildən bir yenilənən strateji plan əsasında idarə edilir.

Peşə təhsili müəssisəsinin maddi-texniki bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” ilə müəyyən edilən standartlara uyğun olmalıdır.

Peşə təhsili müəssisəsi təhsilalanlar üçün yaşayış və tədris binalarına, yardımçı təsərrüfata, iaşə avadanlığına, idman meydançasına, idman zalına, sanitariya qovşaqlarına, kitabxana, oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət otağı, camaşırxana, paltar və ayaqqabıların təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət otaqlarına, nəqliyyat vasitələrinə malik olur.

Peşə təhsilinin infrastrukturuna qoyulan minimum tələblər aşağıdakılardan ibarətdir:

- ömürboyu təhsili təmin edən təhlükəsiz və rahat təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik təmirli binalar, yardımçı bina və qurğular, idman meydançası və ya zalı və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, sanitar qovşaqları və sürətli internet xidməti;

- əlilliyi olan şəxslərin inklüziv təhsilinin təşkili;

- işəgötürənlərin tələbləri və müvafiq müqavilələr əsasında müəyyən modul üzrə dərslərin qeyd edilmiş normalara uyğun olan müəssisə, idarə və təşkilatlarda yaradılan sinif otaqlarında keçirilməsinin mümkünlüyü.

Peşə təhsili müəssisələrində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi peşə təhsili pilləsində təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi əsasında aparılır.

Peşə təhsili pilləsində təhsilalanların səriştə səviyyəsi Milli Kvalifikasiyalar Çərçivəsinə uyğun olaraq, ixtisasın kvalifikasiya standartları əsasında hazırlanmış kurikulumlarda və ayrı-ayrı modullarda bilik, bacarıq və məsuliyyət (yanaşma) xüsusiyyətləri qeyd edilən təlim nəticələrinə əsasən müəyyən edilir.